Medianews.az
Hökumət insanların vəziyyətini NƏZƏRƏ ALMIR? - <span style=color:red>Minimal xərcləri qarşılamayan YAŞAYIŞ MİNİMUMU
136 baxış

Hökumət insanların vəziyyətini NƏZƏRƏ ALMIR? - Minimal xərcləri qarşılamayan YAŞAYIŞ MİNİMUMU

Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat müəyyən edilir. Bu, barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə rəyində deyilir. Rəydə növbəti il üçün ölkədə ehtiyac meyarı 285 manat kimi götürülüb. Yaşayış minimumu, öz növbəsində, ehtiyac meyarı əsasında müəyyən edilir. Məlumat üçün bildirək ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat məbləğində təsdiqlənib. Maraqlıdır, indiki iqtisadi reallıqlar fonunda 285 manat yaşayış minimum üçün yetərlidirmi? Bu məbləğ əslində nə qədər olmalıdır ki, bir insanın zəruri xərclərini qarşılasın? Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Vahid Məhərrəmov bildirib ki, Nazirlər Kabineti minimum əməkhaqqını hesablamaq üçün cəmi 500 adda mal-məhsulun siyahısını tərtib edib. Onun sözlərinə görə, həmin siyahıdakı gündəlik tələbat malları sırasında yalnız bəzi yeyinti məhsulları yer alır: “İnsanların ehtiyac duyduğu gündəlik tələbat malları arasında yeyinti məhsullarına xərclənən vəsait, digər tərəfdən müəyyən xidmətlər və sair müqabilində müxtəlif xərclər var. Buna misal olaraq sənaye, kommunal və sair xərcləri qeyd edə bilərik. Son bir neçə ildə hansı xərclərin artığını göz önünə gətirsək, real vəziyyəti təsəvvür edə bilərik. Elə götürək nəqliyyat xərclərini. Nəqliyyat xərcləri bu yaxınlarda 25 faiz artırıldı. Ondan əvvəl yeyinti məhsullarının qiyməti 50-70 faiz arasında artdı. Bundan başqa, minimum istehlak səbətində ət də nəzərə alınır. Ətin qiyməti son 2 ildə 25 faizə qədər artıb. Minimum istehlak səbətində kərə yağı da var. İl ərzində adambaşına 7 kiloqram və daha çox kərə yağı istehlak olunur. Kərə yağının qiyməti də son bir necə ildə 30 faizə qədər artıb. Eləcə də digər mal-məhsulları əksəriyyətinin qiyməti son 3 ildə 30-40 faiz, hətta daha çox artıb. Xidmətin qiyməti də 30-40 faiz artıb. Dövlət Statistika Komitəsi bu günlərdə rəsmi şəkildə açıqlayıb ki, ərzaq məhsullarının qiymətində artım var. Bütün bu bahalaşmanın fonunda minimum əməkhaqqını cəmi 50 manat artırmaq o deməkdir ki, hökumət insanların vəziyyətini nəzərə almır". İqtisadçının qənaətincə, indiki həcmdə minimum əməkhaqqı yalnız o adamlara şamil edilir ki, onlar müəssisələrdə işləyirlər: "Çoxsaylı əmək qabiliyyətli insanlar var ki, onlar heç bir yerdə işləmirlər. Bəs onların taleyi necə olmalıdır? Bununla da maraqlanmaq lazımdır. Digər tərəfdən, minimum əməkhaqqı alan insanlar sadəcə özlərini deyil, həm də ailələrini dolandırmalıdırlar. İşsiz olan ailə üzvünü və aşağı yaşlı əmək qabiliyyəti olmayan ailə üzvlərini dolandırmalıdırlar. Bu, onlar üçün çox ağır yükdür. Onların gündəlik gördükləri işləri, çalışdıqları saatı kimi ölçə bilir? Əksər halda bizim apardığımız müşahidələr göstərir ki, minimum əməkhaqqı alan insanlar gün ərzində 8-10 saat işləyirlər. Bunun müqabilində dövlət belə bir qanunu tətbiq etdiyi üçün onlara minimum əməkhaqqı verilir. Yəni, gördükləri işin müqabilində daha az əməkhaqqı alırlar. Bu da onunla bağlıdır ki, bu istiqamətdə rəqabət yoxdur. Yeni iş yerləri açılmır, mövcud iş yerləri və açılanlar az saydadır. Əmək bazarında isə çoxsaylı işsizlər var. Ona görə də bu fürsətdən istifadə edib işbazlar daha az əməkhaqqı verməklə özləri daha çox gəlir əldə edirlər. Bu da əhalinin ümumi təminatını ödəmir”. V.Məhərrəmov deyib ki, vəziyyət getdikcə daha da pisləşir: “Kənd təsərrüfatında, sənayedə istehsal zəifləyib. Baxmayaraq ki, hazırda statistik məlumatlarda bu sahələrdə artım qeydə alındığı göstərilir, amma idxala baxanda bilirik ki, istehsal zəifləyib. İnsanı stimullaşdırmaq üçün tələbatı artırmaq lazımdır. Yəni, minimum əməkhaqqı, pensiya artmalıdır və yeni iş yerləri yaradılmalıdır ki, işsiz adamlar işlə təmin olunsunlar. Belə olan halda real sektor da inkişaf edəcək. Real sektorun zəifləməsi onunla bağlıdır ki, Azərbaycanda əməkhaqqı artmadığı halda istehlak mallarının qiyməti sürətlə artır. Bu, həm istehsal, həm də əhalinin dolanışığı üçün ciddi problemdir”. Nailə QASIMOVA

Bizə qoşulun