2024-cü ilin yanvar-avqust aylarında Ermənistan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 8 milyard 982 milyon 51 min 900 dollar təşkil edib. Bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə iki dəfə çoxdur. Ermənistan Statistika Komitəsinin bu barədə yaydığı məlumata görə, 2023-cü ilin 8 ayı ərzində xarici ticarət dövriyyəsi 4 308 993 400 ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-avqust aylarında Rusiyadan Ermənistana idxalın həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 7 051 654 700 dollar təşkil edib. Ötən il eyni zamanda Ermənistana idxalın həcmi 1 910 650 400 dollar təşkil edib. Bununla yanaşı, bu ilin 8 ayında Ermənistandan Rusiyaya ixracın həcmi 1,3 dəfə azalaraq 1 milyon 930 milyon 397 min 200 dollar təşkil edib. 2023-cü ilin yanvar-avqust ayları üçün bu rəqəm 2 398 343 000 dollar təşkil etmişdi.

Maraqlıdır, əhalisi hər il kütləvi şəkildə miqrasiya edən kiçik Ermənistanın bu boyda potensialı, resursu necə yaranıb ki, Rusiya ilə ticarət dövriyyəsi ildən-ilə artıb? Ümumiyyətlə, bu iqtisadi artım realdırmı, ciddi iqtisadi əsaslandırması varmı? ABŞ, Fransa, Avropa İttifaqı ilə sıx inteqrasiya xətti quran Ermənistanın Qərblə tam əks qütbdə dayanan Rusiya ilə ticarət dövriyyəsinin artmasına səbəb nədir?
Mövzu ilə bağlı Medianews.az-a danışan "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, Ermənistan dövləti erməni xisləti ilə idarə olunur.

Alimin sözlərinə görə, hər bir erməni üçün insanlığa aid dəyərlər olmadığı kimi, Ermənistan dövlətində də siyasi əxlaqa aid heç nə yoxdur: “Ermənilər üçün ancaq maraq mövcuddur, onun hansı yolla reallaşdırılması şərt deyil. Baxın, indi guya Ermənistan Rusiyadan qopmaq istəyir. Lakin bu zaman Moskvaya qarşı çıxan İrəvan Rusiya ilə iqtisadi bağlarını dərinləşdirir. Sual olunur, əgər siz Qərbin istəyi və təzyiqi ilə Rusiyadan qopmaq istəyirsinizsə, bəs onda bu ölkə ilə iqtisadi bağlarınızı nədən bu qədər möhkəmləndirirsiniz? Bu hansı məntiqə uyğundur?”

Professor qeyd edib ki, Ermənistan gülünc bir formada idarə olunur: “Dövlətin başında dayanan Nikol Paşinyan eyni məsələ barəsində dünən verdiyi bəyanatı bu gün təkzib edir, ertəsi gün isə əvvəl söylədiklərinin tam əksi olan yeni fikir söyləyir. Bu siyasət adamından daha çox avantüristə xas ola biləcək bir xüsusiyyətdir. Ermənilərin Rusiya ilə bu şəkildə davranışını bildik. Bəs Rusiyaya on minlərlə sanksiya tətbiq edən Qərb nədən Ermənistanın Rusiyaya qarşı tətbiq olunan sanksiyaları bu şəkildə ayaqlamasına göz yumur? Deməli, Qərbin də dəyərləri qəlpdir. Harada ona necə lazımdırsa elə də işləyir”.

2024-cü ilin 8 ayında İrəvan və Moskva arasında ticarət dövriyyəsi həcminin 9 milyard dollara yaxınlaşmasına gəlincə, F.Yusifov bildirib ki, bunu mümkün edən səbəb Rusiya-Ukrayna müharibəsidir. İqtisadçı-alimin qənaətincə, Moskva-Kiyev münaqişəsi fonunda Rusiyaya xaricdən idxalı qadağan olunmuş mal və məhsulları Ermənistan öz ərazisi üzərindən daşımaqla Kremlə “ayı xidməti” göstərir: “Ermənistan sanksiyalarla idxalı Moskvaya qadağan olunmuş malları və ilk növbədə Rusiyanın hərbi sənayesi üçün bu gün hava-su kimi lazım olan məhsulları elə həmin sanksiyaları tətbiq edən ölkələrdən alıb öz ərazisinə gətirir. Sonradan onları başqa mal-məhsul adları ilə Rusiyaya ixrac edir. Bununla da Ermənistan Ukrayna müharibəsində Rusiyaya bənzəri olmayan bir xidmət göstərir. Rusiya öz hərbi sənayesi üçün zəruri olan bu məhsulların köməyi ilə istehsal etdiyi silahlarla Qərbin milyardlarla dollar həcmində maliyyə və hərbi yardımlar göstərdiyi Ukraynanın başına od yağdırır”.
Nailə QASIMOVA