Medianews.az
Sevişməyin halal olduğu anlar
450 baxış

Sevişməyin halal olduğu anlar

img1389634
Neftin pulları azalan kimi həm manat darmadağın oldu, həm də “Neftçi” futbol komandası. Belə çıxır neft olmasa biz futbol oynamağı da bacarmırıq. Əcaib durumdur. 
Gürcüstanda... Ardını yazmıram, özünüz bilirsiniz. Son illərdə şimal-qərb qonşumuz o qədər uğurlar qazanıb, o qədər mütərəqqi islahatlar aparıb ki, ağzımızı ayırıb həsədlə izləməkdən başqa çarəmiz qalmayıb. O üzdən, mən qəzet-jurnalda, internetdə “Gürcüstanda...” sözü ilə başlayan cümlə və xəbərləri artıq oxumaq istəmirəm.
Təxminən bilirəm ardıyca nə gələcək. Azərbaycanın Gürcüstandan geri qalmasının heç bir iqtisadi, sosial, etnik, siyasi, bioloji, hətta geoloji əsasları yoxdur. Bəs niyə geri qalmışıq? Ən böyük bədbəxtliyimiz geri qalmağımız da deyil. Tərsinə getməyimizdir. Gürcüstan üzünü Avropaya, sivil dəyərlərə tutub gedir, biz isə geriliyə, Asiyaya, monarxiyaya doğru.
Son dövrlər bu tema məni çox düşündürdü, Saakaşvilinin islahatlarına, həmçinin Elçibəyin islahatlarına aid çoxlu məqalə, kitab oxudum.
Məncə, bənzərlik heyrətamizdir. Saakaşvilinin 2003-cü ildə başladığı işi Elçibəy 1992-ci ildə görmüşdü. Niyə bizdə alınmadı, bunun da beynəlxalq dəstəkdən başqa ciddi səbəbini görmürəm. Sanki bizim bəxtimiz gətirməyib - bu tip mistik söhbətləri sevməsəm də ağlıma ayrı nəsə gəlmir. Yoxsa ki, Elçibəy hakimiyyətinin islahata başlayandan sonra, xüsusən 1 il sonra üzləşdiyi çətinliklər elə Saakaşvilinin də başına gəlmişdi. Ancaq beynəlxalq aləmin gürcülərə verdiyi dəstəyin onda birini biz görmədik. Əksinə, bütün dünya 3-4 qotur şovinistə görə üstümüzə axışırdı.
Nə isə, çox başınızı ağrıtmaq istəmirəm, bugünlərdə mənə bir dini kitabdan səhifələr göndəriblər, orda uşağı hansı vaxtlarda yaratmağın hikmətləri əks olunmuşdur. İstərdim uca millətimiz də bunları bilsin, mütləq əməl eləsin. Çünki hazırda üz tutub getdiyimiz istiqamətdə belə elmlər və helmlər çox nəzərə alınacaqdır. Bunlar bir növ bizim yol hərəkəti qaydalarımız, nizamnaməmiz, canım sənə desin, Şengen vizamız kimi bir zadlardır. Müqəddəs kitabın ismi-şərifini yazmıram, çünki hələ özüm bu dəryadan tam baş çıxara bilmirəm. Uzun sözün qısası, həmin əsərdən “Cinsi əlaqə üçün münasib olmayan vaxtlar” bölməsini əziz oxucularımıza çatdırmağı borc bilirəm:
Azan deyiləndən qabaq və iqamədən qabaq; bu əlaqənin nəticəsində dünyaya  gələn uşaq qan tökməyə meylli olar;
Dan yeri söküləndən Günəş çıxana və Günəş çıxandan onun qızartısı itənə qədər; Ay tutulan gecə və Günəş tutulan gün və həmçinin şiddətli külək əsən və zəlzələ baş verən gecə və gündüz cinsi əlaqədə olmaq düzgün deyil. Belə halların nəticəsində dünyaya gələn uşaqdan həmişə bəyənməz işlər müşahidə olunar.
Rəvayətlərdə gəlmişdir ki, şəxs səfərə çıxacağı gecə cinsi əlaqədə olmamalıdır, çünki bu, uşağın turist kimi böyüyəcəyinə səbəb olar.
Zarafat edirəm, kitabda belə demir. Deyir səfər qabağı əsası qoyulan uşaq israfçı olar. Bu haqda “Müştədrəkül-vəsail” əsərində də göstərilibdir. Gəl indi inanma. Davam edək, maraqlı şeylər çoxdur:
Ayın əvvəli, ortası və axırında cinsi əlaqədən yaranan uşaq dəli və ya ağılsız ola bilərmiş.
Lənət şeytana. Mən bunu heç anlamadım. Ayın əvvəli olmaz, ortası və axırı olmaz, zəlzələ vaxtı, külək əsəndə, yola çıxanda, Günəş olanda, Ay tutulanda olmaz, bəs haçan olar? Bu qədər çətin təqvimin içində momenti yaxalaya bilən adama “Cinsi qəhrəman” medalı düşür. İntəhası bədbəxtlikdən anı tutanda da gələ konstitusiya referendumu keçirilə. Bu zaman yaranan uşaq mütləq vələdüzzina kimi bir şey olacaqdır.
Beşinci bənddə deyir ki, şaban ayının ortasında nütfəsi bağlanan uşaq bədəxlaq və üzüqara olar. Ancaq şaban ayının axırında əkilən uşaq da zalımların dostu çıxırmış, camaatı qırıb-batırırmış. Fitr bayramı gecəsi yaranan uşaq xeyirsiz imiş. Nəhayət, ən pislərindən biri Qurban bayramı zamanı cinsi əlaqədən yaranan uşaq imiş, bunun altı, ya da dörd barmağı olurmuş.
İndi söz əlaqədar təşkilatlarındır.

Bizə qoşulun