Medianews.az
Tankın qabağındakı oğlanlar
383 baxış

Tankın qabağındakı oğlanlar

img1389634 Həyatımız öz tragikomik axarıyla davam etməkdədir. Şopenhauer azərbaycanlı olsaydı, bəlkə indiki günlərimizə baxıb “Dünya iradə kimi” əsərini ayrı cür yazardı, misal üçün, “Kim eşşəkdirsə, biz ona palanıq” şəklində. Ya da, “Ağa dedi, sür dərəyə” tipində. İradəyə nə verirlər? Heç nə. Ya da 10-15 il türmə. Başqa sitatlar da yerinə düşür, misal üçün, belənçik formada: “Kimin günahı yoxdursa, birinci gülü və şamı aparatın qabağına o aparsın”. Siz unuda bilərsiniz, mənim yadımdadır. Eh... İndi deyir nökərinizəm... Bəlkə ritorika dəyişməlidir? Misal üçün, hakimə belə deyə bilərdi: “Sən o yanındakı katibin canı, vəsatəti qəbul elə”. Ya da belə: “Sən o yanındakı qızın canı, telekanalizasiyamı qaytar”. Daha məlum deyil efir nökərin nəyinə lazımdır. Çağdaş, postmodern nökərçilikdir yəni? Ola bilər. Odur ha, özünü Nobelə namizəd itələyən rektorun keçmiş universitetindən təzə qələmqaş rektor 110 “ölü can” tapmadımı? Multikultural tip imiş sən demə. Hələ bu yetim sayılırdı, gör o birilərdə neçə saxta ştat cədvəli var. Metro Tağı demişkən, 40 ildir yeyib-içmədən maaşı yığıb 3 milyon dollara çatdıran oğlanların ölkəsindəyik. Baş prokurorluq deyir ki, keçmiş MTN-in başda Çovdarov olmaqla cəmi 4 əməkdaşının millətə atıb topladığı vəsait 34 milyon manat imiş. Millət deyəndə, 62 nəfərin soyulmasından söhbət gedir, adı dəftər-kitaba düşməyən nə qədərdir - şeytan bilir. Maliyyə naziri deyir ki, Beynəlxalq Bankın şefi 5 milyard manatı qapazlayıbdır. Qaçıb aradan çıxmış arvadının təkcanına 10 bank kartı olub, Avropa turnelərində, elə-belə gəzməklərdə arvadağanın cib xərci 18 milyon dollara çatıb. Bəh-bəh... Əlbəttə, hər zaman bir suç keçisi tapılacaqdır, respublikamız isə iri addımlarla irəliləyəcəkdir. Bacarana baş qurban. Çalış ələ keçmə. Yedin dadındır, verdin adındır, qaldı yadındır. Gör nə müdrik kəlamlar var e! Ləzzət. Birini də Əbülfəz Elçibəyin adından yazırlar. Bir dəfə bəy deyib ki, tankın qabağında dayanan oğlanlar, pulun qabağında dayana bilmədilər. Harda deyib, haçan deyib, hansı oğlanları nəzərdə tutubdur - xəbərim yoxdur. Çox romantik, bir az da populist kəlamdır. Bəyi az-maz tanıyan adam kimi onun belə afyorizm söyləməsinə inanıram. Puldan başı çıxmırdı doğrudan da. Pulun qüdrətini anlamırdı, bir çox idealistlər kimi. (Ya da özünü idealist tanıtdıranlar kimi - bunu da Elçibəyi sevməyənlər üçün balans olaraq bura cızaq). Yoxsa ki, tankın qabağında dayanan oğlanları elə həmin tankı pulla alan oğlanlar yıxar. Hər ikisi eyni oğlan olsa necə? Pulun varsa, ver tanka, dur qabağında, kefin istəyən qədər. Lap parad qayır. Ya da hərdən təpə-təpə oyunu keçirt. Elçibəy öz komandasını da yaxşı tanımayıb. Yoxsa tankın qabağında dayanan oğlanlar heç pul üzü gördülərmi ki? Demək olar hamısı elə o tankların altında, Qarabağda-filanda həlak oldular. Pulun qabağında dayana bilməyənlər əvvəldən tankın qabağına da çıxmamışdılar. Bax, o nökərlərin dini kitabdan uğurla çırpışdırdığı (din həmişə belələrinin işinə yarayıb, yetimin işinə yarasa daha nə din oldu?) məşhur sloqanındakı kimi, başqalarına “alnınıza döyüş yazılıb, haydı, igidlər” deyib həmişə qıraqda, kol dalında gizlənib pul yığırdılar. Azca yer qalıb, onu da keyfiyyətli pritça ilə dolduraq. Deyir bir gün Bernard Şou qadınlar haqda ağzını açıb, gözünü yumur, yazır ki, onlar hamısı fahişədir. Kraliça bundan qəzəblənir, deyir tutun Şou müəllimi paza keçirdin. Zarafat edirəm, orda kraliçanın belə hüququ 800 il qabaqdan əlindən alınıb, dərəbəylik ölkədir. Uzun sözün qısası, kraliça Bernard bəyi çağırır saraya, deyir niyə belə təhqir yazmısan, bizim milli-mənəvi dəyərlərimiz, mentalitetimiz vardır, bax elə mən özüm də qadınam, mən fahişə deyiləm axı, mənə neçə funt-sterlinq verərdiniz?". Şou deyir: “On min funt-sterlinq”. Kraliça qəzəblənir: “Niyə elə ucuz?”. Şou: “Əlahəzrət, bax, görürsünüz, siz də artıq qiymət danışmağa başladınız”.

Bizə qoşulun