Medianews.az
Putinin masası
374 baxış

Putinin masası

img1389634 Almaniyanı söydülər, öz telekanalizasiyalarında Almaniyanın dağılması haqda gülünc süjetlər verdilər, ancaq alman maşını Bakıda keçirilən yarışda birinci yeri tutdu. Utandılarmı? Qətiyyən. Utanmaq üçün utandıran ətraf, fərqli mühit olmalıdır. Ölkədə hamı bu cür demaqoqiya ilə, öz gözündəki tiri qoyub başqa gözdə tük axtarmaqla məşğuldursa, niyə utanasan? Tragikomediyanın pərdələrini endirməyə ehtiyac yoxdur, proses tam sürətiylə davam edir, hamı ləzzət alır, alqışlayır. Avropa Şurasından tutmuş azərbaycanlılara qədər. Təzəlikcə bir səhnəcik də oynadılar: 2006-cı ilin Nobel sülh ödülü yiyəsi, banqladeşli Məhəmməd Yunusu Bakıya gətirmişdilər. Bu Yunus mikromaliyyənin pionerlərindən sayılır. Banqladeşdə “Grameen” adlı bank qurub, kasıblara az faizli, kiçik kreditlər verir, onları yaşadır. Nə qədər məqsədə nail olub, deyə bilmərəm. Banqladeş BMT-nin insan inkişafı indeksində 142-ci yeri tutmaqla dünyanın ən kasıb ölkələrindən biridir - özünüz nəticə çıxarın. (Hətta Azərbaycan kimi zəif ölkə o göstəricidə 78-ci yerdədir). Ancaq hesab edək Yunus müəllim uğurlu adamdır. Bəs yapistlərin bu adamı ölkəmizə dəvət etməyə hansı sifətləri var idi? Bankların yüksək kredit faizlərindən əzab çəkən azərbaycanlılar intihar edirlər, ailələr dağılır, uşaqlar yetim qalır. Kənd təsərrüfatı ümumiyyətlə məhvə doğru gedir, iki-üç kəndli qalmışdı, onları da bu yaz dolu vurdu. (Bəyənmədikləri Ermənistan son illərdə yüzlərlə doludağıdan top alıb, kənd təsərrüfatını qoruyur, bizdə isə 1 ədəd də elə top alınmayıb, SSRİ-dən qalma dolu dağıtma sistemi çoxdan sıradan çıxarılıb, yapistlər isə Azərbaycanın pullarını mənasız bayramlarda fişəng almağa sərf ediblər). Bizdə qadının kredit alması ümumiyyətlə fantastika janrındadır. Bunları ona görə xüsusi vurğuladım ki, Məhəmməd Yunus-un əsasını qoyduğu bank kəndlilərə kredit verir, müştərilərinin 97 faizi isə qadınlardır! O üzdən, yaxşı olardı Məhəmməd Yunus aeroportdan düşüb şəhərə gələndə ona “Koroğlu” metrosu üstündəki körpünü göstərib izahat verəydilər ki, bizdə krediti qaytara bilməyib intihar edənlər əsasən bura çıxırdılar, indi polis postu qoymuşuq, sabitlik nəzarət altındadır, borclulara ip veririk, özlərini evdə asırlar, çünki evi bank əllərindən alır. “Ağası gülüm olanın, başına külüm olar” - bu məsəl isə Putinin bizim Qarabağ danışıqlarına ağsaqqallığı qara yumoruna aiddir. Sankt Peterburqda təzəlikcə Putin Azərbaycan və Ermənistan başçılarını toplayıb guya növbəti danışıq apardı. (Bir-iki nəfərimiz vardı, görüşdən qabaq özlərinə möhkəm əl qatmışdılar, az qala İrəvana girmişdilər. Ancaq artıq bu kuklalar heç kimdə maraq oyatmır, biz də fikir verməyək). Görüş şəhərin Konstantinov sarayında keçirilib, mənə ordan çəkilən foto çox maraqlı, simvolik gəldi. İstəsəniz özünüz də internetdə tapıb baxa bilərsiniz: çox yekə, dairəvi bir masanın bir ucunda Əliyev, o biri ucunda Sərkisyan əyləşmişdi, Putin isə tam ortada idi. Azərbaycan və Ermənistan prezidentləri bir-birindən o qədər uzaqda idilər ki, bəlkə Peterburqa getməyib Qafqazda bir-birini çağırsalar daha yaxşı danışardılar, səsləri eşidilərdi. Bu da aydın göstərir ki, əslində bu iki dövləti normal danışıq aparmağa, barışıq nöqtələri tapmağa qoymayan, düşmənçilik yayıb çirkin niyyətlərini həyata keçirən əsas dövlət elə Rusiyadır. Tarixən də belə olub - parçalayıb hökm sürüblər. Bizdən çox ermənilər rus dostluğundan ziyan görüblər, başa düşmürlər hələ ki. Maşa olmaq “xoşbəxtliyini” yaşayırlar. Görüş o qədər mənasız, məzmunsuz olub ki, Putin bilməyib nədən danışsın, axırda deyib Bakıda rus dilinə hörmətin qalmasından məmnunuq. Rəhmətliyin oğlu, bizdə öz dilimizdən başqa hər dilə hörmət var, sən ondan narahat olma. Sən de görək atəşkəsi növbəti dəfə haçan pozub kasıbların uşaqlarını qırğına verirsən. Qafqaz xalqlarında tək-tək ölmək ləzzət vermir, gərək tayfa-tayfa qırılaq, bəla elnən gəlsin, toy-bayram olsun.

Bizə qoşulun