Medianews.az
Ağdaşı xatırlamaq
297 baxış

Ağdaşı xatırlamaq

img1389634 İki-üç gün qabaq poçtuma Qazax rayon bələdiyyəsinin üzvü Azər Məmmədovdan məktub gəlmişdi. Azər bəy Qazağın icra hakimiyyəti başçısı Ayaz Əsgərovdan şikayətlənirdi, yazırdı ki, başçı korrupsiya ilə məşğuldur, prezidentin rayonda abadlıq, yol çəkilişi üçün ayırdığı pulları saxta tenderlərdə öz şirkətlərinə ayırır, mənimsəyir. Məmmədov bunu isbat eləmək üçün iki tenderin sənədlərindən çıxarışı da yollamışdı. Mən bu məktubu başqa aktual mövzulara görə ləngitdim, dünən isə xəbər lentində həmin icra başçısının işdən çıxarılması haqda sərəncamı görəndə özümü qınadım: “Vaxtında çap etsəydim, indi lovğalanmaq da olardı, lap o köhnə qəzetlərdə deyilən kimi, biz yazandan sonra tədbir görüldü rubrikası olardı”. Atalar demişkən, karın könlündəki... Sonra başqa sərəncam gördüm və öz düşüncələrimə gülməyim gəldi: Ayaz Əsgərov Yardımlıya icra başçısı təyin olunmuşdu. Ölkəmizdə belə şeylərə çox rast gəlmək mümkündür. O üzdən heç nə dəyişilmir. Dünən “Yeni Müsavat”da Ağdaşda təkrar deputat seçkisinə aid reportaj oxudum. Orada deputatlığa namizədlərdən biri YAP-çı, rayon icra hakiminin müavini Osmanov imiş. Müxbirlərimiz onun icra hakimiyyətini “yarıtdığını”, indi deputat olmaq arzusunu tənqid eləmişdilər, ancaq yazı mənim diqqətimi başqa yöndən çəkdi. Yazıda Ağdaş camaatının pis yaşamasından, saysız problemlərindən danışılır, bir neçə kəndin adı xüsusi vurğulanırdı. Bu kəndlər Eymur, Ağcaqovaq, Yenicə və sairə idi. Kəndlərin adı mənə tanış idi, çünki 2003-cü ildə Ağdaşın bu hissələrini, yalan olmasın, qarış-qarış gəzmişəm. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi, başda Mirvari Qəhrəmanlı olaraq, Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilişi üzrə monitorinq aparırdı, məni də jurnalist kimi projeyə dəvət etmişdilər, həm də 2003-cü ilin seçki sonrası repressiyalarından baş götürüb əyalətə sığınmışdım. Gələcəkdə kəmər keçəcək bütün kəndləri dolaşıb camaatın güzəranı ilə, kəmər düşən torpaqlara görə nə qədər ödəniş aldıqları ilə maraqlanırdıq. İndi baxıram ki, 13 il ərzində heç nə dəyişməyib, hətta daha pis olub. İnsanlar faktiki neft kəmərinin üstündə oturublar, ancaq beş qəpiklik qazancları olmayıb. Yenə həmin dağılmış yollar, xaraba evlər, borc dəftərləri, susuzluq, təhsilsizlik, xəstəliklər, korrupsiya, dərəbəylik... Halbuki, 2003-cü ildə o kəndlilər gələcəyə, böyük neft pullarının ölkəmizə axacağı günlərə necə ümidlə baxırdılar. Ancaq belə olacağı o vaxt da bilinirdi. Qaratikan əkəndən sonra armud dərə bilməzsən. Monitorinq zamanı üzləşdiyimiz iki faktı yazmaq istəyirəm. Bir gün həmin Ağdaşda, ya da Ucarda - dəqiq xatırlamıram - kəndləri gəzib həyətyanı sahəsindən kəmər keçəcək adamları danışdırırdıq, rayon polisi və MTN bizi saxladı. Dedilər camaatla danışmağa ixtiyarınız yoxdur. Gördüm başqa yolu yoxdur, “saxtakarlıq” etməsək bütün foto çəkilişləri, səs yazıları əlimizdən alınıb məhv ediləcək, özümü beynəlxalq neft korporasiyaları ilə əməkdaşlıq edən xarici jurnalist kimi təqdim elədim. Bundan sonra rədd olub getdilər rüşvət yığmağa. Ağdaşın Ləki (ya da Orta Ləki - bu da dəqiq yadımda deyil, təəssüf ki, monitorinq yazılarını da arxivimdən axtarmağa vaxt olmadı) kəndinə isə 2003-cü ilin noyabrında getmişdik. Bütün ölkəni bürüyən repressiyanın amansız dişlərini qıcırtdığı, yüzlərlə müxalifətçiyə türmələrdə işgəncə verilən günlər idi. Kəndin ortasında klub kimi yer vardı, biz taksidən düşəndə gördük ki, icra nümayəndəsi bir dəstə adamı əsir kimi qabağına qatıb həmin salxaq binaya aparır. Soruşduq, dedilər bunlar kəndin müsavatçılarıdır. İsa Qəmbərə səs verdikləri üçün kluba toplayırlar, hamısından partiyadan imtina ərizəsi alacaqlar. Hamısı videokamera qarşısında hakimiyyətə yaltaqlanmağa məcbur ediləcəkdi. Elə yerlər 13 il yox, 130 il də neft kəməri üstündə otursa, ağ gün görməz. Adı Ağdaş olsa da.

Bizə qoşulun