Medianews.az
Heroin standartı
316 baxış

Heroin standartı

zamin yeni raz Hakimiyyətin ASAN-Xidmət-lə qürur duymasının özünü ifşa olmasından dəfələrlə yazmışıq. Əgər dövlətin başqa orqanları yaxşı işləyirdisə, bunu yaratmağa nə ehtiyac var idi? Axı ASAN-xidmətin funksiyalarının bir çoxu, demək olar hamısı paralel olaraq başqa dövlət orqanlarında qalır. Ancaq hər halda uğurlu idarədir - gərək insafla danışaq. Biz elə bir nəsili təmsil edirik ki, 3 gün qabaqdan “OVİR”in qabağında xarici pasport növbəsinə durardıq. O ağır illər elə uzaqda deyil, cəmi 6-7 il qabağa qədər belə idi. Adamlar pasport almağa yorğan-döşəklə gedir, növbədə yeyir, növbədə tualet ehtiyaclarını ödəyirdilər. Bəzi insanlar pasport növbəsində doğurdular. Bəziləri növbədə ölürdü. Bu yaxında yolum o tərəfə düşmüşdü, instinktiv olaraq getdim divarın dibində növbə tutdum. Özümdən asılı deyildi. Orda milyonlarla insanın pasport uğrunda qan-təri axmışdır. Vaxt gələcək, oraya xatirə lövhəsi, pasport alıb Azərbaycandan qaçan adamın heykəli qoyulacaqdır. Naməlum pasport alanın şərəfinə əbədi məşəl yandırılacaqdır. O gün uzaqda deyil! Ancaq bu gün məqsədim ASAN-ı reklam etmək deyildir, çünki bu çox asan işdir. Maşallah, indi ölkəmizdə yaltaqlıq da asanlaşmışdır, əgər qabaqlar insanlar bir neçə yerə girməli olurdusa, hazırda bunun vahid pəncərə sistemi hazırlanmışdır. Əsasən bir obyektə yaltaqlanmaq bəs edir. Uzun sözün qısası, may girər-girməz xəbər lentində gözümə belə informasiya dəymişdi: “Dövlət başçısının 27 aprel 2016-cı il sərəncamı ilə ”Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" qüvvəyə minibdir. Milli Fəaliyyət Planına əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları 2016-2018-ci illərdə “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir". Anlaşıqlı yazsam, bu plan ASAN idarəsindəki iş mexanizminin başqa dövlət orqanlarına da tətbiqini nəzərdə tutur. O gündən bəri düşünürdüm ki, görəsən dövlət idarələri “asanlaşmaq” üçün nə edəcəklər? Misal üçün, hər nazirlik özünə bir avtobus alıb rayonları gəzəcəkdirmi? Təsəvvür elə, oturmusan Şəmkirdə, yolun qırağındakı arxda Rusiyaya vurmaq üçün petruşka dəstlərini yuyursan, bir də görürsən qabağında hərbi komissarlığın avtobusu dayandı, səni basdılar içəri, birbaşa cəbhə xəttinə... Yaxud, Təhsil Nazirliyi Mil düzündə palatka qurub yaxın kəndlərin uşaqlarına repetitor kursları təşkil edəcəkdir. Gömrük Komitəsinin öz radiosu olacaq, sərhəddən mal keçirə bilməyən tacirlər istəsələr orada Hayko Çepkin-in “Ben insan deyilmiyim”, Burcu Furtun-un “Sənmi çürüdün” şarkılarını, lap özümüzə gəlsək, Mətanət İsgəndərlinin “Nəğmə olub gecələr” mahnısını sifariş verərək “Qırıq körpü” məntəqəsinin önündə rəqs edə bilərlər. ASAN-xidmət hansısa mənasız vətəndaşlıq sənədlərimizi - o sənədlər ki, arxasında dövlətin heç bir hüququ, qanunu dayanmır - nisbətən növbəsiz verməsi, avtobusu və radiosu ilə məşhurdur, bəlkə ayrı nəsə var, mən bilmirəm? Onun hansı standartlarını başqa dövlət orqanlarına tətbiq eləmək olar? Bəlkə polis idarəsi camaatın uşaqlarını “bir qram nəşə” sistemi ilə, beş dəqiqənin içində tutub dama salacaqdır? Hər halda, 2 fəal gənci heykələ qarşı vandallığa görə tutub ciblərinə narkotik basmaqları ASAN-xidmətin sürət standartlarına uyğundur. Diqqət elədim, özü də müxtəlif ərazilərdə tutulan bu iki gəncdən tamamilə eyni miqdarda narkotik maddə heroin “çıxmışdır”: ciblərindən 2 qram, evlərindən kilo yarım. Cəmi 3 kilo 4 qram. Özü də bunlar heykəli 10 mayda boyayıblar, 11 mayda tutulublar, 12 mayda 4 aylıq həbs və ittiham alıblar. Necə sürətlidir. Əsl ASAN-xidmətdir. Əhsən. Gözüm yaşardı. Fikrim var mən də gələcəkdə ASAN standartına keçim. Avtobusla rayonları gəzib hörmətli oxucularım üçün evlərində yazılarımı oxuyacağam.

Bizə qoşulun