Medianews.az
Bunun qarşısı
165 baxış

Bunun qarşısı

zamin yeni raz
“Əgər bu xəbəri tək bircə Kərbəlayı Mirzəli gətirmiş olsaydı, ola bilərdi birdən-birə inanmayaq; çünki ağıla sığmaz ki, bu qədər adam birdən gəlsin kəndə. Niyə? Nə səbəbə? Kəndi çapıb talamayacaqlar ki? Və bir də nə belə vacib iş düşüb ki, bu qədər adam elə hamısı birdən gəliblər kəndə?” 
 
(Mirzə Cəlil, “Danabaş kəndinin məktəbi”)
Aha, tam vaxtı gəlib çatmışdır. Bunu bilmək çox asandır. Elə ki polis naziri, ya da onun müavinlərindən biri “Bunun qarşısı qətiyyətlə alınacaqdır” başlığı ilə açıqlama verirsə, demək, Azərbaycanda seçki keçirilir. 25 ildir belədir. Dünən də xəbər lentlərinə daxili işlər nazirinin müavini Oruc Zalov müəllimin şəkli altında məhz bu başlıq qoyulmuşdu: “Polis bunun qarşısını qətiyyətlə alacaq”.
Özü də heç yazının içini oxumağa ehtiyac yoxdur. Hamı arifdir, işarədən anlayır ki, “bunun” deyiləndə nə nəzərdə tutulur. Eynilə, indi lazım işləri üzrə general olan Zakir müəllim vaxtilə daxili qoşunların şefi olarkən “Bizdə sümükqıran itlər var” deyəndə uca millətimiz bunu “Qarşıdan prezident seçkiləri gəlir, hamı seçkilərə!” şüarının anonsu kimi qəbul eləmişdi.
“Bunun” ayrı nə ola bilər? Ayrı heç zad. Polis quldur tutanda bu haqda “tərəfimizdən aşkar edilib götürülmüşdür” bəyanatı verir. “Bunun qarşısı alınacaq” ancaq seçki keçiriləcək anlamındadır.
Yeri gəlmişkən, hələ “bunun qarşısı alınacaq”dan iki gün qabaq YAP sədrinin müavini Səyavuş müəllim partiyanın deputatxana siyahısının hazırlanması haqda danışmışdı. Lakin yüz dənə deputat, iki yüz dənə deputatlığa namizəd, üç yüz seçici, dörd yüz müşahidəçi yığışıb gəlsin, brifinq keçirsin - mənası yoxdur, biz seçkiyə start verildiyini düşünmərik. Hətta Məzahir Pənahov MSK-nın qabağında çörəyə and içsə yenə inanmarıq. Mütləq “bunun qarşısı alınacaq!” açıqlaması olmalıdır. Bu, bizim seçkilərin birinci maddəsidir. Preambula hissəsidir. (Savadlı adamam, hələ ambulatoriya sözünün də mənasını bilirəm. Qədim yunanca “lentini prezident kəsməyən cumbulu xəstəxana” deməkdir).
Əlqərəz, Oruc müəllim düyməni basdı, biz də gedək seçkiyə hazırlaşaq. Hökumət də Oruc müəllimin icazəsindən sonra möhkəm əl-ayağa düşübdür. Şıdırğı iş gedir. Əfruz xalanı səhərlər əlində ştanq AzTV-dən MTN-ə qədər qaçan görüblər. Çünki heç bir seçki Əfruz xala tipli müəllimələr olmadan keçirilə bilməz. “Əfruz xalalar” bizim seçkilərin dayağıdır, dirəyidir, özülüdür, bazisidir və hətta üstqurumudur! (Gərək insan savadlı olduğunu vaxtaşırı gözə soxsun, yoxsa heç kim hörmət qoymur. Bir dəfə metro polisi məni saxlayıb sənəd istəyəndə “sənə qarşı preventiv tədbirlər görəcəyəm” demişdim, dərhal buraxdı, dedi sən Allah rədd ol get, xatanı-balanı bizdən uzaq elə).
Prezident Administrasiyası şefinin müavini Zeynal Nağdəliyev də iclas keçirib taksi şoferi qovan nəqliyyat müfəttişi kimi qabaqdan tozanaqla gələn deputatxana seçkisi mövzusuna toxunubdur. Deyir prezident tapşırıb, gərək seçkilər şəffaf olsun.
Anlamadım, guya bizdə seçkilər indiyə qədər nə cür olurdu? Belə şübhəli, özünə inamsız bəyanatların mənası nədir? Hətta əlim qurusun yazdığım yerdə, adamda şübhə yaranır ki, bəlkə də Zeynal müəllim beynəlxalq imperializmə xidmət edir. Bəlkə də onun Çində ağqvardiyaçı qohumları vardır. Ya da uşağı məktəbdə müsavatçı uşağına dərslərini hazırlamaqda kömək göstərir. Yoxsa “seçkilər şəffaf olmalıdır” nə sözdür? Bəyəm biz zənciləri prezident qoyub eşşək kimi işlədən amerikalıyıq, ya dağılan Almaniyada yaşayırıq? Qətiyyən. Biz çiçəklənən Azərbaycanımızın sakinləriyik, burda isə seçkilərin qeyri-şəffaf olmasını kimsə deyə bilməz. İndi bir şey ki, qabaqlar həmişə şəffaf olubdur, bu il təzədən nə cür şəffaf olacaqdır?
Fikirləşirəm bəlkə Oruc müəllim “Bunun qarşısı alınacaqdır” deyəndə elə Zeynal müəllimi nəzərdə tuturmuş. Çünki şəffaflığa başqa pis gözlə baxan hələlik qeydə alınmayıbdır. Özünüzü yığışdırın, Balıq Hafiz demişkən.

Bizə qoşulun