“Hanı sizin ”yox"unuz? Buyurun, mənə deyin ki, insan insana bu qədər hissiyatsız yanaşmaz. Bəyəm siz bunu öyrənməmisiniz? İnsan siması altındakı hər şeyə həmrəylik? İnsan ləyaqəti? İnsan həyatına müqəddəs münasibət?"
(Bernhard Şlink, “Qiraətçi”)
***
Azərbaycan futbolçularının həyatda elə bir uğurları olmayıb. Haçansa it ilində “Neftçi”nin SSRİ çempionatında bürünc medal almağı ilə öyünərdik, amma yanılmıramsa ermənilərin “Ararat”ı iki dəfə çempion olmuşdu. O cümlədən, Vəli Qasımovun hansısa üçüncü sort İspaniya, ya da Portuqaliya klubunda oynamağına öyünəndə burnumuzun ucundan uzağı görsəydik adlı-sanlı Avropa klublarında 300 gürcü futbolçunun oynadığını da görərdik.
Yeri gəlmişkən, əsl idmançılarda insani əxlaq da güclü olur. Örnək üçün, hazırda gürcülərin naziri işləyən, keçmiş “Milan”lı Kaxa Kaladze əxlaqında neçə idmançımızı göstərə bilərsiniz? Gürcülər onun doğma qardaşını girov götürüb öldürdülər, amma o, bir dəfə də xalqına “ağız atmadı”, əksinə, humanitar fond yaradıb gürcü qaçqınlarına yardım elədi. Bizimkilər polisdə işə düzəlib adam döyməyi, idiot maşınlar alıb forslanmağı, kamera önündə yaltaqlıq, telekanalizasiya verilişlərində meymunluq eləməyi bilirlər.
Təzəlikcə xəbər yazılmışdı: Ağcabədinin icra başçısı rayon stadionunu kimlərəsə satıbdır. İndi orda biznes obyekti tikirlər. Qəzet buna görə icra başçısını tənqid eləmişdi, ancaq mənim mövqeyim tamam əksinədir. Orta məktəbi Misir müəllimin vaxtında oxumuş uşaqlar deyən kimi, “mövqeyim 360 dərəcə fərqlənir”. Məncə icra başçısı o stadionu satmaqda düz eləyir. Nəyə gərəkdir axı? Biz azərbaycanlılara idman eləmək yaraşmır.
Qol vura bilmirlər, amma jurnalist vurdular. Ölənə qədər vurdular. Jurnalist Rasim Əliyevin qətli xəbərlərinin hamısını oxuyuram. Tragikomediya bilirsinizmi nədədir? Polis altı nəfərə yaxın şəxs saxlayıb, məlum olur bunların hamısı futbolçudur. Biri haçansa oynayıb, biri indi də oynayır və sairə. Eyni zamanda, Əliyevin xəsarətləri haqda həkim rəylərini oxuyanda dəhşətə gəlirsən, çünki insanda bir sağ yer qoymayıblar. Futbol topu kimi təpikləyiblər. Əliyevin daxili orqanları hamısı zədələnibmiş. Sanki topa vura bilmədikləri təpikləri insana vurmağa fürsət gəzirmişlər. “Nə olsun topla bacarmırıq, səninlə bacararıq” - cinayətkar məntiq, psixiatrik alt şüur yönləndirməsi budur.
Hərçənd, “öz işimizi bacarmasaq da, səni əzməyi bacararıq” həyat xətti, cəngəllik məntiqi bütün azərbaycanlılarda var. Az, ya çox miqdarda, amma hamımızda var. Gəlin yaxamızı qırağa çəkməyək, əks halda ölkəmiz bu cür miskin kökdə olmazdı. Elə bayaq Rasim Əliyevin həkimlərindən yazdım, siz onların, o cümlədən Azərbaycan həkimlərinin bu hadisə haqda rəylərini, internetdəki şərhlərini oxudunuzmu? Biabırçılıq idi. Həm həkim, həm insanlıq adına. Həkimlər elə leksikonla şərhlər yazırdılar ki, sanki bunlar Dərnəgül ət bazarında qəssab işləyirlər. (Ordakı yetərincə normal danışan qəssablardan müqayisəyə görə üzr istəyirəm). Əslində mən o həkimləri çoxdan qiyabi tanıyıram. Bir dəfə Seymur Baycan səhiyyəmiz haqda ümumiləşdirici stildə bir tənqid yazmışdı, məhz bu həkimlərimiz sosial şəbəkədə Seymur bəy haqda elə söyüşlər yazmışdılar ki, oxuyanda adamın əli üzündə qalırdı. Başa düşürdün ki, bunlara canını etibar eləmək baş prokurora qanun etibar eləmək kimi təhlükəli bir şeydir. Adamın canını “uf” demədən alarlar.
Eyni kökdə jurnalistikamızdır. Hər yüz dilənçi, yaltaq yazara nisbətdə 1 normal yazar tapsan sevinərsən. Və həmin yaltaqlar elə həyasızlıqla söz azadlığından, dövlətimizin mənafeyini qorumaqlarından-zaddan dəm vurarlar qalarsan yana-yana. Hökumətə bir söz yaza bilməzlər, amma sənin gözünə qələmi soxarlar.
Çünki bu ölkədə qiymət verilən əsas cəhət peşəkarlıq deyil, həyasızlıqdır. Yaşamaq istəyirsənsə, həyasız olmalısan. Hər günümüz, hər ilimiz bir həyasızlıq ölçüsüdür. Əgər Rasim Əliyev öldürülməsə dünən 31 yaşı olacaqdı. Mənim 42 yaşım var. Mən hazırda 11 il daha həyasızam.
