Medianews.az
Aşkarlıq dövrü
229 baxış

Aşkarlıq dövrü

zamin yeni raz “Mən bu kitabı oxuyan dərvişin yanından keçirdim. - Ah, yaramaz kafir! - o qışqırdı - Sənin üzündən mən çaşdım, saydığım saitləri qarışdırdım, indi mənim ruhum dovşana keçəcək, halbuki mən ümid edirdim ruhum tutuquşuya keçəcək. Mən dərvişi sakitləşdirmək üçün ona bir rupi verdim" (Volter, “Bir türkün dərvişlər və dostu Bababəy haqda məktubu”) Jurnalistlərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu respublikamızda milli mətbuatın sən demə 140 yaşı tamam olurmuş. Açığı, bu 140 ildə öz missiyasını - həqiqətə xidməti axıra qədər qoruyub saxlaya bilən 14 media orqanımız olubmu, mən bunu saymaqda çətinlik çəkdim. Amma qayğı doğrudan var. Məsələn, evsiz jurnalistlər bir-iki tənqid yazıb Kürdəxanı zindanında ayrıca kamera ilə mükafatlandırıla bilərlər. Pulsuz jurnalistlərə pul, yolsuz jurnalistlərə yol verilir. Hətta istəsən hökumət sənin əvəzindən yazı göndərər, dərc edərsən. Sonuncu sizə şişirtmə kimi gəlməsin. Məxfi göndərilən yazı-pozuları da nəzərdə tutmuram. Tam açıq şəkildə belə işlər var. Örnək üçün, hətta dövlətin və yapistlərin qəzetləri də prezidentin tədbirlərinə adətən buraxılmır, onların əvəzindən AzərTAc reportaj hazırlayır, göndərir, onlar da səhifəyə qoyurlar. Ta adama nə gərəkdir? O klassik filmdə deyilən kimi, istəsən “səndən ötrü texnikuma da girirlər”. Amma ağıllı siyasət belə olmur. Tənqidləri, pislikləri, problemləri ört-basdır eləməklə dövlət siyasəti qurmaq ancaq avtoritar, totalitar sistemlərə məxsus müvəqqəti uğur görsənişidir. Bu, çürük ağaca zər-ziba bağlamaqdır, yüngülvarı küləkdən yıxılacaq. Neftin müftə pulları sel kimi gələndə bu gopçuluğu yaxşı, yağlı şəkildə davam etdirmək olurdu, indən belə çətin olacaq. Dünən mən “Azadlıq Radiosu”nun saytında bir rəqəm gördüm: “Azərsun” şirkətlər qrupunun 2014-cü ildəki gəlirləri azalaraq 300 milyon manat olubmuş. 2013-cü ildə təxminən 358 milyon imiş. Pul niyə azalıb, bəlkə şirkət gəlirləri gizlədir, bunun həqiqi yiyəsi kimdir tipli sualları hələ qırağa qoyuram. (Prinsipcə, qırağa qoymayıb yazsam, özüm qırağa qoyularam. Elə keçən il həbs edilən jurnalist Xədicə İsmayılın bir araşdırması bu Azərsunun hakimiyyətdə kimə məxsusluğu haqda deyildimi?). Mənə qeyri-neft sektorunun inkişafı haqda nağıllar maraqlıdır. Bəs bu inkişaf hanı? Elə həmin məqalədə Azərsun-a məxsus şirkətlərin adları verilmişdi. Təsəvvür edin, bu, respublikanın ərzaq istehsalı, idxalı, tikinti, nəqliyyat, ticarət, kənd təsərrüfatı, yüngül sənaye, loqistika və sair iqtisadiyyat sahələrini əhatə edən böyük şirkətlər qrupudur, bunların bir çoxunda isə sırf inhisarçıdır. Mən ərinmədim, saydım: Azərsun qrupuna daxil olan şirkətlərin sayı 23, qrupla bu və ya digər səviyyədə əlaqəli şirkətlərin sayı isə 26 imiş! Yəni, ölkənin 50 zırpı və monopolist şirkətinin illik gəliri 300 milyon manatdan çox deyilsə, hansı inkişafdan, hansı analoqu olmayan iqtisadiyyatdan danışırlar? Yeri gəlmişkən, bizimkilər tez-tez Almaniyanı dağıdırlar, bundestaga üçrəngli bayrağımızı taxırlar, şanlı orudumuz tez-tez Berlin küçələrində parad keçirir, o üzdən mən kiçik bir müqayisə aparmaq istədim. Heç də böyük alman şirkətləri ilə yox, adi karandaş istehsalçısı Faber-Kastel-lə. Bu alman şirkətinin keçən ilki gəliri 600 milyon avroya yaxın olub. Manata çevirsək 680 milyon manat edir. Təkcə qələm satmaqla sənin bütöv şirkətlər qrupunu cibinə qoymağa imkanı çatan ölkəni hədələmək də taleyin bir ironiyasıdır. Elə mənim mətbuat günündə qələm satan firmadan misal gətirməyim də taleyin başqa ironiyasıdır. Neyləyək, bizimki də belə gətirib: ancaq ironiya eləyirik. Əlimizdən başqa bir iş gəlmir. Hərçənd, dövlət rəhbərliyinin mətbuata və informasiyaya bu qədər açılması yaxşı perspektiv vəd eləmir. Bir tanış var, həmişə mənə deyirdi ki, prezidentin ətrafı ona yanlış məlumat verir. Keçən dəfəki müşavirədən sonra isə təəssüflə belə söylədi: “Təyyarə biletlərinin, dərmanların baha satılmasından tutmuş, hər məmurun bir biznesə krışalıq eləməsinə qədər hər şeyi bilirmiş”. Bəs indən belə narazı insanları necə yola verəcəklər? Yəni, “xəbərim yoxdur” siyasəti məncə daha uğurlu idi. Ancaq onu da anlayıram ki, neft pulu azaldığından “xəbərim var” dövrünə keçid məcbur idi. Bir növ, SSRİ-nin axırlarındakı aşkarlıq dövrünü yaşayırıq. Sonda onu da qeyd edim ki, indiki qloballaşan dünyada “milli mətbuat” termini özü gülünc arxaizmdir. Sən qüsurları yazmayıb qadağan edərsən, başqa ölkələrdə sənin haqqında yazıb məsxərəyə qoyarlar.

Bizə qoşulun