Bu qədər yol asfaltlanır, körpü tikilir, tunel qazılır, yol ötürücüsü düzəldilir, metro stansiyası açılır, yol qovşaqları yaradılır, di gəl, paytaxtın ayağını, başını bir yerə yığmaq olmur ki, olmur.
Yol polisinin evakuatorları dayanma-durma qaydalarını pozan maşınları gecə-gündüz cərimə meydançalarına daşıyır, cərimələyir, amma küçələrdəki sıxlığı azaltmaq, nəqliyyatın hərəkətini tənzimləmək heç cür mümkün olmur. Hər tərəfdə sıxlıq, hər yanda basabas, tıxacdır.
Meqapolis saxlamaq çox çətin iş imiş. Xüsusilə də bu meqapolis həm neftdən gələn milyardlardan öz nəsibini alaraq böyüyürsə, həm də işsizlikdən, imkansızlıqdan paytaxta sığınan insanların hesabına günbəgün dolursa, onu idarə etmək olduqca çətindir.
Bəzən şişirdərək deyirlər ki, ölkə əhalisinin tən yarısı Bakıdadır. Əvvəllər bu, bir qədər həqiqətə uyğun olmayan qənaət kimi görünə bilərdi, amma yollara, küçələrə, şəhərətrafı qəsəbələrə, orada məskunlaşan yüz minlərlə insana baxırsan və bu rəyə gəlirsən ki, elə olar, Bakı ən azı 5 milyona yaxın adamı qanadının altına alıb.
Əyalətlərdən insanların axışıb paytaxta gəlməsinin olduqca təbii səbəbləri var: iş, çörək, dolanışıq dərdi, övladların təhsili, qaz, işıq, su kimi təbii ehtiyacları ödəmək arzusu və s. Rayonlardakı çatışmazlıqlar insanları paytaxta üz tutmağa vadar edir.
Hamının bir yerə yığılması isə çoxlu problemlər yaradır: elektrik xəttinin yüklənməsi, yolların tıxanması, qaz təchizatında problemlər, təhsil ocaqlarının çatışmazlığı və sair və ilaxır.
Proses davam edir. İctimai həyata atılmış gənclərin hansısa bir yolla ilişib paytaxtda - əyləncə, komfort, qazanc vəd edən şəhərdə qalması halları ilə yanaşı, hər gün yeni-yeni ailələrin burada məskunlaşması prosesində də fasilə yoxdur. Rusiyada, Ukraynada yaxşı qazanc əldə edən, özlərinə dolanışıq düzəldən yüz minlərlə kənd adamı bir müddətdən sonra vətənə dönəndə öz doğulduğu kənddə ev tikdirmir, məhz paytaxtdan ev alır.
Adam bir neçə il sonranı düşünür, dəhşətə gəlir. İndinin özündə paytaxtdan 15-20 kilometr kənarda yaşayan insanlar şəhərə girmək üçün bir-iki saat vaxt itirirlər. İki ildən sonra şəhərə daxil olmaq ümumiyyətlə mümkün olmayacaq.
Göydələnlər, ikimərtəbəli yollar və sair müasir şəhər infrastrukturları bu axının qarşısında dayanmaq, artan tələbata cavab vermək gücündə deyil. Bakıya rahatlıq dalınca gələnlər həm özlərini, həm də paytaxtın köhnə sakinlərini sıxıntıya salmaqdadırlar.
Ən pisi odur ki, paytaxtda yaranmış və gündən-günə ağırlaşmaqda olan problemi hamı görür - ölkə rəhbərliyi də, şəhər təsərrüfatının başçıları da, əlaqədar strukturlar da.
Bəlkə də bəzi toplantılarda bu barədə müzakirələr gedir, həll yolları axtarılır, ancaq açıq-aydın görünür ki, qəbul edilən qərarlar da, həyata keçirilən tədbirlər də yetərli deyil.
Heç insanların bu sıxlıqdan, basabasdan, bezdirici durumdan usanıb geriyə köç dalğasına qapılacaqlarını da gözləmək əbəsdir. Belə şey olmayacaq.
Ali məktəblərin, bir sıra iri müəssisələrin, hətta nazirlik və sair dövlət strukturlarının paytaxtdan kənara çıxarılması kimi layihələrin də sözü gedən problemin həllinə faydası çox olmayacaq. Boşalmış yerlər sürətlə tutulacaq.
Bu günü 10 il öncədən görmək, uzaqgörən olmaq lazım idi. O zamanlar paytaxtda görünməmiş tikinti bumu yaşananda çox şeyləri həll etmək olardı. Ölkədə ikinci bir böyük şəhərə, inzibati mərkəzə ehtiyac vardı. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Almatının on il sonrasını gördü və ölkəsinə yeni, daha gözəl, daha rahat, daha abad bir paytaxt (Astana) saldı. Biz onun qədər müdrik ola bilmədik.
Ona görə də bu gün hamı əziyyət çəkir. Bəlkə də hələ ziyanın düz ortasındayıq və geri qayıtmaq şansımız var. Ancaq tendensiya ondan ibarətdir ki, paytaxtda və onun ətrafında sonuncu sot torpaq qalana qədər mübarizə, qapışma, çarpışma davam edəcək.
İndilikdə isə günümüz budur: adi bir yağış, sıradan bir qar yağmuru şəhəri iflic vəziyyətinə sala, yüz minlərlə adamı naəlac durumda qoya bilər.
