Medianews.az
“Deyirlər dustaqları buraxacaqlar...”
483 baxış

“Deyirlər dustaqları buraxacaqlar...”

elsad pasasoy kose1
Şübhəm yox ki, Azərbaycan iqtidarında da Jirinovskiyə nifrət edənlər az deyildi. Elə Ziyafət Əsgərov rusiyalı həmkarına “təlxək” deməmişdimi? Hətta Mixael Zabelin Bakıya gələn Rusiya Dövlət Dumasının vitse-spikeri ilə görüşdən imtina etmişdi. Ancaq buna baxmayaraq, hakimiyyət reallıqları qəbul edib LDPR sədrinə “yaşıl işıq” yandırdı. Budur, Jirinovski Azərbaycana işləyir, Moskvada tədbir keçirib, Bakı ilə dostluqdan danışıb. Deməli, bizim iqtidar istəsə, bir çoxları ilə normal münasibətlər qura bilər - təbii ki, ermənilər xaric...
Erməni demişkən, Sərkisyan hökumətinin Gömrük İttifaqına qoşulmasını rəsmiləşdirdiyi bir vaxtda Azərbaycan üçün mövqelərini dünyada möhkəmləndirmək üçün yaxşı fürsət yaranıb. Ermənistanı himayə edən Qərbpərəst qüvvələr belə gördülər ki, erməni hakimiyyəti Rusiyanın kəbinlisi olmaqdan kənara çıxmaq cəsarətində deyillər. Yəni elə bir ab-hava yaranıb ki, dünya Azərbaycana “dilinə (oxu: neft-qazına) görə dilçəyi də var” statusunda bir ölkə kimi baxa bilər. Təbii ki, bunun üçün bir sıra ciddi addımların atılmasına ehtiyac var. Biz demirik ki, Avropa Birliyi ilə assosiativ saziş imzalayıb Azərbaycanı oda salaq. Yetər ki, ölkədəki dustaqlar azad olunsun. Onda Ermənistanın mövqeləri xeyli zəifləyəcək, Qarabağ məsələsində balans xeyrimizə işləyəcək. Bu gün varlı Azərbaycanın başını aşağı edən yeganə amil insan haqları məsələsi ilə bağlıdır...
Ölkəmizin beynəlxalq səviyyədə imicinin heç də ürəkaçan olmadığını görmək üçün elə Avropa və Amerikadan gələn son təzyiqləri xatırlasaq, kifayətdir. Obama Azərbaycanın adını az qaldı “şər üçbucağı”na sala, Avropa Parlamenti qətnamə qəbul etdi, insan haqları təşkilatları siyasi məhbusları azad etməyə çağırdı, mükafatlar verdi. Bütün bunlara Bakıdan sərt reaksiyaların verilməsi vəziyyəti yaxşılığa doğru dəyişməyəcək.
Deməli, günün birində sanksiyaların reallaşmasını gözləmədən hərəkətə keçmək lazımdır. Nə qədər ki, siyasi motivlərlə həbs olunanlar, ədalətsiz məhkəmə nəticəsində ağır cəza verilənlər, təqiblər var, Qərb də ara-sıra Azərbaycanın adını “qara siyahı”da hallandıracaq. Odur ki, gərək Bakı beynəlxalq aləmin Azərbaycana təzyiq göstərmək üçün axtarıb ortaya qoyduğu bütün bəhanələrini aradan qaldırmağa çalışsın. Unutmayaq ki, Ermənistanın Rusiya ilə kəbin kəsdirməsini dünya “blokada şəraitində olan ölkənin çıxılmaz şəraiti” ilə izah edəcək, bunu həzmə verəcək. Ancaq Azərbaycanda insan haqları və demokratiya, QHT-lərin ağır durumu ilə bağlı vəziyyətin üstündən keçməyəcək, bu məsələlər daim başımızın üstündə “Damokl qılıncı” kimi asılacaq.
Jirinovski ilə dil tapan hökuməti Azərbaycan xalqına bu rus şovinistindən çox-çox hörmət bəsləyən Qərb institut və sivil təşkilatları ilə də normal münasibətə önəm verməlidir. Sözsüz ki, həbslərlə bağlı dövlətə və millətə xəyanət faktoru varsa, bunlar araşdırılmalıdır. Amma əgər Qarabağ döyüşçüsü Tofiq Yaqublunun qızı atası ilə görüşmək üçün “zon”un qabağında boynubükük qalırsa və hətta görüş imkanı da yaradılmırsa, bunun normal izahı yoxdur. Dünən Nigar xanımın statusunu oxuyanda özümü də bu duruma görə günahkar saydım... Yazır: “Bu qədər həvəslə gəl və sənə görüş verməsinlər. Adama nə qədər yalan vəd vermək olar? Özümü Hüseyn Cavidin getdiyi qatarda onu görmək umidiylə hər dəfə vağzala gələn Müşkinaz xanım kimi hiss edirəm”. Bəli, indi 30-cu illər deyil, Azərbaycan müstəqil dövlətdir, Sibirə sürgün də yoxdur. Ancaq müsavatçı qızı özünü o illərdəki kimi hiss edir. Ağrılıdır. Azərbaycanı canı qədər sevən insan(lar) niyə həbsdə qalsın ki? Yaxud gənc fəal Rəşadət Axundovun övladı niyə atası ilə məhbəsdə görüşməlidir? “Niyə”lər çoxdur...
Bəlkə öz içimizdə bütün bu suallara cavab axtaraq, çıxış yolunu tapaq - Avropa və Amerikasız. Əminəm ki, beynəlxalq təşkilatların tələbləri iqtidarda bir az da qıcıq yaradır. Ona da şübhəm yox ki, Milli Şuranın “Siyasi məhbuslara azadlıq” aksiyası siyasilərin azadlığını tezləşdirməyəcən. Adətən, iqtidar bununla bağlı bildiyi vaxtda qərar verir, təzyiqləri qəbul etmədiyi üçün...
Bizim həll olunmalı daha ciddi problemlərimiz var: torpaqlarımız işğalda, ata yurduna gedən Dilqəmlə Şahbaza da Xankəndində divan qurulub. Parçalanmış cəmiyyətlə, üstəlik beynəlxalq basqı ilə problemlərin üstünə getmək olmaz. İŞİD bayrağının Bakıda dalğalanması sadə məsələ deyil, açıq təhdiddir. Günün birində burda da tətiyi çəkə bilərlər. Azərbaycanlıları qoyuna bənzədən Jirinovskiyə vaxt ayıranlarımız qoy bir millətini və dövlətini sevənlərə də vaxt ayırsın. Əsl vaxtıdır, 18 Oktyabr gəlir. İndi də deyirlər həmin gün buraxacaqlar. Allah eləsin! Görün ölkədə nə qədər insan Müşkinaz xanım kimi boynubükük qalıb...

Bizə qoşulun