Bu günlərdə tanışım bir əhvalat danışdı. Qonşuluğunda yaşayan kişi həyat yoldaşının ağır xəstəlikdən dünyasını dəyişməsinin ağrı-acısını yaşamaqda ikən onu şoka salan başqa xəbər alır. Məlum olur ki, oğlu qumarda böyük məbləğdə pullar uduzub və bu səbəbdən həyətdəki xarici markalı maşını dəyər-dəyməzinə satıb.
Həmin o biçarə kişi əlinin qabarı ilə yaşayan adammış, ömrünü fəhləliklə, sürücülüklə keçirib yaşa dolub, elə təzəcə rahat nəfəs alıb yaşamağa başlayıbmış...İndi isə özü də ürək və şəkər xəstəliyindən müalicə olunur. Ailəsindəki itki bir yandan ona dərd olub, həvəslə aldığı avtomobilinin yeri də boşdur. Bəlkə də insan itkisini qəzavü-qədər, tale, alın yazısıdır, deyib təskinlik tapa bilərdi. Amma qumar bir ailənin həyatını alt-üst eləyib. Gənclərimizin Suriyada döyüşməsindən, İŞİD-çilərə qoşulmasından narahat oluruq. Ancaq qumarxanalar da qorxuludur, onlar da fəlakət mənbəyidir.
Araşdırılsa, yuxarıdakı faktlardan yüzlərlədir. Kimi evini girov qoyub, bankdan yüksək faizlə pul götürüb, kimi avtomobilindən keçib, kimi balalarının boğazından kəsib, qumara qurşanıb. Hətta adam var xəstə anasının pensiya kartını (!) girov qoyaraq əlborcu alıb, qumar oynayıb. Təsəvvür edirsinizmi? Rayonların birində olmuş bu faktı həmkarım mənə danışanda özüm də heyrətləndim. Ancaq hələ bunlar nədir ki?
Bu gün qumar ailələr dağıdır, doğmaları gözüyaşlı qoyur...Dərindən araşdırılsa, məlum olar ki, borca görə intihara əl atanların bir çoxu elə pulunu qumarda uduzanlardır. Yazını yazarkən deputat Fazil Mustafanın facebook səhifəsində yazdıqları da diqqətimi çəkdi. Fazil bəy qumarxanaları narkotik alveri ilə müqayisə edərək hökuməti qumarxanaları yığışdırmağa çağırıb,. Tamamilə haqlıdır. Qumar da narkotika kimi yalnız fəlakət gətirirsə, ikisinə qarşı da mübarizə sərt olmalıdır.
Xüsusilə də bu gün ölkədə “çiçəklənən” futbol qumarı yığışdırılmalıdır. Təkcə ona görə yox ki, gündən-günə artan, çoxalan qumarxanalar evlər yıxır. Həm də on görə ki, bu xəstəlik insanları şirnikləndirir, pulla bərabər əsəb də, sağlamlıq da gedir, eyni zamanda xüsusilə gənc nəsildə asan yolla, oturduğu yerdə pul qazanmağa aludəçilik yaranır.
Bir dəfə təsadüfən rastlaşdığım birisi deyirdi sonuncu dəfə 67 min manat udub. Bunu eşidən ətrafdakılar tez-tələsik axşamkı oyunları kağıza düzüb bu “Nostradamus” oğlanın “şot” yazmasını istədilər. Sonra nə oldu bilmədim. Amma bu kimi təbliğat da öz işini görür.
Vaxtilə Azərbaycanda kazinoların ləğvinə də müqavimət göstərənlər var idi. Hesab olunurdu ki, burda ləğv olunacaqsa, gedib məsələn, Tiflisdə pulumuzu xərcləyən varlılar tapılacaq. Olsun, ancaq xaricə gedənlərin sayı o qədər də çox deyil. Ancaq kazinolar Azərbaycanda açıq şəkildə fəaliyyət göstərsəydi, görün nə qədər insan ora axışacaq, nə qədər pullar dövr eləyəcək, nəticədə nə qədər insan gözüyaşlı qalacaqdı.
Bu gün ölkədə yas və toy məclislərindəki israfçılıq dövlət səviyyəsində müzakirə olunur. Əksəriyyəti razı salan bu qaydalar tətbiq olunursa, nədən qumarxana israfçılığı unudulur? Söhbət böyük pullardan gedir. Üstəlik, bir İslam ölkəsində qumarın təbliği azı ayıbdır. Məsələyə dini rəhbərliyin də münasibəti gərəkir. Gəlin görək qumarxanalarda hesab yazıb nəticə gözləyən, əli dara düşəndə ailəsini minimum imkanlardan belə məhrum edən gənc vətənpərvər ola bilərmi? Gənc işləmək, zəhmətlə qazanc əldə etməkdənsə, qumara qurşanır, bu, sadə məsələ deyil, əxlaqın korşalmasına aparır, cinayətlər törədilir...
Azərbaycanın 20 faizi işğalda olduğu halda ölkənin paytaxtında bir yerdə Qarabağla bağlı lövhəyə, Vətənlə bağlı çağırışa rast gəlmirik. Amma hara gedirsən, orda futbol qumarxanalarına, üstündə qumarxanaların reklamı yapışdırılan avtobuslara rast gəlirsən. Gənclərimizin üz tutduğu əsas ünvanlardan biridir bu qumarxanalar. Biz Qarabağı beləmi azad etmək istəyirik?
Ölkə prezidentinin ali məktəblərdə hərbi kafedraların yaradılması, hərbi sirrin qorunması, cəbhəboyu kəndlərdə könüllülərdən ibarət patrul dəstələrinin yaradılması ilə bağlı sərəncamları, mülki şəxslərin hərbi-taktiki təlimlərə cəlb edilməsi, Azərbaycan-Türkiyə hərbi təlimləri cəmiyyətin diqqətinin ümummilli məsələmizə - Qarabağın azadlığına yönəldilməsi baxımından çox əhəmiyyətlidir. Ancaq pafoslu çıxsa da, bu prosesə hər kəs töhfə verməlidir. Elə qumarxana sahibləri də. Nədən onlar milli maraqlarımıza xələl gətirən addımdan imtina etməsin? Qoy desinlər, bu pullar hara gedir, bəlkə Silahlı Qüvvələrə Yardım Fonduna yardım ediblər, xəbərimiz yoxdur.
Vətən müharibəsi gedən vaxtı qumarxana işlətmək ən azı ayıbdır...Üstəlik də orda İŞİD-çilər peyda olub, fırıldaqla baş kəsirlər. Kasıbın pulunu almış, canını almış, nə fərqi. Ancaq burda təkcə kasıblar malını qumara qoymur, varlılar da ağlayır...
