Medianews.az
Bravo, Makareviç, Qarabağa dəstəyə görə!..
541 baxış

Bravo, Makareviç, Qarabağa dəstəyə görə!..

zahid yeni razmer10
Azərbaycan rəsmiləri Qərbi, onun mötəbər institutlarını və beynəlxalq təşkilatları bir qayda olaraq rahatca asıb-kəsirlər. Ancaq Rusiyaya gələndə nəinki yumşaq tənqid belə görmürük, əksinə tərif eşidirik. Səbəblər barədə çox yazılıb. Onların arasında ən önəmli olanı, bizcə, Kremlin bəlli səbəblərdən Azərbaycanda demokratiya və insan haqları ilə maraqlanmamasıdır. Yoxsa ki, neft-qazımızı onsuz da Qərbə satırıq, Rusiyaya vermirik ki, Qərb də bizə acıqlı olsun.
Tamam, Rusiya kimi yırtıcı, imperiya keçmişi və indisi olan, hələ də SSRİ-nin bərpası xülyası ilə yaşayan bir dövlətlə qonşu olmaq olduqca təhlükəlidir. Bir gözün yatılı olanda, gərək o birisi açıq ola. Ancaq bu “yırtıcı”nın hər istəyini təmin edib yeri gəldi-gəlmədi ona reveranslar eləmək, mədhiyyələr oxuyub özünü aciz kimi göstərmək də Azərbaycanın təhlükəsizliyini gücləndirmir - üstəlik, bizi Rusiyadan qoruya biləcək potensial güc mərkəzləri ilə körpüləri yandıra-yandıra getməyin fonunda.
Yenə faktlara müraciət edək. Azərbaycan BMT-dəki səsvermədə Ukraynanın ərazi bütövlüyünə səs verib. Ermənistan isə Krımın ilhaqını dəstəkləməklə Rusiya da daxil, 11 “izqoy” dövlət sırasında yer alıb. İrəvanın bu mövqeyini demokratik dünya hələ də ona baş qaxıncı eləməkdədir. Ermənistana yeni səfiri postuna namizəd Riçard Milliz bu günlərdə Senatda açıq şəkildə bildirdi ki, İrəvanın Moskvanı bu şəkildə dəstəkləməsi onun Qərblə münasibətlərinə xələl gətirib.
Demək, Azərbaycanın BMT-də sərgilədiyi mövqe bizim üstünlüyümüzdür. Daha doğrusu, üstünlüyümüz olmalı və davamı gəlməli idi. Gəldimi? Gəlmədi. Həmin üstünlüyün əvvəlcə AŞ PA-da, sonra isə Bakıdakı ATƏT sammitində “yandırılması” prosesi başladı. Sanki rəsmi Bakı bununla BMT-dəki prinsipial mövqeyinə görə Moskva qarşısında peşmançılıq hissi keçirdiyini əyani formada nümayiş etdirdi. “Peşman olma” prosesi bu gün də davam edir. Özü də deyəsən, absurda varmaqla.
Məsələn, son vaxtlar Azərbaycan hökuməti yetkililərinin (Yaqub Eyyubov), başqa rəsmilərin və deputatların (Eldar İbrahimov və s.) Rusiyaya qarşı sanksiyaları pisləməsi, “Roma Papasından da artıq katoliklik” edib Moskvanın hərəkətlərinə qahmar çıxması, “heç kim Rusiyanı sındıra bilməz”, “Rusiyanın Azərbaycana yalnız yaxşılığı dəyə bilər” tipli rusun özünün belə cəsarət etmədiyi bəyanatları səsləndirməsi məntiqsiz və anormaldır. Çünki adamdan soruşarlar ki, Krımın işğalını pisləyib Ukraynanın ərazi bütövlüyünə səs vermək nədir, Rusiyanın Ukrayna siyasətini müdafiə eləmək nə? İkisindən biri olmalı deyil?..
Dünənsə xəbər yayıldı ki, əfsanəvi “Maşina vremeni” musiqi qrupunun yaradıcısı olan Andrey Makareviçin Rusiya şəhərləri ilə yanaşı, Bakıdakı Heydər Əliyev Mərkəzində konsertinə də icazə verilməyib. Bəli, bu, o Makareviçdi ki, Rusiyanın azsaylı ziyalılarından biri kimi lap əvvəldən Putinin Krımı işğal eləməsinə, bütövlükdə onun Ukrayna siyasətinə və SSRİ-ni bərpa eləmək cəhdlərinə qarşı cəsarətli şəkildə, ən sərt formada çıxıb.
Belə prinsipial və ardıcıl mövqeyə görə onu artıq öz ölkəsində və təbii ki, Putinin rüsxəti ilə fəxri adlardan və mükafatlardan məhrum eləmək, sıxışdırmaq kampaniyası başlayıb. Makareviç isə bütün bunlara məhəl qoymadan mövqeyində qalır və hələ üstəlik, heç kimdən çəkinib eləmədən “Mənim ölkəm dəli olub” adlı mahnı da yazıb.
Onun Krımın işğalı əleyhinə çıxması isə bişəkk, həm də Qarabağa, Azərbaycana Rusiya ziyalılarının verdiyi azsaylı dəstək faktlarındandır. Belə birisini Ermənistanda deyil, məhz Bakıda umsuq eləmək, incitmək məntiqdən kənar olmazdımı? Nə yaxşı, son anda məlum oldu ki, konsert ləğv olunmayıb, onun yeri dəyişib. Görək, bizimkilər Kremldən çəkinib eləmədən sonadək Makareviçə verdikləri sözü tutacaqlarmı?

Bizə qoşulun