Medianews.az
Azərbaycanpərəst Mövlud Çavuşoğlu
499 baxış

Azərbaycanpərəst Mövlud Çavuşoğlu

elsad pasasoy kose1

Bu günlərdə Türkiyə xarici işlər naziri təyin olunan Mövlud Çavuşoğlu ilə ilk və hələlik son təmasımızı xatırlayıram. Avropa Şurasının prezidenti kimi Bakıya ilk gəlişində, qurumun Bakı ofisinin həyətindəki brifinqdə sual-cavabımız olmuşdu.

Ona ünvanladığım 3 sualdan biri belə idi: “Ötən illərdəki fəaliyyətiniz dönəmində Azərbaycan müxalifəti sizi bir sıra hallarda tənqid edib və hakimiyyətin mövqeyini iqtidar deputatlarından biri kimi müdafiədə günahlandırıb. Bu mənada AŞ PA prezidenti kimi hansı işləri görmək planınız var ki, Azərbaycan demokratlarının dostuna çevriləsiniz?”
Demişdi ki, Azərbaycanda hər kəs ona doğmadır, iqtidar-müxalifət fərqi qoymur. Sitat: “Bəzi müxalifət partiyaları bunu xoşlamasa da mənim dediklərim doğru idi. Mən həmişə olduğu kimi, doğrunu söyləməkdə davam edəcəyəm. Çünki insanların tutduğu vəzifələr gəlib-keçəndir, amma ortaya qoyduqları obyektiv mövqe hər zaman qalır. Mənim də cocuqlarıma buraxacağım miras bu olacaq”. O zaman bu mövqeyinə görə xeyli tənqid olunmuşdu, müxalifət onu boykot etmişdi.
Həmin vaxt müxalifətin Çavuşoğluna kin bəsləməsi, onunla görüşdən imtina etməsi bəlkə də məntiqliydi, o situasiyada hansısa etirazlara yer var idi. Ancaq illər keçib, çox şeylər dəyişib. Bu gün Çavuşoğlunun Türkiyə XİN-ə rəhbər təyinatına bizim müxalifət təmsilçilərinin mənfi rəy bildirməsi məncə, düzgün deyil. Bu, bir siyasətdir və siyasətdə əbədi dostluq anlayışı olmadığı kimi əbədi düşmənçilik də mümkün deyil. Düzdür, Çavuşoğlunun Azərbaycan hakimiyyəti ilə çox yaxın əlaqələri var, zaman-zaman müxalifətin əsəbi reaksiyasına səbəb olan tövr nümayiş etdirərək iqtidarı, seçki nəticələrini müdafiə edib. Ancaq bu gün Türkiyə xarici siyasətinin başında dayanan şəxsin haqqında neqativlərin səslənməsi Azərbaycanın milli maraqlarına uyğun gəlmir.
O zaman Çavuşoğlunun yerində kim olsaydı eyni mövqe sərgiləyəcəkdi. Çünki faktiki olaraq Türkiyə siyasətinin təməl-prinsiplərində Azərbaycanın daxili işlərinə qarışmamaq, daha doğrusu, iqtidar-müxalifət münasibətlərində hər zaman iqtidarın yanında olmaq prioritetdir. Bəlkə indiyə qədər Türkiyə prezidentləri, ya baş nazirləri bundan fərqli bir siyasi xətt yürüdüb ki, Çavuşoğludan da onu tələb edirik? Olmayıb. Elə hakim partiyanın siyasətinin ziddinə mövqe sərgiləyəcəyini Çavuşoğlundan gözləməyə və buna görə ondan küsməyə nə qədər haqlı ola bilərik?
****
Azərbaycan ərazilərinin işğaldan azad olunması prosesində bizim yeganə müttəfiqimiz Türkiyədir. Düzdür, Azərbaycan da Türkiyənin maraqlarını hər zaman müdafiə edib və bunu beynəlxalq tribunalardan da daim bəyan edib. Elə bu ilin 24 aprelində Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı zamanı prezident İlham Əliyevin Sarkisyanın Türkiyə haqda sayıqlamalarına verdiyi cavabı, “Türkiyə nümayəndələri yoxdursa, mən buradayam” sözlərini çoxları yaxşı xatırlayır. Bu mərhələdə isə Türkiyənin xarici siyasətinə Çavuşoğlu rəhbərlik edəcək və deməli, Azərbaycanın haqq davasında dəstək gözlədiyimiz simalardan biri olacaq.
Artıq bu barədə prinsipial mövqeyini ifadə edib və Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu deyib. İnandırıcıdır. Çünki bu mövqenin əksi təkcə Azərbaycana deyil, həm də Türkiyəyə, qardaşlıq prinsiplərinə xəyanət olar. Necə ki, qardaş ölkələrin cəmiyyətləri Sürix protokolları ilə bağlı məxfi razılaşmanı qəbul etməyib, Türkiyə hökumətini geri addım atmasına nail oldu. Yenidən bu yanlışın yapılacağına inanmıram. Həm də ona görə ki, Çavuşoğlunu Azərbaycan iqtidarı ilə yaxın tellər bağlayır. Doğrudur, bu, Azərbaycandakı demokratiya və insan haqları ilə bağlı məsələlərin görməzliyə vurulması hesabına olub. Ancaq bu prinsipləri arxa plana keçirən məgər təkcə Çavuşoğlumu oldu bu illərdə? Özünü “demokratiyanın beşiyi” adlandıran dövlətlər nəinki Azərbaycanda demokratikləşməyə dəstək vermədilər, heç torpaqlarımızın işğaldan azad olunmasında da konkret mövqe tutmadılar. Çavuşoğlu Azərbaycanı narahat edən ən ciddi məsələdə bizim yanımızda olacaq, bu, şübhəsizdir.
Çavuşoğlu şübhəsiz ki, prezident Ərdoğanın siyasi kursundan kənara çıxmayacaq. Necə ki, Türkiyə prezidenti Bakı səfərində “Əgər Azərbaycanla Ermənistan arasında problem həll olunsa, Türkiyə və Ermənistan arasındakı problem də həllini tapacaq. Əks halda, Türkiyə və Ermənistan arasındakı durum indiki kimi davam edəcək”, dedi.  Ancaq məhz Çavuşoğlunun bu posta təyinat almasının Azərbaycan üçün digər mühüm bir faydalı tərəfi var: Çavuşoğlu bir çox diplomatlar kimi Azərbaycanı öyrənməyə, məmurlarla tanışlıq görüşləri keçirməyə gəlməyəcək. O, Azərbaycanı bəlkə bizdən də çox tanıyır, odur ki, fəaliyyətində daha çox problemlərə diqqət yönəldəcək.
****
“Hazırda Dağlıq Qarabağ işğal altında olsa da, Azərbaycan torpağıdır. Ermənistanın işğalında saxlanılan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsi qəbuledilməzdir və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Əgər Ermənistan bu cür yolla Dağlıq Qarabağa sahib olacağını düşünürsə, o zaman çox səhv edir”. Bu, M.Çavuşoğlunun son açıqlamalarındandır. Bizə belə sərt və qəti mövqe sərgiləyən dost nazir lazımdır. Hər dəfə Rusiya XİN-in başçısı Lavrovun ermənipərəst olduğunu deyəndə şübhəsiz ki, bu, ermənilərin ürəyinə yağ kimi yayılır. Qardaş Türkiyədə Çavuşoğlunun simasında Azərbaycanpərəst nazir yüksək vəzifəyə təyin olunubsa, bu, həm də bizim üçün uğurdur.
Erməni lobbisi əli yetən əcnəbiləri ələ almaq üçün çeşidli planlar qurur ki, onun işğalına, “soyqırım” iddialarına bəraət qazandırsın. Biz nədən qos-qoca Türkiyənin əsas fiqurunu özümüzdən incik salmalıyıq? Demirikmi ki, hamımız Qarabağlıyıq, hər birimiz Qarabağın azadlığını arzulayırıq? M.Çavuşoğlu da Qarabağla bağlı Elmar Məmmədyarov deyəni deyirsə, keçmişdə olanları xatırlamağa, incik tonda danışmağa yer qalmır. Əminəm ki, Çavuşoğlu Azərbaycan iqtidarı ilə sıx əlaqələrinin üstündən adlayıb ölkəmizə qarşı hansısa addımlara getməyəcək. Son nəticədə yenə Azərbaycan qazanacaq. Kaş ki, iqtidarın Azərbaycanın mövqeyini dəstəkləyən belə dostları çox olaydı, onda bəlkə Qarabağ bu qədər azadlıqda qalmazdı…
Məncə, Çavuşoğlu özü dediyi kimi cocuqlarına miras olaraq həm də Azərbaycanla bağlı ədalətli mövqe qoyub getmək istəyəcək. Şübhə etmirəm. Odur ki, necə deyərlər, bütün bu incikliklər qurban olsun Qarabağın bir daşına…
 

Bizə qoşulun