Bəri başdan deyim ki, yazıçı Əli Əkbərlə şəxsi tanışlığım yoxdur. Yalnız bir dəfə rastlaşmışıq. O Müsavat Partiyasının qərargahından dostları ilə birgə çıxırdı, mən qərargaha girirdim. Onun yanında tanıdığım gənclər vardı, onlarla salamlaşdım, görüşdüm. Həmin salamlaşma prosedurunda Əli Əkbərlə də əl tutuşduq. “Salam-salam”. Vəssalam. Bir kəlmə də kəsmədik.
Amma mən onun adını çoxdan eşitmişdim, şəkillərinə görə üzdən də tanıyırdım. Bir ara hamı “Əli Əkbər, Əli Əkbər” deyirdi, onun yazdığı əsərlərdən danışırdı. Əsərlərindən çox öz adı hallanırdı. Çünki qalmaqallı şeylər yazır, danışır, söyür, söyülürdü. Onu ya çox bəyənir, müdafiə edirdilər, ya da kəskin şəkildə bəyənmir, nifrət və inkar edirdilər.
Doğrusu, adı çəkiləndən sonra onun barəsində o qədər mənfi enerjili sözlər deyirdilər ki, adam belə birisinin əsərini oxumağa cəhd etmirdi. Başqaları bəlkə də məhz bu cür anti-reklamdan sonra həvəsə gəlib “bədnam” yazıçının əsərlərinə müraciət edir, bizdə başqa cürdür: mənfi enerji verəcəyi gözlənilən əsəri oxumaqdan imtina etmək.
Ona görə də mən, açığını deyim ki, Əli Əkbərin, içində söyüşlər, arqo ifadələr keçən əsərlərini oxumamışam. Yalnız onun bir hekayəsini - ümumi tualetdə nəcisə bulaşan YAP-çı professorun tragikomik əhvalatını oxuyub təsvir olunan mənzərədən iyrənə-iyrənə gülmüşəm.
Ancaq yazıçının son bir ildə yazdığı və xüsusi olaraq musavat.com-a göndərdiyi hər bir yazının hər sətrini oxumuşam - əvvəlkiləri redaktə gərəyi ilə, sonrakıları maraqdan.
Onu da deyim ki, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu yazıçı Əli Əkbərin bundan belə bizə yazacağını, razılaşma əldə olunduğunu deyəndə məni sayt veb-redaktoru olaraq narahat edən yeganə məqam onun yazılarındakı bəzi arqo ifadələrin necə buraxılacağı ilə bağlıydı (Bizim oxucular o cür ifadələri sevmir və bağışlamır). Baş redaktor əmin etdi ki, o, bizə belə şeylər yazmayacaq.
Əli Əkbər sağ olsun, o gündən bu günə hələ bir dəfə də bizi onun yazılarındakı hansısa bir kəlməni dəyişmək zorunda qoymayıb. O qədər səlis, rəvan, ölçülü-biçili, istedadla yazır ki.
Başqa saytlarda, internet resurslarında başqa cür yazır, ancaq məncə, ən gözəl yazılarını məhz musavat.com-da yazır. Bu yazıların içində elələri var ki, gerçək bir publisistika şedevridir və güman edirəm ki, 50, 100 ildən sonra dərsliklərə salınacaq.
Əli Əkbər çox istedadlıdır. Onun qədər enerjili, məhsuldar yazıçı hazırda dünyada yoxdur. Yazı-pozu adamlarına xas tənbəllik ona çox yaddır. Adamın işi yazmaq və oxumaqdır, istirahəti oxumaq və yazmaqdır, hobbisi yazmaqdır, oxumaqdır.
Onun necə böyük erudisiyaya malik olduğunu, geniş mütaliəsini publisistik yazılarından asanca sezmək olur. Geniş təxəyyülü, inkişaf etmiş yumor hissi, kəskin sarkazmı var.
Əli Əkbərin bəzən çığallıq, həyasızlıq kimi görünən açıqlamaları, kəskin yazıları aşıb-daşan enerjisindən, neqativ hesab etdiyi mənzərələrə, haqsız hesab etdiyi ittihamlara dözməzliyindən doğur. Elə bil, o, heç bu dözümlü xalqın nümayəndəsi deyil, hücuma məruz qalan kimi əks-hücuma keçir, söyür, təhqir edir və eyni təhqirlərə məruz qalanda vecinə də almır.
Yazıçının son yazısını da oxumuşam və açığı, heç bəyənməmişəm və bunu onun qələminin səviyyəsinə yaraşdırmıram. Əli Əkbərin həmin yazısı publisistik yazı deyil. Adam sadəcə çəpərlərin o tay-bu tayında dayanıb eyzən söyüşən intriqalı qonşulardan biri kimi davranıb.
Əlbəttə, o deyəcək ki, onu buna vadar edirlər, dinc qoymurlar və cavablarını alırlar. Ancaq yenə də, Avropada ad çıxarmaq istəyən və bunu edəcəyinə, qoca qitənin ən sanballı ədəbi mükafatlarını alacağına inandığım yazıçı vaxtaşırı bu kimi ucuz qalmaqallarda iştirakçı olmamalıdır.
O, bir sözü çox düz deyir: azad yazıçı düşündüyünü yazmalıdır, dəyişən situasiyalarda fikrini dəyişmək sərbəstliyinə, fərqli düşünmək hüququna malik olmalıdır. “Nəsimi” filmində böyük şairimiz də ona vaxtilə yazmış olduğu bir beyti misal gətirən dərvişə “Şair hərdəmxəyal olur” deyə cavab verir. Siyasi səbatlılıq baxımından bu, yəqin ki, zərərlidir, amma Əli Əkbər siyasətçi deyil, yazıçıdır.
Zənnimcə, onun ən böyük üstünlüyü isə, keçmişdə buraxdığı səhvləri heç bir kompleks keçirmədən etiraf etməsi, “o vaxt səhv eləmişəm, peşmanam” deyə bilməsidir.
Arzu edirəm ki, Əli Əkbər indən belə yazılarında “kəsici-deşici” ifadələrdən az istifadə eləsin, hiddətini boğsun, enerjisini gözəl bədii və publisistik əsərlər yaratmağa sərf eləsin.
