Torpağın 20 faizini işğal etdirib, 1 milyon qaçqın-köçkün qazanmağımıza baxmayın, biz əslində, millət olaraq, hücumda olmağı, hüçumda oynamağı, hücuma keçməyi sevən camaatıq.
Bircə minusumuz var ki, əks-hücuma məruz qalanda qanqaraçılıq olur. O variantı hesablayıb bir tərəfə çıxara bilmirik.
Məsələn, bir də görürsən ki, futbolda məşqçi rəqibini analiz edir, bilir ki, bu rəqiblə açıq futbol oynamaq olmaz, gərək topu qoruyasan, arada geri ötürəsən. Ona görə də o, oyunçulara əvvəlcədən tapşırır ki, nəbadə topu qapdırasız, pis olar. Oyunçular da baş məşqçinin təlimatına uyğun hərəkət edirlər, topu itirməmək üçün tez-tez geri verirlər və budur, stadionda fıştırıq sədası yüksəlir, “eeeh, bunlardan oynayan olmaz”, “adə, basın gedin qabağa” nidaları səslənir. Əgər futbolçular məşqçinin tövsiyələrilə yox, azarkeşlərin basqısıyla oynasalar, məsələ bitmişdir, rəqiblər bir əldən qolları vuracaqlar. O gün “Qarabağ” az qala küyə gedəcəkdi, yaxşı ki, Qurban tövrünü pozmadı.
Bir futbolda olsaydı, nə vardı ki... Hər işdə beləyik. Bu ayın əvvəlində hamılıqca necə qızışmışdıqsa, deyirdik, haydı, basaq, gedək İrəvan tərəflərə. Heç vaxt olmadığı qədər yekdil idik. Əgər ölkənin başbilənləri də bircə kəlmə “davay ey” desəydilər, müsəlləh əsgər olub silaha sarılacaq, minalı sahə deməyəcək, tranşeyə baxmayacaq, istehkam hərləməyəcək, cumacaqdıq irəli. Ta nə qədər itki verəcəkdik, həmləmizin qarşısını hansı superdövlət hansı vasitələrlə alacaqdı, burası “analitiklərin sonrakı ağlı” qrafasına düşür. Bizim işimiz basıb getmək idi. Yenə yaxşı ki, ölkənin başbilənlərinə “basıb getmək” variantının sonrakı perspektivləri barədə doğru-dürüst təhlil verənlər, xəbərdarlıq edənlər oldu. Yoxsa hücuma möhkəm köklənmişdik.
Lap uşaqlıqdan bəri hamımız eşitmişik ki, ən yaxşı müdafiə hücumdur. Bu ilin iyununa qədər bu söz qüvvədəydi, amma iyunda hücum etməyi sevən Braziliya millisinin başına gələn 1:7 hesablı məğlubiyyət, iyulda Bağdada, Tikritə hücum edən İŞİD qüvvələrinin məruz qaldığı itkilər göstərdi ki, yox, hücuma ağılla keçmək lazımdır. Hər hücumun bir əks-hücumu da var, türkün sözü, tırkaya getmək olmaz.
Hücumçuluğun alqışlanması və dəstəklənməsi tendensiyası bizim peşəmizdə də özünü tez-tez büruzə verir. Olur ki, vəzifəlilərdən və ya tanınmışlardan kiminləsə sözümüz çəpləşir və ona qarşı bir şeylər yazırıq, törətdiyi əməllərdən bir çələng bağlayıb üstünə həmlə edirik. Pah! Ertəsi gün dəstək və alqış zəngləri, mesajları gəlir. “Adının çəkilməsini istəməyən mənbələr” həmin şəxsin əleyhinə olan faktları dəstələyib ünvanımıza göndərir, o mövzuda ikinci, üşüncü, hətta dördüncü məqalənin yazılmasını tövsiyə edir, “ağzını yaxşı cırmısız”, “anasını ağlatmısınız”, “filan şeyləri də yazmaq lazımdır” deyə tırka verirlər. Biz yazıb dincəlirik, oxucular dincəlmir, həmin şəxsi döşəmə şəlpəsi edib ayaqaltına atmağımızı, üzünə durub tutdurmağımızı xahiş, hətta tələb edirlər. Hərdən elə alınır ki, hücuma məruz qalan şəxs bizi məhkəməyə verir və böyüklərin sifarişinə heç vaxt “yox” deməyən məhkəmə bizi cərimələyir. Bay! Ortalıqda tırka verənlərin təki də yoxdur. Hətta elələri olur ki, orda-burda deyirlər, o qəzet də yoxlanmamış materiallar verir, ona görə başlarına bu işlər gəlir.
Bəzən belə də olur, tanınmış adamlardan kimsə dara düşür, haqsızlığa məruz qalır, haqqı tapdanır və adam ürəkdən istəməsə də onu müdafiə etməli olur. Tutarlı, arqumentli, ədalətli bir yazı yazırsan, ertəsi gün giley-güzar və inciklik dolu reaksiyalar gəlir: “Bəy, o müdafiə olunmalı adam deyil axı, 1993-cü ildə filan sözü demişdi”; “Siz o adamı niyə müdafiə edirsiniz axı, onun milli kimliyi bəlli deyil”; “Vaxt vardı, o bizi parlamentdə söyürdü, amma siz onu reklam edirsiniz” və sair və ilaxır. Adam istəyir ki, haqqı tapdananın müdafiə olunmasının demokratiya və insan haqları prizmasından faydalı olması barədə moizə oxusun, amma qulaq asan olmur.
Kəsəsi, aqressiv camaatıq, humanizm deyən şey qalmayıb. Özümüzü qladiator döyüşlərinin tamaşaçıları kimi aparırıq, baş barmağımız həmişə aşağı tuşlanıb, istəyirik ki, məğlub olanın, yıxılanın başını kəssinlər və hamı hamıya hücum eləsin.
