Srağagün Rey Kərimoğlunun oğlunun toyundan çıxıb metroyla evə gələndə yolda bir diversant gördüm. Mən qatara “Neftçilər” metrostansiyasında minmişdim, diversant isə ya “Həzi Aslanov”da, ya “Əhmədli”də, ya da “Xalqlar dostluğu”nda minmişdi. O mənimlə üzbəüzdə oturmuşdu və tək deyildi, yanında qətiyyən diversanta oxşamayan, sırf türk oğlu türklərə oxşayan bir adam vardı, hərdən söhbət edirdilər.
10 dəqiqə əvvəl ayrıldığım toyda hərbi marşlar, vətənpərvərlik şarkıları və tostları dinləmiş adam olaraq kökləndiyim müvafiq kazarma ovqatında diversantın mövcudluğu dərhal gözümə sataşdı və fikirləşdim ki, bunu bura kim buraxıb. Yəni metronu qoruyan mühafizə polisləri heç qəzet oxumurlarmı, televizora baxmırlarmı? Necə ola bilər ki, bu diversant onlara tanış gəlməyib?
Əslində üzbəüzdə oturan diversant heç bir təxribatçı hərəkətə yol vermir, danışmırdı, eləcə yorğun halda gözlərini boşluğa zilləyib oturmuşdu, yanındakı adam ona hərdən nəsə deməsə bəlkə də yuxulayacaqdı. Kənardan baxan elə bilərdi, bu tikintidə fəhlə işləyən yazıq bir adamdır. Çünki sifəti gündən qarsalanmışdı, qollarının əzələsi də geyindiyi qısaqol köynəkdən açıq-aşkar bilinirdi. Amma nə bilmək olar, diversantlar yaxşı maskalanır axı.
Gördüyümdən bəri onu diversant hesab eləməyimin əsas səbəbi isə bu adamın 11 gün öncə Tovuzun Ağbulaq kəndində ələ keçirilmiş (kim tərəfindən, necə - bu söhbətə bir də qayıdarıq) daha sonra ölmüş (niyə, necə - çalışarıq bu mövzuya bir daha qayıtmayaq) Karenə birə-bir oxşamasıydı. Adam elə bil, Karenin yumurta əkiziydi. Hətta toyda içmiş olsaydım, güman edərdim ki, gözümə elə görünür.
Amma yox, adam Karenin kserosurətiydi. Hətta onu videolentə çəkib bütün dünyaya göstərmək olardı ki, Karen əslində ölməyib, budur, sağdır və onu diversant kimi mühakimə edib iş kəsəcəyik. Di gəl, Beynəlxalq Qırmızı Xaç Komitəsi gəlib ona baş çəkəndə, ailəsinə məktub yazmasını istəyəndə kələyin üstü açılardı.
Üzbəüzdəki diversantın əlində bir çantası vardı və hiss olunurdu ki, onda kəsici-deşici alətlər var. Beləsini metroya kim buraxıb? Əgər baxıb buraxıblarsa, demək, qorxulu alətlər deyil. Ancaq adamı təkcə diversant Karenə bu qədər oxşadığına görə metroya buraxmamaq, hətta içəri otağa dəvət edib sənədlərini əməllicə araşdırmaq lazım idi.
Xüləs, bizim diversant gəlib “İnşaatçılar”da düşdü. O, qapıdan çıxıb üç-beş addım atmışdı ki, bayaqdan yanında oturan və türk olduğu şübhə doğurmayan yoldaşı onun arxasınca qışqırdı: “Ayə, direli götüməyi yadından çıxartma ha”. O da dönüb təmiz ana dilimizdə, ləhcəsiz-filansız “yaxşı da, mazgimi direlləmə” dedi və getdi.
Məsələ xeyli dərəcədə aydınlaşdı. Bunlar diversant deyil, hardasa təmir işləri aparan fəhlələrdir. Çünki onlar direllə haranısa deşib bikford şnuru, trotil-mrotil yerləşdirəcəklərsə, onda direli metronun içində qışqıra-qışqıra istəməzdi. O cür sarsaq diversant olmaz.
Əsl diversant odur ki, kəndə gələ, rastına çıxan ilk evdən çay, siqaret istəyə, qolunu buran adama müqavimət göstərməyə, gedə kəndin pivəxanasında bir parç da pivə vura, brifinq keçirə.
Budur, diversant Karenə görə dünyanın o başından da ölkəmizə “narahatlıq dolu” məktub gəlir, deyirlər, o necə olub ki, ölüb. Amma bu məsələyə dair qəti epikriz var ki, Karen qorxudan ölüb. Bununla da o, dünya üzərində qorxudan ölən ilk diversant kimi tarixə düşmək üzrədir.
Diversantın ələ keçirilməsində xüsusi rəşadət göstərmiş hərbçilərin komandirinin dediyi “dörd nəfərdən ibarət diversant qrupunun məhv edilməsi” barədə iddia isə hələ də doğrulmayıb (ümumiyyətlə, Allah erməniləri xəcalət eləsin, generalın 71-90 arası itki verməsi barədə iddiasını da təsdiqləmirlər, dirəşiblər).
Amma milli mediamız dövlətçilik kursuna sadiqdir. Hələ də “Tovuzda yaxalanmış diversant qrupunun sağ ələ keçirilmiş üzvü Karen” yazır. Düzdür, belə olanda Kareni tutan Röyala, onun anası Fəridə xanıma haqsızlıq olur, amma ta neyləmək olar, milli manefə bu cür qırmızı yalan danışmağı və yazmağı tələb edirsə, gərək elə edək.
Hətta milli mənafe qəti şəkildə tələb edərsə, mənimlə üzbəüzdə oturan və Karenə oxşayan fəhləni də diversant kimi tutub basmaq olardı. Təki vətən övladları ayıq-sayıq olsunlar və sıx birləşsinlər.
