Medianews.az
Milyardlar ölkəsində cərimə ödəyən kitabsatan...
467 baxış

Milyardlar ölkəsində cərimə ödəyən kitabsatan...

xalid kazimli kose 1

Ölkəmizdə qəribə bir paradoks var: vergidən milyonları yayındıranlara güldən ağır söz deyilmir, 3-5 manatı o yan-bu yan edənlər tutulur; dövlət büdcəsindən ayrılan 2 milyardın 1 milyardını diricə basıb yeyənlərə irad tutulmur, 10 manat qabağa düşmək istəyənlər həbs olunur; qanunsuz sahibkarlığın, nazirlər səviyyəsində talançılıq və yağmalamanın tüğyan etdiyi ölkədə küçə ticarəti ilə 5-10 manat qazanmaq istəyənlər cəriməyə məruz qalır.

Cərimə edənlərin, cəza kəsənlərin dilləri uzundur: “Qanunla küçə ticarəti və qanunsuz sahibkarlıq fəaliyyəti qadağandır”.
Doğrudur. Bəs talanan milyardlar? Bəs nazirlərin, İH başçılarının, rektorların, deputatların, rəislərin, prokurorların həm də iş adamı olmaları, şadlıq evlərinin, restoranların, zavodların, fabriklərin, cürbəcür holdinq və şirkətlərin sahibi olmaları necə, çoxmu qanunidir?
Bu suala cavab yoxdur. Hamı ölkədəki qanunsuzluqlardan, iqtisadi sferadakı (eləcə də hər sahədə) hərc-mərclik və biabırçılıqlardan yaxşı xəbərdardır. Karvanın sarvanıyla birlikdə udulduğu ölkədə, qədim terminlərlə desək, darğa və fərraşların gözü yalnız küçədə bir vedrə əncir (pomidor, xiyar, göy-göyərti), qoltuğunda qəzet, kitab satanları görür.
Bu mənzərə şəhərin estetik-vizual görünüşünü pozacaqmış. Paytaxt küçələrində dolaşan əcnəbilər küçə ticarətçilərini görüb,“oh, burası bir Şərq ölkəsi, geridə qalmış” deyəcəklərmiş.
Yaxşı, tutaq ki, avropalı əcnəbilər bir vedrə əncirin yaxınlıqdakı supermarketlərdə yox, Fəvvarələr meydanındakı ara küçələrdə satılmasından məmnun qalmazlar, bəs qəzet-kitaba nə deyəcəklər? Axı, onların parislərində, londonlarında, praqalarında, madridlərində də küçədə qəzet-kitab satanlar var.
Hələ küçə musiqiçilərini demirəm. Bakıda küçələrdə, xüsusilə də mərkəzdə bir çalğı alətinin dınqıltısı gələndə, yaxud 3-5 gənc malik olduqları aşıb-daşan enerjilərinin tətikləməsiylə qol götürüb oynayanda ərazidə 24 saat keşik çəkən polislər dərhal həyəcanlanır, təcili rəhbərliklə əlaqə saxlayır, göstəriş, təlimat alır, əraziyə çevik polis qüvvələri cəlb edirlər. Sanki bu dəqiqə şəhərin ayrıca götürülmüş bir küçəsində dövlət çevrilişi baş verəcək, ictimai-siyasi sabitlik, asayiş pozulacaq.
Halbuki təqlid etdiyimiz, yamsılamağa çalışdığımız Avropada tamam əksinədir. Qoca qitənin demək olar ki, bütün şəhərlərində nəqliyyatın hərəkətinə bağlı, sərbəst küçələr var və orada müxtəlif küçə musiqiçiləri çalıb-oxuyurlar, gənclər istədikləri kimi və istədikləri qədər oynayırlar, ticarətçilər şəhərin qonaqlarına xırdavat, suvenir, kitab və sair şeylər  təklif edirlər.
Bu günlərdə internet şəbəkəsində bir video-çarx yayılıb. Bu lentdə görünür ki, bir violençelist öz alətini küçənin ortasında sazlayıb çalmağa başlayarkən 4-5 yaşlı qız onun şlyapasına xırda pul atır. Violençelist çalmağa başlayır, camaat onun başına yığılır. Sonra bu musiqiçiyə daha bir neçə nəfər qoşulur, sonra daha beş-altı musiqiçi gəlir, daha sonra küçədə bütöv bir orkestr yığılır, xor əmələ gəlir və möhtəşəm bir musiqi əsəri ifa olunur. Yüzlərlə yetkin adam, eləcə də balaca uşaqlar onları alqışlayır. Və heç kəs onlara mane olmur. Heç kəs gəlib “vətəndaşların gəliş-gedişinə, istirahətinə mane olursunuz, yığışdırın” demir. Budur azadlıq, eləcə də mədəni istirahət.
Dünən bir gənc kitabsatanın Fəvvarələr meydanından maşına basılıb aparılması isə rəzalət idi. Bundan daha betər rəzalət onun cərimələnməsidir. Gənci 80 manat cərimə ediblər. Bu cür anti-humanizmə heç Myanmada da rast gəlmək olmaz. Bir düşünün, adamın maddi durumunda problemlər var ki, o çıxıb küçədə kitab satır, 5-10 manat qazanaraq vəziyyətdən çıxmaq istəyir, siz isə onu aparıb təhqir edir və maddi baxımdan qırx arşın quyunun dibinə salırsınız. Məgər kitab satmaqla nə qədər qazanmaq olar ki, onun bəlkə də bir həftəlik qazancını bir dəfəyə əlindən aldınız.
Yəni bu dövlətin büdcəsi bir kitabçının 80 manatına ehtiyac duyurdu? Belə qəpik-quruş qədri bilənsinizsə, əcnəbilərin istirahətlərinə, səfərlərinə axıdılan on milyonların, mənasız bəzəmə-düzəmə layihələrinin maliyyələşdirilməsinə sovrulan yüz milyonların, adicə xarici futbol klubunun oyunçularının formasının sinəsində “Land of fire - Azerbaijan” sözünün görünməsinə sərf edilən 20 milyonun hesabını hara yazaq?
Bir az humanist olun. Çörəkpulu qazanmaq üçün özünü oda-közə vuranlara dözüm göstərin.

Bizə qoşulun