Şərti olaraq mediada “II Qarabağ müharibəsi” adlandırılan Ermənistan-Azərbaycan savaşının az qala başlamaq üzrə olduğu gecədən 15 gün keçdi. Bu, 15 gün son 15 ildə olmadığı qədər gərgin, sözlü-söhbətli, ümid və nigaranlıq dolu gözləntilərlə ötüşdü.
Bu mövzuda müzakirələr nəinki bitmək bilmir, hətta hər gün bir az da qızışır. Regionda alovlanması gözlənilən müharibə təhlükəsi beynəlxalq miqyasda reaksiya doğurub.
Hər gün müxtəlif ölkələrin siyasi xadimləri, diplomatları bu mövzuda açıqlama verirlər, tərəfləri sakitliyə, sülhə dəvət edirlər.
Azərbaycan və Ermənistan tərəfinin bir-birinə hədə biçməsi də davam edir. Soçi görüşü nə qədər sakitləşdirici, çəkindirici atmosferdə keçmiş olsa da, iki ölkə arasında qızışmış ehtiraslar hələ də səngiməyib.
Bariz şəkildə ortadadır ki, bu yeni partiyada ağ fiqurlarla oynamaq şansı Azərbaycandadır. Yenə şərti olaraq I Qarabağ müharibəsi adlandıra biləcəyimiz savaşın zərərçəkəni olaraq revanş eşqi ilə alışıb-yanan tərəf bizik.
Ermənistan isə qondarma “DQR”-i nə vaxtsa tanıtmaq ümidi ilə 1994-cü ildən sonra yaranmış status-kvonun qorunub saxlanmasında maraqlıdır, ancaq bunun ildən-ilə çətin olacağını da anlayır. Bu xüsusda Ermənistanda pessimist ovqat var.
Heç Azərbaycan da Qarabağın qaytarılması mövzusunda optimist əhval-ruhiyyəyə qapıla bilməz. Məmləkət əhlinin nə qədər döyüşkən ovqatda, revanşist ruhda olmasına baxmayaraq, rəsmi Bakı da, dünya siyasətindən baş çıxaran müstəqil politoloqlar da bilirlər ki, beynəlxalq situasiya arzulandığı kimi deyil.
Türkiyə və Pakistan kimi bir neçə ölkəni çıxmaq şərti ilə dünyada heç bir ölkə Azərbaycanın öz ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etməsini istəmir, ona bu hüququ tanımır. Bütün superdövlətlər birbaşa müharibəyə, dolayısı ilə Azərbaycanın öz ərazisi üzərində suverenitetini bərpa etməyə qarşıdır.
Rusiyanın bu məsələdə tutduğu xüsusi mövqe, oynadığı tormozlayıcı rol hər kəsə bəllidir və buna dair fikir, demək olar ki, politoloqlarının hamısının şərhlərində qırmızı şriftlə keçir.
Bəs Amerika, Fransa, ümumilikdə Avropa İttifaqı necə, onlar Azərbaycana belə bir haqq tanıyırlarmı? Tanımırlar. Hamısı sülhə çağırır. Hamısı münaqişənin dondurulmuş şəkildə saxlanmasından yanadır.
Bu kimi həqiqətləri biləndən sonra ölkədə gerçək və saxta vətənpərvərlərin səsləndirdiyi müharibə çağırışlarının əbəs olduğu qənaətinə gəlirsən.
Düzdür, son günlər bu düşərgədə də məyusluq tendensiyası hökm sürür və çoxları artıq Azərbaycanın müharibə başlamaq imkanında olmadığını anlayırlar, ancaq hər halda bu, 21 il öncəki məğlubiyyətdən, torpaq itkisindən doğan hiddəti azaltmır.
Fəqət ölkə daxilində militarist əhval-ruhiyyədə olan şəxslər də qalır və onların arasında cəmiyyətdə tanınan, vaxtilə populyar siyasətçi, hərbçi olmuş adamlar var.
Belə şəxslərin “müharibəyə başlayaq, bir həftəyə İrəvana gedib çıxarıq” kimi populist açıqlamaları ölkə daxilində nə qədər xoşagələn, hətta real olsa da, mövcud geosiyasi müstəvidə utopiyadan, avantüradan başqa bir şey deyil.
Gerçəklik odur ki, Azərbaycan oyuna ağ fiqurlarla başlayıb həmlə etsə belə, rəqibi iki gedişə mat qoya bilməyəcək, üçüncü gedişdən sonra isə çarx geri fırlanmağa başlayacaq.
İndiki halda “II Qarabağ müharibəsi”nə başlamaq hərbi avantüraya uymaq olar və yeni-yeni itkilərə məruz qalmağımıza gətirib çıxara bilər. Ölkənin beyin mərkəzlərində bunu aydın şəkildə başa düşür və hesablaşırlar.
Əlac bizə sərfəli beynəlxalq situasiyanın yetişməsinə qədər səbrlə gözləməyə qalır.
Elə bir gün isə mütləq gələcək. Hərb tarixində, istilalar, işğallar səlnaməsində 20 il elə də böyük bir zaman kəsiyi deyil. Vaxtilə Türkiyənin Kars şəhəri 40 il ərzində Rusiyanın tabeliyində olub, amma sonra Kars da geri alınıb, başqa yaşayış məntəqələri də.
Bu baxımdan Şuşanın işğalından keçən illərin sayının artması hələ heç nəyi həll etmir. Əsas məsələ bu itkiylə barışmamaq, bu davadan usanmamaq və əlverişli zamanı gözləməkdir.
