Medianews.az
Əziyyətlə böyütdüyümüz uşaqlar
511 baxış

Əziyyətlə böyütdüyümüz uşaqlar

zamin yeni raz
Artıq hiss olunur təzədən atəşkəs rejiminə qayıdırıq, virtual vətənpərvərlərimiz də dünyada yaşayan bütün erməniləri qırıb Bakımıza qayıdıblar, o səbəbdən mövzu ilə bağlı bir-iki fikrimizi də yazaq, yoxsa sonra gec olacaqdır. Bir də gələn yay qırğın düşə ya düşməyə. Gələn yay, inşallah, yunanlar, ya da iranlılarla vuruşacağıq, çünki yapistlərin hesablamalarına görə artıq Ermənistanda ins-cins qalmayıbdır.
Fikir nədən ibarətdir? Birincisi, son atışmaları Rusiya amilinə bağlayırlar, deyirlər guya bunu ruslar təşkil edib. Ortada isə heç bir fakt yoxdur. Ancaq fərziyyələr, kiminsə yatıb yuxuda gördüyü söhbətlərdir. Lap hesab edək belədir. Guya bu, yapistlərin məsuliyyətini azaldır?
ABŞ inqilaba pul ayırmaq istəyirmiş, müstəqil siyasətimizi pozmaq fikri varmış. Rusiya uşaqlarımızı öldürür, cəbhədə təxribat edir. İran dini duruma müdaxilə edir, Türkiyə Ermənistanla sərhədi açmaq istəyir və sairə. Bunlar mənim sözlərim deyil, yapistlərin öz açıqlamalarıdır. Bəs o ağıza çullu dovşan sığmadan danışılan “uğurlu xarici siyasət” hanı? Xarici siyasət uğurludursa, Rusiya niyə ermənilər tərəfdən güllə atıb bizim gəncləri öldürür? Mən istərdim xalqımız ancaq çay içsin və asudə vaxtlarında bu sual üzərində düşünsün. Başa düşdük ki, erməni heç zaddır, arxalı köpəkdir, biz isə boz qurduq. Bəs niyə dünya ictimaiyyəti bu bozqurdu dəstəkləmir? 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunları necə olacaq? Yoxsa uca millətimizlə oyun oynamaq istəyirlər? Ar olsun!
İkinci mühüm məsələ “camaatın min bir əziyyətlə böyütdüyü uşaqların həlak olması” tezisi ətrafındadır. Mən ürək ağrısı ilə qeyd edim ki, hər dəfə kiminsə dilindən, ya müxalif medianın səhifələrindən bu tezisi oxuyanda dərin kədərə düçar oluram, həmişə fikirləşirəm bunun bir izahatını yazım, əl saxlayıram. Ancaq indi düşünürəm yazmaq lazımdır. Vətən söhbətlərində gizli fikir qalmasın gərək. Sabir demişkən, sonra gözümüz bərələ qalmasın.
Söhbət ondadır ki, bu millətin kasıb və yetim balaları cəbhə xəttində həlak olurlar. Guya indi kompüter sistemidir, kimin harada xidmət elədiyini kompüter müəyyənləşdirir. Bəs nə üçün Çıraqlı kəndində atışmada nazir uşaqlarını heç demirəm, adi sahə müvəkkilinin uşağı da gözə dəymir? Ancaq mövzumuz bu deyil. Mövzumuz əziyyət mövzusudur.
Azərbaycanda neçə illərdir kasıbların uşaqları vətəni qoruyub ölürlər. Ancaq valideynlərin, əsgər analarının buna etiraz edəcək heç bir qurumu, birliyi yoxdur. Əksinə, hakimiyyət hər həlak olanın ailəsinə beş-on kisə kartof yardımı edib söhbəti bağlayır. Sonra yenə bu mərhum əsgərlərin uşaqları harın məmurların qapılarında qalır, əziyyət çəkirlər. Gah görürsən təhsil haqqı verə bilməyib universitetdən qovulurlar, gah polis təpiyi altında qalırlar. Bunun səbəbi nədir? Niyə azərbaycanlılar uşaqlarının bir topa fırıldaqçı, oğru, yalançı məmurun boşboğazlığına qurban getməsinə dözürlər? Bəzən hətta “o biri uşaqlarım da qurban olsun” deyirlər?
Mən iddia edirəm ki, bu, həmin uşaqların əziyyətsiz böyüməsi ilə bağlıdır. Azərbaycan mülayim iqlim qurşağında yerləşir, uşağı buraxırsan çölə, bir də görürsən öz-özünə, otdan-əncərdən yeyib böyüyüb. Hələ əksinə, uşaq özü valideynin əziyyətini çəkir, balaca vaxtından orda-burda işləyib evə pul gətirir. Oliqarx, nazir, məmur uşaqları başqa məsələ! Onların valideynləri bu uşaqlara görə həqiqətən əziyyət çəkirlər. London klinikasında doğuş, İsveçrədə bağça, Amerikadan gətirilən dayə, Fransada litsey, nə bilim, Oksfordda təhsil, Lacivərd Sahildə istirahət... Hələ arada uşaq “Bentli” ilə kimisə basdalayır, buna görə nə qədər itin-qurdun ağzını yummalısan, QHT-lərə pul tökməlisən, AŞ PA-da deputat almalısan, canım sənə desin, respublika daxilindəki dilənçilərə nəzir verməlisən və sairə və ilaxır. Bunlar hamısı əziyyətdir, xərcdir.
Kasıb isə uşağına əziyyət çəkmir, çəksə vəziyyəti ilə də maraqlanar. Əziyyət çəkilən uşaqda o əziyyətin nəticəsi də görünməlidir. Görünmür. Təhsil yox, sağlamlıq yox, iş-güc yox... Hərbi ixtisaslara, zabit olmağa keçid balı hər il ən aşağı səviyyədə olur.
Ümumiyyətlə, insan öz vətəni ilə maraqlanar, onun sərvətini kim oğurlayır, seçkisini kim saxtalaşdırır suallarını verər. Vermirsə, qalanı əfsanədir.

Bizə qoşulun