Bugünlərdə informasiya lentlərində məktəblərimiz haqda növbəti maraqlı xəbər yayılmışdır. Xəbərdə deyilirdi ki, Bakıdakı məktəblərdən birinin direktoru müəllimlərdən pul yığıb bankdan aldığı krediti ödəyir. Sitat: “Direktor İradə xanım mənim sinif rəhbəri olduğum sinifi pərən-pərən salıb. İlin əvvəlindən mənə 5 dəfə töhmət verib. Uşaqlar dərs oxumayanda, nadinclik edəndə onları danlaya da bilmirəm, mənə verilən töhmətlərin divardan şəklini çəkib telefonlarının yaddaşında saxlayırlar. Direktordan şikayət edəndə deyir gedin əlinizdən gələni beş qaba çəkin, Təhsil Nazirliyində mənim dalımda da duran var, qabağımda da” (Oxuculardan üzr istəmirəm, müəllimə elə bu cür deyib).
Bundan sonra jurnalist "KİV haqqında" Qanuna görə direktorun fikrini öyrənib. Direktorun müəllimə haqda fikirləri də bütün pedaqogika, təlim-təhsil, etika-estetika, elm-helm, canım sənə desin, Misir-Mikayıl, kurrikulum-quqquluqium metodikalarına tam uyğundur. Buyurun: “Ay əclaf, ay əclaf qadın... Mədinə məktəbimdə ən savadsız müəllimdi. Onu məktəbdə 7 ildir necə yola verirəm, bunu bir Allah bilir. Onun kimi vicdansız bazar arvadı yoxdur. Məmnuniyyətlə, buradan rədd olub gedərəm, amma Mədinəyə görə getməyəcəm. Özümü min kişidən üstün sayıram, qaçan kişilərdən deyiləm. Bir Mədinənin xarici görkəminə baxın, görün elə müəllim olar? Uşaqları zəifdir, özü tərbiyəsizdir”. Sitatın sonu.
Doğrusu, bizdə Mədinə müəllimənin xarici görkəmi haqda məlumat yoxdur, xəbəri yazan jurnalist də ortada bir qadın şəkli qoymuşdu, bilinmirdi bu Mədinə müəllimədir, yoxsa İradə müəllimədir. O səbəbdən, hansının xarici görkəm etibarı ilə müəllim olmağa layiqliyini deyə bilmərik. Oxucularda seçim imkanları olmalıdır. Bir foto ilə necə müəyyən eləyək? Ancaq ümumi olaraq həmin 1 fotoya qiymət vermək mümkündür, hazırda təhsil sistemimiz o simada qadın müəllimələrlə zəngindir, onlar seçkilərdə də həmişə aktiv olur, cənab prezident üçün hər yerdən bülleten çıxardırlar. Tomris, Natəvan, Həcər, Kleopatra, Medeya, Ofeliya, Cülyetta, Leyli qeyrətli bu müəllimlərlə fəxr edirik! Tomris sağ olsa, bizim məktəblərə baş çəksə Kirin yox, özünün başını kəsərdi. Nəsə, çox tarixə baş vurmayaq, yazımızın predmeti ayrıdır.
Tarix və predmet demişkən... Əslində müəllimələrin yuxarıda verdiyimiz dialoqu təhsil sistemimiz üçün görünməmiş hal deyildir. Dərsliklər də bu cür yazılır. Məsələn, bu yaxında hansısa sinfin ədəbiyyat dərsliyindən sitat verilmişdi, orda qəhrəman qarşılaşdığı qadına belə deyirdi: “Kəs səsini, qancığın balası!” Əlbəttə, ədəbiyyatda vulqarizmi şagirdə başa salmaq üçün ayrı çarə yoxdur, söyüş də kitaba yazılmalıdır. Ancaq tək vulqarizm deyil. O cümlədən tək ədəbiyyat da deyil. Bizim tarix dərsliklərində də uşaqlara gözəl sözlər öyrədilir, misal üçün, qədim Roma tarixinə aid dərsdə Mədinə müəllimə uşaqlara kitabdan oxuyur: “Bu vaxt Yuli Sezar qanını silib dedi ki, Brut, köpəyoğlu, sən niyə mənə qılınc soxursan!?”
10-cu sinfin fizika kitabında (“Pedofiliya” nəşriyyatı, Bakı, 2013) isə Nyutonun arvadı haqda maraqlı məlumatlar, Nils Borun 1942-ci ildə Danimarkada necə əxlaqsızlıqla məşğul olması, Eynşteynin şok, yarıçılpaq fotoları dərc edilmişdir. 9-cu sinfin “Cəbr” kitabında triqonometrik tənlikləri həll edərkən hansı əclaflıqlarla üzləşilməsi, 7-ci sinfin kimya dərsliyində sulfat turşusunun dalında və qabağında Təhsil Nazirliyindən kimin durması, hansı elementlərin açıq havada oksigenlə əlaqəyə girib oksidləşməsi və sairə məzmunlu dillə təsvir edilibdir.
Yəni əziz və hörmətli oxucular, bizim təhsil sistemi bütövlükdə “16 plyus”dur. Elə qarşıda duran əsas çətinlik də budur ki, uşaqlar 16 yaşa çatıb məktəbi bitirirlər, dərslikləri və müəllimələrin metodiki çalışmalarını əxz etməyə vaxtları qalmır. Fikrimcə, yaxın illərdə bu problem həll edilməlidir.
