Medianews.az
Dərnəgül yolunda Amerika təyyarələri!
552 baxış

Dərnəgül yolunda Amerika təyyarələri!

zamin yeni raz

Vay-vay, məxfi məlumat yaydıq!

İyul ayında biz qətlə yetirilmiş Elmar Hüseynovun doğum gününü qeyd edirik. Yapistlər onun qatillərini tapmayıblar, ola bilsin 2005-ci ildən bəri - jurnalist öldürüləndən sonra güzgüyə baxmırlar. Ölkədə guya gizli qalan, əslində səbəblərini hər kəsin bildiyi və qatillərini isə az qala barmaqla göstərdiyi belə ölüm hadisələri çoxdur. Dövləti sarsıdan, onu oyuncağa çevirən, banan-badımcan dövlətinə döndərən əlamətlərdən biri də siyasi-ictimai qətllərin törədilməsidir. Bu baxımdan, adında “milli təhlükəsizlik” kimi cah-cəlallı ifadə daşıyan qurum dövlətin banan dövlətinə çevrilməsinin əsas günahkarlarından biridir, bəlkə birincisidir.

Jurnalist həmkarımız Rauf Mirqədirovu şərləyib zindana salıblar, bugünlərdə MTN və Baş Prokurorluğun adından həmin həbs haqda növbəti cəfəngiyyat açıqlanıb. Guya “cinayət işinin icraatı zamanı yeni xüsusatlar ortaya çıxdığından ictimaiyyətə məlumat vermək zərurəti” ortaya çıxıbmış. Bəs bu yeni xüsusatlar nədir və yapistlərin xüsusi xidmət orqanları ölkədə repressiyanı gücləndirmək, cəmiyyəti qorxutmaq üçün daha nə ediblər?
Açıqlamanı oxuyanda Mirqədirovun hansı gerizəkalı sistemin əlində əsir olduğunu düşünüb kədərlənirsən, eyni zamanda adamı gülmək tutur. Məsələn, sən demə, Ermənistan məxfi xidmətləri vətəndaşlarımızı pulla ələ alaraq “ölkəmizdəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, iqtisadi layihələr, Dağlıq Qarabağ problemi ilə bağlı yürüdülən siyasətdə baş verə biləcək dəyişikliklər barədə məlumatlar toplamaq” məqsədi güdürmüş.
Sonuncudan başlayaq. Görəsən, Dağlıq Qarabağ problemi ilə bağlı yürüdülən siyasət nədir, 21 ildə bu siyasətdə nə dəyişib ki, düşmən də onun haqqında öncədən öyrənmək istəsin? Necə deyərlər, çevir tatı, vur tatı... Problemi qəsdən dondurub günahı ATƏT-in üstünə atmaq, xalqı beş-on tankla aldadıb ölkəni offşor şirkətə çevirmək, vətənpərvərliyi alver vasitəsinə çevirmək - siyasət budur? Ermənilər guya bunu bilmir? Axı burdakı sistemdən biri də cəbhə xəttinin o üzündədir! Eyni manipulyasiyalar, kasıb xalqın qanı üzərində Pirr qələbəsinin eyforik şəkildə qeyd edilməsi də Ermənistan “yapistlərinin” siyasətidir. Mirqədirov kimi dustaqlar cəbhənin o üzündə də var.
Ermənilərin iqtisadi layihələrimizi öyrənmək cəhdi növbəti absurddur. Bulvarın uzunluğu 21 kilometr olacaq, Ağcabədidə qatıq sexi açılıb, Yavər Camalov yaba buraxır, Vasif Talıbov da müəllimlərə pazı əkdirir. Buyurun, bu dəhşətli iqtisadi layihələri açıqladığım üçün, dövlətin xüsusi gizli iqtisadi məlumatlarını düşmənə ötürdüyüm üçün məni də tutun. Necə qəribə iqtisadiyyatdır... Biz içində yaşayırıq, ancaq görmürük. Ermənilər qıraqdan baxır, görə bilmir. Mirqədirov-Ceyms Bonddan yararlanmaq istəyəndə də Eldar müəllim basır tutur.
MTN-BP cütlüyünün açıqlamasında ən fısqırıq və enli hissə isə budur: “O cümlədən R.Mirqədirov Azərbaycan hakimiyyətinin guya ABŞ-a İrana hazırlanan hərbi müdaxilədə öz ərazilərindən istifadə etməsinə icazə verməsi, ABŞ tərəfindən Bakıda gizli hərbi obyektlərinin tikiləcəyi, Zığ şossesinin betondan hazırlanmaqla yol tikintisinin gələcəkdə İrana hərbi zərbələr endirilməsi zamanı hərbi təyyarələrin uçuş-enmə zolağı kimi istifadə olunması məqsədilə maliyyələşdirilməsi, qeyd olunan ərazilərin və digər hərbi obyektlərin fotoşəkilləri və sxemləri ilə birgə məlumatları ötürüb”.
Yəni hətta Mirqədirov bunu erməniyə ötürsə belə bunun yalan olduğunu etiraf edirlər. (“Guya” ifadəsi). Belə çıxır ki, yapistlər Mirqədirovu... ermənilərə yalan məlumat verməkdə suçlayırlar? Ancaq yox, çekistlərimiz düşündüyünüz qədər avam deyil.
Söhbətin əsaslandırması da var. Növbəti abzası oxuyun: “Həmin məlumatlar Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycanla İran arasında mövcud münasibətlərə ziyan vurulması və düşmənçilik münasibətlərinin yaradılması üçün istifadə edilib”. Sitatın sonu.
İndi mən başa düşdüm, AzTV “Almaniya dağılır” deyəndə əslində Azərbaycan və İsrail arasında mövcud münasibətlərə ziyan vurmaq məqsədi güdürmüş. İbrahim Məmmədov yenə həmin AzTV-də “Elə götürək Yaponiyanı” deyərkən Çin və Monqolustanın düşmənçilik münasibətlərini yaratmaq üçün istifadə edirmiş.

Bizə qoşulun