Medianews.az
Prokurorun texniki göstəriciləri
512 baxış

Prokurorun texniki göstəriciləri

zamin yeni razSaxta cinayət işlərindən biri də İsmayıllı hadisələrinə aid cinayət işidir. Uca millətimizin xəbəri var, həmin işlə Tofiq Yaqublu və İlqar Məmmədov başda olmaqla xeyli insan həbsdə saxlanılır. Qanunsuz istintaqı aparan prokuror və saxta məhkəmə hökmü kəsən hakimlər isə öz axurlarında yemlənirlər. İsmayıllı işi o qədər maraqlı işdir ki, üstündən zaman keçdikcə yeni təfərrüatlar ortaya çıxır.
Bu yaxında gözəl insan, vəkil Nemət Kərimli daha bir saxtakarlıq detalı aşkarlayıb. İstintaq sənədlərini araşdırarkən görüb ki, prokuror Elmar Bayramov 24 iyun 2013-cü il, saat 12:55-də Şamaxı rayonunda şahid Fərəc Əzizovu, eyni gün saat 13:00-da isə İsmayıllı rayonunda zərərçəkmiş Rəşad Əhmədovu dindirməyə başlayıbdır. İndi vəkil sual edir: prokuror 5 dəqiqə ərzində Şamaxıdan İsmayıllıya necə gedibdir?
Düzü, mən dəqiq bilmirəm Şamaxı-İsmayıllı yolu nə qədərdir. İndi zəng vurdum həmin istiqaməti Şəki məhkəməsinə gedib-gəlmək üçün su yoluna döndərən müsavatçı dostlardan birinə (adını çəkmək istəmirəm, bunu da vaxt gələr izah edərəm), deyir 38-40 kilometr olar.
Azərbaycan prokurorluğunda 40 kilometri 5 dəqiqəyə uçan məxluqların işlədiyini öyrənib qəmli könlümüzü şad elədik. “Uçan” ona görə yazıram ki, bu faktiki uçuş sürətidir. Məncə Zakir Qaralov və cənab prezident prokuror Elmar Bayramovdan dövlətçiliyimiz üçün başqa istiqamətlərdə də təyinatı üzrə yararlanmalıdır.
Məsələn, Bayramovun bir neçə saniyəyə 100 kilometri yığmaq qabiliyyəti onun “Formula-1" yarışlarında istifadəsini zəruri edir. Maşın formasında üstünü dəmirlə örtsək, altına 4 təkər qoysaq ermənilər və sairə xarici düşmənlərimiz də görüb səs-küy salmaz. Bunu Vasif Talıbovun Naxçıvanda yığdığı ”Nazlı-Lifan" Çin avtomobilinin yeni, sürətli, aerodinamik-prokuror modeli kimi təqdim edərik.
Ermənistan-Dağlıq Qarabağ-Azərbaycan-Mingəçevir-İrəvan-Lənkəran-Dənizkənarı Bulvar İdarəsi müharibəsi ölkəmiz üçün əsas taleyüklü problem olduğundan prokurorun sürəti bu sahədə də işimizə dəstək olacaqdır. Elmar Bayramov bir dəfəyə 100 kiloya yaxın bomba götürüb Kürdəmir aerodromundan havaya qalxsa, erməni radarlarından yayınaraq Xocalı aeroportunda Sərkisyanın quraşdırdığı naviqasiya qurğularını sıradan çıxartsa, bunun nəyi pisdir? Axı niyə uğurlarımızı görmək istəmirsiniz?!
Xatırladım ki, havada uçan adamı görmək çətindir, hərbi təyyarəyə nisbətdə ölçülər müqayisə edilməyəcək dərəcədə kiçikdir.
Məsələn, amerikalıların məşhur qırıcı uçağı “F 16"-nın uzunluğu 15 metr, qanadlarının uzunluğu isə 9 metr 45 santimetrdir. Rusların MİQ-33 uçağının texniki göstəriciləri lap bərbaddır: uzunluq 17 metr 32 santimetr, qanadlar 11 metrdən çox. Lap dəqiq yazsam 11 metr 36 santimetrdir. Mən bilirəm ki, oxucular belə hərbi-kəşfiyyat xarakterli, ciddi mövzularda yüksək dəqiqliyin tərəfdarıdır. Elə dövlətçiliyimiz də bizdən bunu tələb edir. Yaşın nə fərqi var, mənə sevirəm de!
İndi isə gəlin prokuror, ədliyyə müşaviri Elmar Bayramovun texniki göstəricilərinə diqqət yetirək.
Elmar müəllimin boyu 1 metr 68 santimetr, diri çəkisi (yəni bombalarsız) isə 120 kilodur. Əllərini yana açmış durumda bir qanadının ucundan o biri qanadının ucuna olan məsafə maksimum 1 metr 32 santimetrdir. Doğrudur, bəzi prokurorluq əməkdaşlarımız əli uzun olurlar, ancaq bu, qırıcı-prokuror tipli modellərə aid deyildir. Bunlar daha çox “kukuruznik”lər - yerli müxalifət partiyalarındakı xırda zərərvericiləri dərmanlayan prokurorlardır. Qırıcılar daha kiçik olur, çünki yüksək sürətlə uçmalı, düşmən müxalifət partiyasının vacib üzvünü və ya Dağlıq Qarabağdakı yerüstü hədəfi məhv etməli, dərhal aradan çıxmağı bacarmalıdır. Bu münasibətlə Elmar müəllimi yetişdirdiyi üçün Zakir müəllimi, onu da yetişdirdiyi üçün doğma Borçalı elini, başda Zəlimxan qağa olmaqla təbrik edirəm!

Bizə qoşulun