Başqa mövzular hələlik ölsün yerində, ən aktual mövzu Gürcüstana keçirilən 3 tona yaxın heroinin Azərbaycanda necə peyda olmasıdır. Dövlət qurumlarımız səslərini müəyyən yerlərində boğub bu mövzuya izahat vermədikləri üçün xalqımız özü araşdırmaları davam etdirir. Yeni təfərrüatlar ortaya çıxmaqdadır.
Məsələn, məlum olub ki, narkotik AXC-Müsavat dövründə Gürcüstana keçirilirmiş, sadəcə, əməliyyat 21 il çəkib, yalnız bugünlərdə bitmək üzrəymiş ki, gürcü polisləri cinayətin üstünü açıblar. Yoxsa yapistlər hara, narkotik hara... Hamısı həccə getmiş, məscid tikdirən imanlı insanlardır. Bunlar hallanan yox, halal tiplərdir.
İkinci təfərrüat Sədərək gömrüyünün ağır seyid şefi Mirməhəmməd Seyidov yoldaşın həyat və yaradıcılığı ilə sıx surətdə bağlıdır. (Cəddi köməyimiz olsun, ilahi, amin!). Demək, bildiyiniz kimi, Türkiyə polisi Mirməhəmməd müəllimi tutub aparmışdı, uzun müddət qazamatda saxlamışdı. Deyirdlər gömrük şefi insan alveri, qaçaqmalçılıq və sairə bu tipli əməllər törədən beynəlxalq kriminal dəstə ilə əlbir imiş. O vaxt dəstənin rabitə vasitələrində gizli danışıqlarının gülməli mətni də yayılmışdı, sən demə yoldaş Seyidov sərhəddən nəyisə qanunsuz keçirdəndə Türkiyə tərəfindən istədiyi rüşvəti ratsiyada bu cür xəbər verirmiş: “Bir az qarın ağrısı dərmanı lazımdır, göndərin”. Dolları qarnına yapışdıran kimi ağrı kəsirmiş. Ümumiyyətlə, bu, Azərbaycan səhiyyəsinin unikal metodlarından biridir, texniki baxımdan çalışmaq lazımdır yüzlüyü qarına yapışdıranda Franklinin ağzı hardasa göbək nahiyəsinə düşsün.
Uzun sözün qısası, türk qardaşlarımız gömrükçümüzü antiqardaşcasına tutub aparmışdılar. Sonra dedilər buraxılıb, açığı, bu haqda da dəqiq bir məlumat yoxdur. Bəlkə heç buraxılmayıb. Azərbaycan dövlətçilik sisteminə nə var, bir də gördün açıqlama verdilər ki, siz nədən danışırsınız, Seyidov Sədərək gömrüyünün rəisi olmayıbdır, ümumiyyətlə Sədərəkdə gömrük yoxdur. Məcbursan inanasan. İnanmayanları tuturlar axı. Elə dünən axırıncı inamsızlardan birinə - Gəncə hüquq müdafiəçisi Həsən bəyə 6 il həbs cəzası verdilər.
Sözümün canı odur ki, Mirməhəmməd bəy Öcalanla bir kamerada saxlanıldığı günlərdə gömrüyümüz yiyəsiz qalmışdı. Bax, Gürcüstana 3 ton heroin də elə o anda keçirilib! Vəssalam! Söhbət bu qədər sadədir! Günah Ərdoğandadır. Sədərək gömrüyünün Gürcüstanla sərhədinin olmaması isə məsələnin mahiyyətini qəti dəyişdirmir. Üç rəngli bayrağınla məsud yaşa!
Sevindirici haldır ki, dövlətçiliyimizin heroin suvağı ilə möhkəmləndiyi bugünlərdə deputat Adil Əliyevin Türkiyədən xoş sorağı gəlir. Bəy orda Ağrı dağına çıxıbdır. Bu, bizim deputatlarda alpinizm yanğısının ilk təzahürü deyildir, onların əsasən 2 fəaliyyət sahəsi var: qanun qayırmaq və dağa dırmaşmaq. Üzvi əlaqəli sahələrdir, çünki o cür deputatxana fəaliyyətinin enində-sonunda hamısı dağa qaçmalı olacaqdır. İndidən öyrənirlər.
Başqa üzvi əlaqəli sahələrimiz isə idman və kriminaldır. Azərbaycanda idmançının cinayət törətməsi, yaxud cinayətkarın idmançı olması hətta fəlsəfi dartışılır - hansı birincidir kontekstində. Yenə bugünlərdə peşəkar boksçularımız dalaşıblar, 1 ölü, 2 yaralı vardır. Ancaq maraqlıdır, qətl yumruq zərbəsi ilə deyil, bıçaq və tapança davası zamanı olub. Rəhmətliyin uşağı, daha o idmanı nə üçün edirsiniz? Əgər axırda gücünüzü yenə tüfəng-bıçaq ölçəcəksə, başınıza dəysin o idman zalı, o məşqlər... Bıçaqlaşma idmanı da yoxdur ki, deyək bu üzrə bəlkə bir qələt eləyəcəklər. Birinci hadisə deyil, idmançılarımızın bıçaqlaşması çox rast gəlinmişdir.
Fəxr edirəm ki, azərbaycanlıyam.
