Gürcüstan tarixi ərzində ən böyük narkotik daşınması faktının üstünü açıb. 3 tona yaxın heroini Türkiyəyə aparmaq istəyən böyük bir avtomobil tutublar. Heroin avtomobillərdəki çəlləklərə doldurulubmuş. Ən maraqlısı, daha doğrusu, bizim üçün maraqlısı isə bu deyil. Gürcüstanda nə tapılıb, bunun bizə elə bir istisi-soyuğu yoxdur. Ona qalsa gürcülər demokratiyanı da bizdən qabaq qurublar. Heç maraqlanırıqmı, necə qurublar? Nəyimizə gərəkdir.
Əhvalatın maraqlı cəhəti odur ki, gürcülər bu 3 ton heroini Azərbaycan sərhədində tutublar. Həəə... Necə deyərlər, burda Kərəmi ağlamaq tutur. Çoxlu suallar pırtlayıb düşür ortalığa.
3 ton heroini Azərbaycana kim gətirib, burdan necə keçirdib? Necə olub qəhrəman, itigöz, əlitəmiz, vicdanıpak gömrük işçilərimiz, sərhədçilərimiz, polis-prokuror-emteen-qoçu-moçu və sairə dəstələrimiz bu boyda zırıltını görməyiblər? Narkotik qıraqdan gəlibsə, demək bunu 2 dəfə görməyiblər - bir respublikamıza girəndə, bir çıxanda? Yox, əgər narkotik burda emal olunub hazırlanıbsa bunun xammalı, sexləri hardadır, milli narkobaronumuz kimdir, xalq öz qəhrəmanlarını tanımalı deyilmi?
Suallar bir abzasa yerləşmədi, oxucuların gözü yorulmasın deyə təzə abzas açıram.
Necə olur hansısa müxalif fikirli gəncin, misal üçün, Facebook-da hakimiyyəti tənqid edən Ömər Məmmədovun cibindəki 3 qram “narkotiki” Bakıdan baxıb Quzey Kıbrısda görən polislərimiz 3 ton heroin aparan maşını görməyiblər? Eldar Mahmudov NİDA üzvlərinin kirayə qaldığı mənzildəki butulkanın başına taxılan şprisdəki mayenin yandırıcı olduğunu iyindən bilir, ancaq 3 ton narkotiki hiss eləmir? Sərhəd Qoşunlarının duyğusal komutanı Elçin müəllimin duyğuları korşalıbmı, narkotiki seçə bilmirmi? Gömrük Komitəsində işləyən nehrəmli uşaqlar hara baxırmışlar?
Əlbəttə, bunlar hamısı nəzəri, elmi-fəlsəfi, irrasional, abstraksionist suallar idi, gərək özümüzü və şanlı dövlətçiliyimizi yormazdıq. Axı bizdə dünya korrupsionerlərinə örnək olacaq ASAN-xidmət var! Gəlirsən, arayışı alırsan, qızlar üzünə gülür, hətta millət bu xidmətin səviyyəsinə çatmamışdır, İsveçrədə yaşayan gənc və perspektivli yazıçımız Əli müəllim də bu yaxında bunu uzaq Sürixdən gördü, çox dilxor oldu. Deyir, bir azərbaycanlı girib ASAN-xidmətə, orda işləyən hamilə qadına deyib (əslində orda analıq dekreti arayışı verən avtobus var, həmin gün rayona getdiyi üçün yazıq qadın işə çıxıbmış) sən öl sənin qarnındakı küçüyü çıxardaram, dolayaram ayağıma ikinizi də, sürüyərəm bulvara qədər... Fantaziyaya bax, sən canın. İndi güman edilir həmin mənfur azərbaycanlı 3 ton heroini Gürcüstana keçirtmək üçün ASAN-xidmətdən arayış alırmış. Yazıçı gec bilib, ifşa edib, narkotik artıq sərhədi keçibmiş. Tfu... Tfu sizin üzünüzə, ölülər!
Bəs narkotik Gürcüstana necə keçib? Ola bilərdi quldurlar sərhədçilərimizi və digər hüquq-müquq orqanlarımızı aldadıblar, onların məsumluğundan, insan sevgisindən yararlanıblar. Çünki bizim orqanlarda adətdir, özləri o qədər təmiz, günahsızdır ki, kimsə and içib “sən öl cinayət eləməmişəm” deyəndə adamı buraxırlar. Bu saat ölkə bu cür azadlığa buraxılan milyonlarla insanla doludur. İndi heroin maşını da sərhədə yaxınlaşanda orda cəsur orqanlarımız yaxınlaşıb sürücüyə, deyiblər: “Qardaş, üzr istəyirik müvəqqəti narahatçılığa görə, sizdən bir söz soruşmağa rica etsək qəlbinizi qırmağa səbəbkar olmarıq ki?” Şofer də yüz faiz kobud cavab verib: “Ə bə nə deyirsən ə, qanqalaxlıq salırsan? İmkan ver bir qısmat gilas aparaq da bə!”. Sərhədçilər də inanıblar, elə biliblər maşındakı ağ gilasdır. İstifadə eləyən yoldaşlar var, deyirlər heroinin bir suyu ağ gilasa oxşayır. Yaxşı yetişənini kəsəndə eynən qarpızdır.
Ancaq bu, versiyadır. Mən işi araşdırdım, lap dəqiq səbəbi tapdım: əslində narkotik Gürcüstana bizim ərazidən keçməyib. Maşın bizim sərhədi keçəndə çəlləklər boş imiş. Orda Gürcüstanla Azərbaycan arasında neytral zolaq var, ATƏT belə nəzarət edə bilmir. Daşlıq Qarabığ adlanır. Bax, maşına 3 ton heroini orda doldurublar. Ar olsun! Tfu sizin üzünüzə! Gül kimi dövlətçiliyimizə şər atanları da ağcaqanad pis yerindən dişləsin!
