Bu yaxında Elmlər Akademiyasına seçkilər keçirildi, təzə akademiklərin siyahısında hakim ailədən azı 2 nəfərin adı var idi. Ona görə “azı” yazıram ki, siyahıya tam göz gəzdirməyə həvəs olmadı, həm də bizdə hakimiyyət ailəsinə kimin daxil olması, kimin çıxması çox vaxt gizli qalır, uca millətimiz bir də “su boğaza çıxanda” ayılır ki, sən demə, belənçik işlər var imiş.
Qəttəzə akademiklərdən biri prezidentin doğmaca bibisi idi və bu bibinin, ömrü uzun olsun, 85 yaşı var idi. O, bu yaşda elmdə daha hansı akademiklik eləyəcək, bunu buraxaq AMEA-da ona səs verən alimciyəzlərimizin qoca vicdanına. Mən başqa bir detalı düşündüm: bu xanım axı mərhum Heydər Əliyevin bacısı olub! Guya Heydər Əliyev istəsəydi bacısına akademik adı verdirə bilməzdi? Etməyib. Ancaq indi sərbəst şəkildə edirlər.
Mən keçmişə nostalji ilə yanaşmıram, o dövr bəzi parametrlərinə görə indikindən pis idi və indinin bünövrəsi məhz o günlərdə qoyulub. Hər halda, yapistlər 1988-ci ildə başlayan xalq hərəkatına liderlik eləmiş dəstənin böyük hissəsinin Elmlər Akademiyası dəhlizlərindən çıxdığını anlayırdılar, ona görə bu “şeytan yuvası” ilk növbədə darmadağın edilməli idi. Ancaq unutmayaq ki, “Birinci Əliyev” uzun illər Ali Attestasiya Komissiyasına Azad Mirzəcanzadə kimi vicdanlı insanın rəhbərlik eləməsinə icazə vermişdi. Yaxud Midhət Abbasovu məlum və məşhur cavabından sonra repressiya etmədilər. Yazıq İsmayıl Vəliyev yadınıza gəlirmi?
Akademiyanın həmin iclasında, yadımızdan çıxmamış, 3 yeni institut da yaratdılar. Guya indiyə qədər olan elmi institutlarımız hansısa yaralı barmağa məlhəm olubmuş, təzələrinə ehtiyac yaranıbmış. Bəs bizim milli elmlərimizdəki o məşum üç boşluq, o üç qara dəlik nə üzrə imiş? Buyurun, adlarını oxuyun, feyziyab olun: Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu, Dünya Siyasəti İnstitutu.
Rəhmətliyin uşağı, camaat az qala kor bağırsağını da kəsdirməyə İrana qaçır, sizin haranıza yaraşır axı molekulyar biologiya və biotexnologiya öyrənirsiniz? Kasıb itinin adını “Gümüş” qoyan kimi, bu dəbdəbəli adları hardan tapırsınız?
Dünya siyasəti lap fısqırıq söhbətdir. Daxili siyasəti araşdırıb yarıtmışıq. Məncə, bu instituta məşhur “Rusiya dağılır” geopolitik tezisinin müəllifi Vəfa Quluzadəni direktor qoymaq lazımdır. Səyavuş Novruzovla Zahid Oruc da direktor müavini olarlar.
Ancaq elm tarixini öyrənən, araşdıran quruma dəqiq ehtiyac var. Çünki bu gedişlə Azərbaycanda onsuz elm-filan qalmayacaq, qalsa tarixi qalacaq. Alimlərimiz orda elm tarixini araşdırıb Nyutonun başına düşən almaya imamların təsiri, Marsa uçan aparatın hansı hədisdə təsvir edilməsi mövzularında kitablar yazarlar. Zarafat eləmirəm, bu dəqiqə istiqamət belədir. Ancaq belə qüssəli anlarımda Dadaş müəllimin işıqlı xatirəsi mənə yaşamağa kömək edir.
Uşaq idim, bir gün nənəm hindən əcaib, qurbağaya oxşayan cücə gətirdi. Cücənin 4 ayağı var idi. Kənddə kimya-biologiyadan dərs deyən Dadaş müəllim təsadüfən həmin gün bizə gəlmişdi. Nənəm cücəni göstərdi, Dadaş müəllim gülərək dedi: “Bax, bu cücə Darvin nəzəriyyəsini - suda quruda yaşayanların quşların əcdadı olmasını isbat edir”. Bu cümlə mənim uşaq yaddaşıma həkk olundu və böyüyəndə elmə hörmətimə təsir elədi.
İndi Suriyaya gedənləri, cin çıxardanları və sairə cahilləri görəndə fikirləşirəm ki, hər bir uşağın qabağına bir “Dadaş müəllim” çıxmalıdır. Özü də sizə deyim ki, həyat əslində qəddar deyil, sadəcə, biz onun qarşımıza çıxartdığı “Dadaş müəllimlərə” çox zaman diqqət eləmirik.
