Medianews.az
Sadəlövh adamların gözləntiləri
479 baxış

Sadəlövh adamların gözləntiləri

samir sari kose 1
Prezident düz deyir, biz əcəb sadəlövh adamlarıq, özümüzü müxalifətçi və ya hüquq müdafiəçisi adlandırırıq, amma xəbərimiz yoxdur ki, Avropa liderləri, yumşaq desək, sadəlövh deyillər.
Nə bilək, biz də bunları prinsipial, demokratik prinsiplərə önəm verən, insan haqlarına aid dəyərləri prioritet sayan personalar hesab edirdik. Heç demə, Əliyev demişkən, bunlar 11 il ərzində bir dəfə də prezidentimizə bir söz demirmişlər.
O vaxt böyük hay-küy düşmüşdü, president Obama və dövlət katibi Hillari Klinton həbsdə yatan bloggerlərin adını ağızlarına almışdılar. Hətta deyilirdi ki, onlar belə bir xahişlə və ya tələblə Əliyevə zəng vurublar, deyiblər ki, bloqçuları azad et. Havayı söhbət imiş.
Amma xanım Klintonun gənc ictimai-siyasi fəal Bəxtiyar Hacıyevi şəxsən öz nüfuzu hesabına azad etdirməsi haqq-hesabını hansı qrafaya yazaq, düzü, bilmirəm. Gözə görünən o idi ki, 3 gün əvvəl dustaq olub ikiyaruslu koykada yatan Bəxtiyar ABŞ dövlət katibi Bakıya varid olanda artıq azadlıqdaydı və ABŞ-ın Bakıdakı səfirliyində onunla üzbəüz oturub xala-bala şəkil çəkdirirdilər.
İndi ikisinin biridir, ya xanım Klinton Bəxtiyarın xahişini Əliyevdən şəxsən edib, ya da Hacıyevi prezidentin xəbəri olmadan azad ediblər.
Biz, yumşaq deməsək, lap avam adamlarıq, elə bilirik ki, avropalı liderlər prezidentimizə vaxtaşırı nəsə deyirlər, nəsə bir xahiş edir, nəsə bir tövsiyə verirlər, bu da onları eşidir. Elə deyilmiş. Məsələn, dünənə qədər elə bilirdik ki, hüquq müdafiəçisi Leyla Yunusu həbsdən qurtaran yeganə səbəb Fransa prezidenti Ollandın Əliyevlə ikitərəfli görüşlərdə onun adını çəkməsidir. Bu da əbəs güman imiş.
Söz yox, bizim hakimiyyət də arada tapşırığa, xahişə baxır, amma bunlar qarşılıqlı sövdələşmə əsasında olmalıdır.
Məsələn, Ərdoğan deyir ki, sayın Əliyev, lütfən, ölkənizdə olan Gülən məktəblərini bağlaya bilərsənmi? Əliyev də deyir, bağlayaram. Bəs sən nə yapa bilərsən abinə? Ərdoğan deyir, nə yapayım abimə, de. Əliyev deyir, ölkənizdə yaşayan və Ermənistana gedib-gələnlərdən birini ver, tutaq. Vəssalam, razılıq əldə edilmişdir. Al bu sana Mirqədirov, di bağlayın məktəbləri. Al, bu da sənə bağlanmış “Araz” kursları.
Beləcə, “Araz” axır “Kaspi”yə tökülür. Qoy şagirdlər ildə 4-5 min verib “Kaspi”də oxusunlar və qürur duysunlar ki, talelərini iki qardaş dövlətin rəhbərləri müəyyən edib.
Mirqədirov və onun tərəfdarları isə oturub avropalı liderlərin ikitərəfli görüşlərdə Əliyevə nəsə deyəcəklərini gözləməlidirlər. Hələ o da desələr. Deməyə də bilərlər. Çünki neft, qaz, İranla qonşuluq, Rusiya ilə yaxınlıq və sair qlobal söhbətlər olan yerdə sadəlövh adamların gözləntilərinə yer yoxdur.
Biz avamların ağlı gedir eyzən haqq-ədalət davası aparan isveçrəli deputat Andreas Qrossa. Daha bilmirik ki, o, Mahatma Qandi, David Ben Qurion kimi gözü-könlü tox olan nadir insanlardan biridir, baxaq görək, onun ölkəsinin prezidenti Didye Burkhalter Əliyevlə ikitərəfli söhbətində siyasi məhbuslardan danışır, yoxsa bank sahəsində əməkdaşlıqdan, karbohidrogen resurslarından və s.
Prezident onu da düz deyir ki, Avropa ölkələrinə çoxsaylı səfərləri, Avropa dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu göstərir. Ortada qarşılıqlı hörmət-izzət, ortaqlıq, biznes layihələri olandan sonra dürüst seçkilərin, günahsız tutulan gənclərin lafı olurmu heç?
Biz, yumşaq desək, sadəlövh, avam-cahil adamlar məsələyə Biləcəridən baxırıq, oysa ki, Strasburqdan, Brüsseldən baxmalıyıq.
Tutaq ki, biz adı çəkilən mərkəzlərin böyüklərindən biriyik, oturub Avropanın 50 ölkəsindən biri olan Azərbaycanın vəziyyətinə baxırıq, ağır-yüngül edirik. Soruşuruq, orda insanları İraqda, Suriyada olduğu kimi kütləvi şəkildə güllələyirlərmi? Yox. Misirdəki, Çindəki kimi kütləvi edam edirlərmi? Yox. İranda olduğu kimi geyim-keçimə, küçədə əl-ələ tutmağa görə şallaqlayırlarmı? Yox. Belədirsə, ta nə istəyirlər, şadlıqlarına şitlik eləməsinlər, gün gələr, dürüst seçki də keçirərlər, biz də boş durmuruq ki, lazımi tövsiyələr veririk.
Münasibət təxminən bu cürdür. “Biz hədəfə doğru gedirik”.
 

Bizə qoşulun