Medianews.az
Saqqalabad
597 baxış

Saqqalabad

zamin yeni raz

“Kəndə təzə dəllək gəlib, kəkili yandan qoyur” (Azərbaycan ata sözü)

Sabirabaddakı saqqal qırxılması olayına polisin münasibəti yetərincə dövlətçilik siyasətimizə uyğun oldu: “Dərhal hadisə yerinə getdik, tərəflərin izahatı alındı, tərəfimizdən araşdırma aparılır”. Əcəb də “dərhal” idi. Videodan görünürdü ki, bir nəfər vəhhabini bazarın içində ora-bura qovurlar, təhqir eləyib saqqalını yolurlar, ancaq polisdən əsər-əlamət görünmür. Nəinki polisdən, heç onun mülki geyimli qoçularından da.

Səyavuş Novruzov YAP-ın 1 milyon üzvündən, üzvlüyə qəbulun sərtləşdirilməyindən-filandan danışıb. Görəsənb həmin o yapçılardan niyə bircəciyi həmin vaxt kütlənin içərisində olmayıb, siyasi sabitliyi polis gələnə qədər tənzimləməyib? Hanı xalq drujinaları? Müxalifətin mitinqlərində qoca və qadınlara şıllaq atan mülki geyimli, boynu dönməyən gədə-güdələr hara baxırlar?
Bunlar ritorik suallardır, əslində mən bir çox vətəndaşımız kimi Sabirabad olayının elə hakimiyyətin öz əliylə quraşdırdığı düşük bir oyun olmasına əminəm. Hakim qrup 21 ildir Azərbaycanı bu tip fırıldaqlarla idarə eləmirmi? Guya dini qarşıdurma varmış, guya sələfilərlə şiələr düşməndir, guya xaricdən casuslar gəlirlər, guya qeyri-hökumət təşkilatları vətənə xəyanət edirlər, guya, guya, guya... Suyu bulandırırlar, balıqlarını tuturlar.
Cəmiyyətin özünü idarə etmə, özünü qoruma mexanizmlərini - bələdiyyəni, seçkiləri, medianı, siyasi partiyaları məhv edəndən sonra balıq tutmağa nə var? Ona görə də cəmiyyətlə istənilən manipulyasiyanı, oyunu oynayırlar. Gah bir səfeh roman tapıb ətrafında “hırra-patriot” (bu, ura-patriotizmin milli növüdür) qışqırıqlar qopardırlar, aylar ötür, korrupsiya yaddan çıxır. Halbuki, məsələ “sənin içdiyin hər damcı çayın, xörəyə vurduğun hər qram yağın, xiyara səpdiyin hər çimdik duzun pulu bizim ailəvi ofşor şirkətimizin hesabına gedir” qədər sadədir. Gah fişəng atıb indiyə qədər keçirilməmiş, mənasız bir çempionatın bayramını 1 il qabaqdan qutlamağa başlayırlar. Dəli deyillər. Əylənirlər. Həmişə Trafalqar meydanında, Yelisey çölündə, nə bilim, Alp dağlarında əylənmək olmaz ki? Hərdən Sabirabad bazarında da tamaşalar qurulmalıdır.
Dünən internetdə gördüm, yarıgülməli, yarıağlamalı bir xəbəri də həvəslə yayırdılar. Guya vəhhabilər saqqalı qırxılan həmfikirlərinin (dində ümumiyyətlə nə fikir ola bilər, daha bunu müzakirə eləmirəm) qisasını almaq üçün 150 maşınla (!) Sabirabada gediblər, orda camaatı söyüb qayıdıblar. Bəzi sadəlövh insanlarımız isə “Niyə bu cür xəbər yayırsınız, cəmiyyətdə gərginlik artır, təfriqə çoxalır, İŞİD elə getdi, terror belə gəldi” tipində şərhlər verirdilər. Halbuki, açıq-aydın görünür ki, bu söhbətlərin yayılması, cəmiyyətdə təşviş, qorxu mühiti hakimiyyətə hava, su qədər lazımdır. Bütün Yaxın Şərq bu cür qorxu üzərində oturmuş sülalə rejimləri ilə doludur. Hamısı dindən qəşəng yararlanır, lazım gələndə bunun günahını həyasızlıqla Amerikanın-filanın üstünə atırlar.
Özü də bizimkilər fırıldaqçılıqda balans siyasəti yürüdürlər, hərtərəfli çalışırlar. Məsələn, bir gün İŞİD qorxulu olursa, sabah Avrasiya İttifaqı, Rusiya “canavarını” bədbəxt xalqa göstərirlər. Bax, gələr sizi yeyər ha! Sakit durun uşaqlar, mamanızın sözünə qulaq asın, kim tez yatsa səhər ona qoğal qırığı da verəcəyik, sümürər!
İstəsən bu anası ölmüş xalqın anasını qəbirdən çıxardıb yerlə yeksan da edə bilərsən. No problem! Mücərrəd xalqı söymək - buyur, nə qədər istəyirsən! Xalq... Axı onun heç yiyəsi də yoxdur! Konkret məmurlarla işin olmasın. Onların buynuzu var. Adamın qarnına soxurlar.
İndi yadıma düşdü, bir vaxtlar polislər özləri Zaqatalada-filanda bu vəhhabiləri aparıb elə şöbədə qırxırdılar. 
Mən başqa bir saqqallını da xatırladım. Karl Marksın Bakının gözəl yerlərindən birində əzəmətli heykəli var idi. O yerdə yapistlər yanacaqdoldurma məntəqəsi açıblar. Buqələmunlar istənilən rejimdə xoşbəxt yaşayırlar. Daha buqələmun xoşbəxtliyinin önəmi nədir sualını verməyək. Bundan bizə nə?..
 

Bizə qoşulun