Ernesto Çe Gevera, Karlos İliç, bin Laden, əl-Bağdadi. Onlar dünya şöhrətli terrorçulardır - ilk ikisi marksist terrorçudur, son ikisi isə din pərdəsinə bürünmüş ekstremist.
Onları saysız-hesabsız, terror aktları, insan ölümləri, sellənən qan birləşdirir. Öz ideyaları uğrunda minlərlə adamı məhv etmiş bu şəxslər müxtəlif ədəbiyyatlarda müxtəlif cür qiymətləndirilir. Biri mətin inqilabçı kimi, biri idealist fədai kimi, biri qorxmaz marksist kimi, biri fanatik dindar kimi... Eyni zamanda onların hamısı qatil sayılır. Heç bir ideya, dəyərlər insanları məhkəməsiz, istintaqsız güllələməyə haqq vermir.
Bu şəxslərin hər birinin öz tərəfdarları var. Onları özlərinə kumir seçən, onların yolunda ölümə gedən yüz minlərlə gənc tapmaq olar. Minlərlə insan bu şəxslərin terrorçu, qatil olduğunu bilə-bilə onlara fərqli gözlə baxır, bu şəxsləri qatil saymır, bütün hərəkətlərində haqlı sayırlar.
Fəqət həqiqət acıdır. Hansı ideyanı daşımalarından asılı olmayaraq, bu şəxslər bəşəriyyətə qarşı cinayətlər törədiblər, dünyanın düzənini silah, zorakılıq, qan-qada gücünə daha pis istiqamətə döndərmək, dəyişdirmək, öz beyinlərindəki idarəetmə sistemini bərqərar etmək istəyiblər.
Onlardan ən seviləni Çe Geveradır. O, bir qrup tərəfdarı ilə birgə vətəni olmayan Boliviyada inqilab etmək, bu ölkəni Kubaya çevirmək eşqinə düşmüşdü. Onun bu cəhdi uğurlu alınsaydı, Boliviya Kubanın gününə düşəcəkdi, ondan artıq olmayacaqdı. Kubanın necə bir ölkə olduğunu çoxunuz bilirsiniz.
Bin Ladenin qurmaq istədiyi vahid islam xilafətinin kiçik modeli Əfqanıstandır. Talibanın hakimiyyətdə olduğu illərdə ölkə əhalisi 14 əsr öncənin qayda-qanunları ilə yaşamağa məcbur edilirdi. Xalq hələ də o illərin acısını çəkir, özünə gələ bilmir.
Hazırda ötən əsrdə at oynadan marksist terrorçuların yerini fanatik dindar terrorçular alıb. Daha marksizm ideyalarını dünyaya yaymaq uğrunda silaha sarılan, müxtəlif ölkələrdə silah gücünə dövlət quruluşunu dəyişməyə çalışanlar yoxdur.
Marksizm iflasa uğrayaraq siyasi cərəyan kimi heçə-puça çıxdıqdan sonra Çe Gevera və Karlos İliç idolu da iflasa uğradı. Bu gün Çenin şəklinin tişortlarda yayılması isə inqilabi ideyaları yaymaq cəhdindən çox, bu obrazdan biznes naminə istifadə edərək pul-para qazanmaq cəhdidir. Həm də bunu Çeyə səmimi qəlbdən nifrət edən kapitalist dünyası edir. Halbuki o, ömrü boyu kapitalistləri güllələmək eşqi ilə yaşayırdı. Onlar da onu güllələmək niyyətində idilər və nəhayət, bir gün arzularına çatdılar.
İndi marksist terrorçuların yerini alan dindar terrorçular daha amansız, daha qətiyyətli, daha kütləvidirlər. Onlar özlərini hansısa məchul bir ideyanın gerçəkləşməsi üçün uf demədən qurban verirlər, amma sonda marksistlər kimi quru yurdda qalacaqlarını, özlərini hədər yerə qurban etdiklərini düşünmürlər.
Məşhur ifadə ilə desək, modern terrorçuların təşkilatları, liderləri, hədəfləri bəllidir. Ancaq onlar bu ideyaları gerçəkləşdirməyin fantastikliyini heç cür anlamırlar.
Dünya elə bir inkişaf səviyyəsinə çatıb ki, ayrıca götürülmüş bir coğrafiyada bütün varlığı, mahiyyəti ilə bəşəriyyətə qarşı olan, hətta öz dindaşları arasında sırf məzhəb ayrı-seçkiliyi edərək, onları amansızcasına qırıb-çatan bir qüvvənin hakimiyyətə gəlməsi, dövlət idarə etməsi mümkün deyil. Buna nə həmin coğrafiyanın qonşuluğunda yerləşən dövlətlər, nə də uzaqlarda yerləşən supergüclər təhəmmül edə bilməzlər.
Ona görə də heç bir şübhə yoxdur ki, ötən əsrin 60-80-ci illərində dünyanı sarmış marksizm çılğınlığı sona çatdığı kimi din bayrağı altında terror əsdirənlərin hərəkatı da süquta uğrayacaq. Budur, xəbərlər gəlir ki, əl-Bağdadi də öldürülüb. O və onun kimilər zərərsizləşdirilənə, bu ideyanın puçluğu sübuta yetirilənə qədər isə minlərlə günahlı-günahsız insan qanı axacaq.
Ötən əsrdə marksizm fəlakətindən kənarda qala bilməyən ölkəmiz hazırda dini bayraq edən terrorçuların əsdirdiyi rüzgardan da qıraqda deyil. Azərbaycanı yeni qarğaşanın içinə çəkmək təşəbbüsləri var. Zaman-zaman müxtəlif uğursuz təxribatlar həyata keçirilir.
Bir zamanlar özlərini Çe aşiqi kimi aparan, ancaq əslində pasifist olan gənclərdən fərqli olaraq İŞİD tərəfdarı olanlar heç də farağat deyillər, gerçəkdən də silaha sarılıb müharibəyə gedirlər.
