Dünən hakimiyyətin gənclər təşkilatı “İrəli”də seçki keçirdiblər, Məmmədi çıxardıb yerinə Əhmədi qoyublar. Bunlar bizim üçün şəxsən heç bir önəm daşımır, çünki yapokratiyanın əsl gənclər təşkilatı Rövnəqin qoçuları, polis Süleyman Nemətov, Daxili Qoşunların çavuşları və sairə bu tipli adamlardır. İqtidar klassik siyasi sistemə yox, zorakılıq aparatına söykənir, burada “İrəli-Mirəli-Girəli” ancaq maska rolunu oynaya bilər. Əsas maskanın arxasındakı eybəcər şər mexanizmləridir, dəyənəkdir, sümükqıran itlərdir, neft pulları ilə şişən saxta fiziki gücdür. Misalı bir az da aydınlaşdırsaq, sadələşdirsək “İrəli” uzağı maşın yuma sexi - “moyka” ola bilər, maşın ayrı adamların altındadır.
Bu baxımdan prezident administrasiyasından iclasa qonaq gələn (əslində ev yiyəsi) Əli müəllimin “Gərək aktiv olub Heydər Əliyev kursunu müdafiə edəsiniz, bəzi yolundan azmış gənclərin içərisinə girəsiniz, onları haqq yoluna qaytarasınız” cümlələri ironiyadan başqa heç bir hiss oyatmırdı. Rauf Mardiyevdən yüz dənəsi gəlsin - Rəşadət Axundova nə yol göstərə bilər ki? Yaxud, “İrəli” sexinə təzə müdir qoyulan, hansısa məmurun yeznəsi və ya oğlu olması qəti şübhə doğurmayan yazıq Mirhəsən Seyidov cəsur Zaur Qurbanlıya nədən danışacaq ki? Gülməli müqayisələrdir. Rəşadət Axundovdan və Zaur Qurbanlıdan buna görə üzr istəyirəm.
Üstəlik, Əli Həsənovun bu çıxışı təkrardır, neçənci dəfədir belə danışır, ancaq hökumətin gəncləri “yolunu azmış”, “qara qüvvələrin təsiri altına düşmüş” gənclərin yanına gedib onlara Heydər Əliyev kursundan, Ümumi Daxili Məhsulun 500 faiz artımından, Zuğulba yolunda tikilən yerüstü keçidin divarındakı tablolardan və daha nələrdən danışmırlar. Səbəb çox sadədir: onların texniki imkanları yoxdur. Bir qədim ata sözümüzdə deyilən mənzərə yaranmışdır: “Sən məscidə gedirsən, mən meyxanəyə, bəs bir-birimizi harda görək?”.
Məsələn, NİDA Vətəndaş Hərəkatı iqtidarı tənqid edən gənclərin avanqardı, öndə gedənləridir. Onların da başçıları həbs edilib, “İrəli”çi Mirhəsən əkə ilə yox, qoca, tayları çoxdan “torpaq şöbəsində” işləyən hakim Cavid Hüseynov, NKVD müstəntiqi Ambarsumyana bənzəyən İbrahim Ləmbəranski kimilərlə dialoqa məcburdurlar. Haçan müstəqil düşüncəli gənclərə şərait yaradıldı, onların hökumətyönlü yaltaq gənclərlə dialoquna, ictimai diskussiyalarına imkan verildi? Efirdə belə şey mümkündürmü? Qətiyyən. Bu iqtidar heç bir arqumenti, əsası, məntiqi olmayan, çətinə düşəndə “Sən yalan deyirsən!” qışqırmaqdan başqa nəsə bacarmayan iqtidardır.
Lap NİDA-çıları, başqa müstəqil, müxalif fikirli gəncləri bir qırağa qoysaq, hətta heç bir fikri və düşüncəsi olmayan gənclərə də rejimin yaltaq gəncləri ilə görüşmək üçün müstəvi yoxdur. O gənclər əsgərliyə gedib zabit özbaşınalığının qurbanı olurlar, sağ qalanları ən yaxşı halda Rusiyaya qaçıb əvvəl-axır növbəti “Orxan Zeynalov”a çevrilir, ya da Bakıda elə həmin Əli müəllim kimi birinə məxsus şadlıq sarayında ofisiant vəzifəsində çalışır.
Bax, elə məncə iqtidar gənclərinin yerdə qalan gənclərlə dialoqu məhz şadlıq sarayı tipli məkanlarda mümkündür. Qoy “İrəli” üzvü olanlar növbəti toya gedəndə o kasıb uşaqlara babat çay pulu versinlər. Maşınlarını yudurdanda “moyşik”in kefini xəbər alsınlar, ona dahi rəhbərin “Qətiyyətin təntənəsi” kitabından mühazirə oxusunlar.
Ünsiyyət, dövlət siyasətinin cəmiyyətə inikası-zad belə yaranır. Nə bilmək olar, bəlkə alındı və növbəti dəfə “İrəli”ni ofisindən tələmtələsik qovmaq lazım gəlmədi. Moskva bir günə tikilməyib - bunu Moskvada oxumuş Əli müəllim də bilməmiş olmaz.
