Medianews.az
Qapı məsələsi
501 baxış

Qapı məsələsi

zamin yeni raz

“Məscidin qapısı açıqdır, itin abrına nə gəlib?” (Azərbaycan ata sözü)

Bu yaxınlarda Masallı rayon xəstəxanasında qəribə bir otaq tapılmışdı. Otağa giriş... şkafın qapısından keçməklə mümkün idi, yəni bir növ gizli otaq idi. Nağıllarımızdakı qırxıncı otağı, kinolarda-filanda gördüyümüz casus sığınacaqlarını xatırladan bu otaq sosial şəbəkələrdə xeyli müzakirə edildi, hərə səhiyyəmizin əcaibliyinə bacardığı qədər “vedrə bağladı”, nəhayət, Səhiyyə Nazirliyi də dilə gəldi. Nazirliyin sözçüsü Anar Qədirli bəyan elədi: “Əvvəl oranın nə kimi istifadə olunduğunu bilmirəm. Lakin hazırda həmin otaqdan palata kimi istifadə edirlər. Lakin bilmirəm nəyə görə qapının qarşısına şkaf qoyulub”. Sitatın sonu. Bizdə xəstələr öləndə də bu cür “aydın” izahat verilir.
Mən bu qapı əhvalatını unuda bilmirəm, hətta düşünürəm ki, bəlkə bu mövzuda bir hekayə yazmaq, kino çəkmək, lazım gəlsə simfonik əsərlər yaradılmalıdır. Həmin qapıda və onun arxasında nə desən var. Elçibəyin Kələkiyə getməyindən tutmuş (bəlkə qapının aşkar edilməsinin iyun ayına - bəyin mühacirətinin ildönümü günlərinə düşməsi də təsadüf deyildi), Anarın əbədi AYB sədri qoyulmasına, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyindən tutmuş Morninqstarın intervüsünə qədər hər şey o gizli otaqda baş verir.
O adi şkaf qapısı deyil, paralel dünyalara açılan qapıdır. Uşaq vaxtı Amerika yazıçısı Hovard Fastın “Toni və sehirli qapı” əsərini oxumuşdum. Orada Toni həyətdəki köhnə, sınıq-salxaq qapını açıb başqa bir dünyaya düşürdü. Masallı xəstəxanasındakı o qapını açanlar da şübhəsiz, qeyri-adi aləmlər görürlər. Ordan bizim milli Eldoradomuza yol var. (Dəli şeytan deyir ki, MTN şefi Eldar müəllimin şərəfinə gərək bizimki “Eldarado” adlandırılsın). Bir qrup adam qızıl-gümüş ardıyca gəlib aborigenləri necə taladılar, onların sərvətlərinə yiyə durdular - milli Eldarado süjetimiz təxminən belədir.
O qapı Yazıçılar Birliyinin qapısı da ola bilər. Axı deyirlər birliyi ələ keçirtmək istəyən, binasını alıb kababxanaya döndərmək fikrində olan mənfur qüvvələr vardır və uzun illərdir Seyran Səxavət, Anar, Ramiz Rövşən bu qüvvələrlə kəskin mübarizə aparmışdır, binanı qorumuşdurlar. Nəticədə “Ulduz” jurnalı kosmosumuzda bərq vurur, yazıçıların əsərləri dünyaya yayılır, Ceyhan limanında hər gün bir neçə ton kitab daşınır. Bunların içərisində Ramiz müəllimin “Durub Anara quş atan oğlan”, Seyran müəllimin “AYB-nin qızıl teşti” kimi əsərləri də vardır. Azərbaycanın ixracında ədəbiyyat böyük rol oynayır, sadəcə, xalqımız hələ bu ədəbiyyata layiq deyil, qanıb-qandırmır. Bu baxımdan, AYB-ni qorumaq vacibdir. Keçmiş SSRİ-də heç yerdə AYB-ni qorumayıblar, bütün AYB-lər dağım-duğum olmuşdur. Bizdə isə Qubadlı getdi, Füzuli getdi, Şuşa-Ağdam, Zəngilan-Kəlbəcər, Bakı və Abşeron yarımadası getdi, AYB isə qorunub saxlanıldı! Əhsən, malades, ədə bir tuş, xətrimi istəyən bir xələt versin! Hətta xəstə yatağında əzab çəkən şairlərimiz vardır ki, o durumda gəlirlər Xaqani küçəsinə, AYB binası uğrunda vuruşurlar. Rəhmətlik Qabil müəllim demişkən, “Ev vermisən, xahiş edirəm göstəriş verin, hamam-tualetin remontunu da eləsinlər, cənab prezident!”
Mən burdan üzümü tutub demək istəyirəm ki, o qapıdan bərk yapışmalıyıq. O qapı da olmasa, bəs hansı qapı olsun? Bizim öz qapımız var, müstəqildir, əbədidir, dönməzdir. Biz Avropa qapılarından keçə bilmərik. Yadınıza gəlirsə, onun şirkətini burda açan da axırda fırıldaqçı bir deputat çıxmışdı. Müstəqil qapımız olmalıdır. Diqqət edirsinizsə, bizdə “qapı” sözü “qapmaq” feilindən yaranmışdır. Kim daha çox qapsa, qapışdırsa onun qapısı da açıq olacaq, hara istəsə gedəcəkdir. Əks halda, qapılar üzünə bağlanacaq.

Bizə qoşulun