Müqayisə uğursuz və qüsurlu olsa da, olmasa da, Türkiyənin baş naziri Ərdoğanın sifarişi, xahişi, tələbi ilə ölkəmizdəki “Gülən məktəbləri”nin bir gecədə bağlanması yadıma Türkiyənin sabiq rəhbəri Süleyman Qanuninin sifariş edərək oğlu Bəyazidi əslən Azərbaycan türkü olan İran şahı Təhmasibdən almasını saldı.
O haqq-hesab 5 əsr öncə baş verib, amma bu barədə milyonlarla insan “Möhtəşəm yüzil” serialından xəbər tutdu. Tarix oxumuruq axı. Oxumağı sevmirik. Biz tarixin kinosuna baxmağı sevirik. Baxdıq və bildik ki, vay-vay, heç demə, nə sultan Süleymanda qanunçuluğa, insan haqlarına hörmət deyilən bir şey varmış, nə də Təhmasibdə şah əzəməti, şah vüqarı. Onların arasındakı o sövdələşmə, “mən sənə filan qədər qızıl, torpaq verim, sən də mənim üsyankar oğlumu qaytar, boğdurum” söhbətindən sonra o tarixi şəxsiyyətlərə rəğbət xeyli azaldı.
“Araz” kurslarının və ona yaxın olan digər məktəblərin bağlanması məsələsi isə göstərdi ki, yeri gələndə indiki hökmdarlar da bir neçə günün içində anlaşa, razılığa gələ və minlərlə adamın taleyini həll edə bilirlər. Allah tərəfi, bu cür anlaşmalar Türkiyə və Azərbaycan rəhbərliyi arasında ta qədimdən bəri pis alınmır.
Necə ki, sultan Süleymanın dövründəki sövdələşmə nəticəsində Bəyazidin minlərlə ardıcılının, yeniçərilərin qanı töküldü, taleyi puç oldu, günümüzdə də Ərdoğan-Əliyev razılaşması nəticəsində minlərlə şagirdin çəkdiyi əziyyət bir gecədə heç-puç oldu. Onlar o vaxt canlarını qurtararaq qaçmağa yer axtardıqları kimi, bunlar da oxumağa, təhsil almağa yeni məktəblər tapmalıdırlar.
Mənim bu məktəblərlə, konkret olaraq Bakı Özəl Türk Liseyi ilə tanışlığım 1995-ci ildən başlayır. O vaxt orda bir yeniyetmə qohumum oxuyurdu. Şirvandan gəlmiş uşaq idi, BÖTL-də qalır və təhsil alırdı. Hərdən yanına gedirdim ki, qəribsəməsin. Məktəbə daxil olurdum, qəbul otağında hər dəfə yeni bir nəfər məni qarşılayırdı. Öyrətmənlərin hamısı saçı səliqə ilə daranmış, üzü tərtəmiz qırxılmış, qara kostyumlu, ağ köynəkli və qırmızı qalstuklu gənc adamlar idi. Adamla çox xoş, həlim, anlayışlı danışırdılar. Heç olmadı ki, bir dəfə nəsə kobudluğa yozulacaq bir söz desinlər, turş üz göstərsinlər. Mütləq daxili telefonla qohumumu arayıb, deyirdilər: “Lütfən, aşağı en, müsafirin var”.
Hətta arada bir dəfə qohumlar həmin öyrətmənlərdən ikisini qonaq çağırdılar. Oturub xeyli söhbət etdik - ordan-burdan, siyasətdən. Tansu Çillərin, Məsud Yılmazın, Süleyman Dəmirəlin, Nəcməddin Ərbakanın, oxumuş adamlar demişkən, siyasi Olimpin zirvəsində olduğu vaxtlar idi. Biz də öyrətmənlərlə o mövzuda göft-gu edərkən sezdim ki, hocalar müasir siyasətçilərin heç birini qəbul etmir, hərəsinə bir mız qoyurlar.
Ta üstünə getmədik, dedik ki, onlar da türkiyəli, bunlar da, əlbət, bir bildikləri var.
Sonralar o tipli məktəblər də, o cür, türkün sözü, yakışıklı öyrətmənlər də, əla savadlı şagird və tələbələr də xeyli artdı. Xalqımız övladına yaxşı təhsil verməyin yolunu tapdı: bir az baha olsa da, ən yaxşısı “Araz” kursları, BÖTL və sair tədris ocaqlarıydı. Hər il test imtahanları zamanı 700 bal toplayan 5 abituriyentin mütləq 3 və ya 4-ü “Araz” kurslarından olurdu və onlar öz universitetlərinə - “Qafqaz”a daxil olurdular.
Düzdür, bir çoxları orda-burda deyinirdilər ki, türklər də seçib-seçib harda itizəkalı şagird var, onu qəbul edirlər və onlar da təbii olaraq gəlib ən yüksək bal toplayırlar. Amma hamı da axırda etiraf edirdi ki, yaxşı təhsil verirlər. “Qafqaz” universitetini bitirən tələbə ilə istənilən mövzuda söhbət, mübahisə edərdin, “bizə onu keçməyiblər” deməzdi.
İllər hərləndi, fırlandı, oldu 2014. Qəfildən məlum oldu ki, bu məktəbin himayədarları Ərdoğan hökumətinə qarşı, şahzadə Səlimin sözü olmasın, üsyan bayrağı qaldırıb. Parqalı İbrahim belə yerdə nə edərdi? Əlbəttə ki, üsyanı yatırdar, asi bəndələrin boynunu vurdurardı. Müasir Avropada boyun vurdurmaq məsələsi bir az problematik olduğundan müasir hökmdarlar belə anlaşdılar: məktəbləri bağlayarıq, ticarətimizə, siyasətimizə qaldığımız yerdən davam edərik.
Elə də oldu. “Möhtəşəm yüzil”də olduğu kimi, yenə də haqsızlığa uğramış cocuqlar kövrəlmiş halda ortada qaldılar.
