Medianews.az
Mingəçevir anbarı Hitlerə qarşı
647 baxış

Mingəçevir anbarı Hitlerə qarşı

zamin yeni raz
Ölkəmizdə sabitlik hökm sürür, ancaq havalar qeyri-sabit keçir. Anlaşılmaz hərəkətdir. Buludları dağıtmaq lazım idi ki, sonra Əhəd Abıyev Daşkəsən dağlarına yağan dolunu əlinə götürüb şəkil çəkdirməsin. Yeri gəlmişkən, əlində buz tutan Abıyev bir növ daimi media faylına çevrilmişdir. Hər il Daşkəsənə dolu yağır, hər il də icra başçısı buzları yığıb şəkil çəkdirir. Elə bil soyuducudan buz götürüb viski içməyə hazırlaşan Texas sakinidir.
Buzları dağıtmaq üçün hər cür imkanımız da vardır. Dolu dağıdan toplardan tutmuş Çevik Polis Alayına, Daxili Qoşunlardan AzTV-yə qədər. Əlində bu qədər alət olan hökumətin təbiətdə sabitlik yaratması mümkün idi. Kamaləddin müəllimin yanğınsöndürənləri də buludların yanğısını, göydə çaxan şimşəkləri söndürə bilərdilər. Yoxsa bəzi gecələrdə qarışıqlıq düşmüşdü, bilinmirdi atəşfəşanlıqdır, yoxsa şimşək çaxır. Ara yerdə dövlət vəsaiti batırdı.
Ancaq hava işçilərinin müsbət proqnozuna görə 14 iyundan sonra hava sabitləşməlidir. Ayın tarixinə fikir verdinizmi? Ayrı cür ola da bilməzdi! Axı respublikamızda da sabitlik 15 iyundan başlamışdır. Qara buludlar dağılıb gediblər, o gündən Siyavuş Novruzov kimilər ağ günə çıxıblar. Bacarırsan sən də çıx. Bacarana baş qurban. Hər kəs vətəndaşlıq və qeyri-vətəndaşlıq mövqeyini ortaya qoymalıdır.
Söz təbiətdən düşmüşkən... Mən xalqımızın fantaziyasına heyranam. Özünüz bilirsiniz, bizim media aləmində müəyyən “növbətçi” mövzular var, mövsümə uyğun ortaya çıxarlar. Məsələn, “Çimərlik mövsümü açıldı”, “Şaxta Babalar harda dura bilərlər”, “Qarabağı 10 günə alırıq” və sairə. Bunlardan biri də şübhəsiz, Mingəçevir Su Anbarında vəziyyətin təhlükəli olmasıdır. Özü də çox yaxşı mövzudur, istəsən yazda sel vaxtı, istəsən armud yetişəndə yazmaq olur.
Bərəkətli mövzudur, əsas tezisi isə budur: “Ora partlasa respublika suyun altında qalacaq”. Əlbəttə, efirində cin çıxan respublikada nədən istəsən yazmaq olar - bizdə demokratiyadır. Sizin yadınızdan çıxıb, 90-cı illərdə bizim bir alim Xəzərlə Hind okeanını birləşdirən kanal layihəsini ortaya atmışdı.
Sözüm bunda deyil, Mingəçevirin neçə rayonu basmaq ehtimalını da qoy akademiklərimiz hesablasın, mən savadsız adamam, heç nəlbəkini çayla doldura bilmirəm, hər dəfə əlim-ayağım yanır. Sadəcə, bugünlərdə qəzetimizdə bu mövzuda yenə yazmışdılar, o yazıya bir oxucu şərhi unikal idi. Yazmışdı ki, Mingəçevir su anbarını SSRİ... Hitlerə qarşı düzəldib! Sən demə, alman faşistləri Azərbaycanı tutub neftə yiyələnmək istəsə hökumət su anbarının bəndini açıb suyu buraxacaq, almanları suda boğacaqmış. İndi sən bu adama anbarın tikintisinin 1945-ci ildə başlandığını desən olacaqsan onun tayı. Yaxşısı budur heç nə demə. Bütün hallarda mən o insanın fantaziyası önündə baş əyirəm. Xalqımız yetişdirir.
Bayaq çimərlik mövsümündən yazdım, bu sahədə də müəyyən anlaşılmazlıq yaranıb. FHN, başda Kamal müəllim olmaqla, bir neçə gün qabaq çimərlik mövsümünün açılışını elədilər. Bizdə hökumət dənizi açmasa heç kim çimmir. Qışda da sürüşmə mövsümü açılır. Payızda palçığa ağnamaq, yazda otluqda dombalaq aşmaq mövsümü və sairə - hamısının rəsmi törənlə açılışı olur. Ancaq mən dünən rəsmi şəkildə üşüyürdüm, hava o qədər qeyri-sabit idi. Bəs çimərlik mövsümü? FHN niyə xalqı aldadır? Mövsümü bir neçə günlük bağlamaq olmazdımı?
Hələ bu harasıdır, deyir baş prokuror Qaralov 3 nəfər rayon prokurorunu işdən çıxardıbdır. Səbəb? Gülünc bir şeydir: yaş həddinə görə. Necə yəni yaş həddi? Hədd nə deməkdir? Adam da prokurora hədd qoyar? Demokratiyaya, ölkəmizdə hökm sürən azadlığa zidd haldır. Prokurorun gərək heç bir həddi-hüdudu, həddi-büluğu, həddi-şüuru və sairəsi olmasın. Bəyəm prokuror Fatmayı plyajıdır ki, götürüb ona hasar çəkirsiniz? Ar olsun!
Çox əsəbləşdim, Mingəçevir daşsaydı...

Bizə qoşulun