Medianews.az
Bunlar heç Alariki də tanımırlar...
532 baxış

Bunlar heç Alariki də tanımırlar...

zamin yeni raz Son günlər vətəndaşlarımız Bakı şəhərində toplardan yaylım atəşlərinin açılmasından çox narahat olmağa başlamışlar. Məsələn, bir zəhmətkeşimiz - özü də üzdən ziyalı insana oxşayırdı, heç bilmirəm nə üçün belə vətəndaşlıqdan uzaq münasibət sərgiləyir - deyirdi ki, evi Bayıl tərəfdədir, srağagün gecə oradakı atəşfəşanlıqdan evində yata bilməyib, divarlar titrəyirmiş, qulağı batırmış, nə bilim, hamamda vanna aşıbmış, arvadın nişan üzüyü itib, qayınanası dovğa qazanına yıxılıb, uşaq qorxudan sarılıq olubmuş və sairə. Özünüz məndən yaxşı bilirsiniz, panikaya tez düşən millətimiz var, belə məqamlarda gopun biri bir qəpik olur. Təbii ki, mən yuxarıda deyilənlərlə razılaşmadım, üstəlik, şəhər və kəndlərimizi bürüyən atəşfəşanlıq tədbirlərinin 15 iyun - yapokratiya bayramı münasibəti ilə keçirildiyini bilirəm. Həmin tarixi gündən sonra biz 7-8 rayondan qurtulmuşuq (tam, dəqiq saymağa vaxtım yoxdur, üzrlü sayın, ancaq biri dəqiq bilirəm ki, Ağcabədidir), bayram eləməyə əsasımız var. Gör həmin rayonlarda park, yeraltı keçid, fəvvarə qayırmaq işlərinə dövlət büdcəsindən nə qədər vəsait gedəcəkdi... Yaxşı qurtarmışıq. Bu qurtuluşu qeyd etməyə dəyər, partapart da çox önəmlidir. Ancaq xırda texniki yeniliklər var, məsələn, qabaqkı illərdə bayram 15 iyunda olurdu, bitib gedirdi. İndi isə bir həftə qalmışdan rayon-rayon atəşfəşanlıq olur. Elə bil hər rayonun öz topu yoxdur. Bir gecə baxırsan Binəqədidə toplar guruldayır, o biri gecə Suraxanıdan şikayət gəlir ki, top qoymur yataq, atəşkəsi niyə pozurlar, qaçqınlar Bakıya gələndən günümüz gün deyil və sairə... Yaxud qabaqlar fişəngi gecə saat 12-yə qədər atırdılar, bitirdi. İndi isə sutkanın istənilən vaxtı partapart olur, vətəndaşlar küsürlər. Məncə, xalqımız qədirbilən deyil. Bu da ondan irəli gəlir ki, tarixi yaxşı oxumayıblar. Məsələn, şanlı sovet ordusu Berlini tutandan sonra orda nələr eləyib, xəbəriniz yoxdurmu? O cümlədən qot tayfaları bizim eranın 410-cu ilində, avqust ayında sərkərdə Alarikin rəhbərliyi ilə Roma şəhərinə girəndən sonra düz üç gün üç gecə şəhərin anasını ağladıblar. Soyduqlarını soyublar, döydüklərini döyüblər. Heç romalılar parka çıxa bilmirmiş qorxudan, deputatxana (senat deyirmişlər) üzvlərinin hamısını paza keçirdib şəhər darvazasından asıbmışlar. Bayılda kimi paza keçirdiblər? Heç kimi. Çörək növbələrini ta demirəm. Yaxud, Napoleon 1812-ci ildə Moskvanı tutandan sonra bütün şəhəri yandırdılar. Bizdə belə şey ola bilməz. Hətta balaca yanğın ocaqları olanda, hansısa zibillik tüstülənəndə, ya kimsə siqaret çəkəndə Kamaləddin müəllim dərhal maşın göndərir, söndürürlər. Belə misallar çoxdur. O cümlədən Çingiz xanın Çinə, Atillanın Avropa Birliyinə, ispan konkistadorların mayya və astek qəbilələri üzərinə hücumları haqda saysız-hesabsız misallar çəkə bilərik. Bunların hamısı pis qurtarmışdır, siz isə bir-iki top atışına dözmürsünüz. Yox bir, bəlkə başınıza sığal çəkib ayağınızı vannaya qoysunlar? Bu nə təhər camaatdır, bu nə dözümsüzlükdür, siz Allah!? Faktiki olaraq heç bir şeyə toxunmayıblar. Bir az neft-qaz çıxardıblar, bir neçə rayonu veriblər, cüzi şəkildə kiməsə şapalaq vurublar, lap xırdaca korrupsiya var, vəssalam! O da hər yerdə var. Təki salamatçılıq olsun, düzələcək. Sonda xahiş edirəm, yaylım atəşləri heç olmazsa iyunun axırlarına qədər davam etdirilsin, gecə-gündüz atılsın, bəlkə bu camaat nəsə hiss eləyə...

Bizə qoşulun