Medianews.az
Aclara nə mundial
483 baxış

Aclara nə mundial

samir sari kose 1
Sabahdan mundial, festival, karnaval, qovğa-mərəkə, vur-çatlasın, çal-oynasın başlayır. Anadolu türkləri buna “futbol şöləni”, Avropalılar “futbol bayramı” deyirlər.
Bu dünyanın ən maraqlı işlərindən biridir. Dörd ildən bir dünya üzərindəki kişilərin - 7-dən 57-yə qədər - əksəriyyəti, qismən də qadınlar (1-2 faiz) gözlərini televizora dikir, 22 cavan, 3 nəfər də orta yaşlı kişinin bir yuvarlaq şeyin dalınca yaşıl sahədə o tərəfə-bu tərəfə qaçdığına tamaşa edirlər.
Builki mundial həm də ona görə maraqlıdır ki, o karnavallar ölkəsində, Braziliyada keçirilir. Onsuz da bu ölkədə ildə ən azı bir dəfə milyonlarla adam lüt-madərzad oluban küçələrdə oynaqlayır, deyib-gülür, şənlənir. Kənardan baxanda Braziliya, xüsusilə də onun iki böyük şəhərindən biri olan Rio-de-Janeyro kef-damaq məkanı kimi görünür.
Elə o vaxt Ostap İbrahimoviç Benderin də arzusu Rioya getmək, kef eləmək idi. Fəqət bu ona qismət olmadı. Elə futbolçu İbrahimoviç də Braziliyada oynamaq həvəsini köksündə boğmalı oldu.
Okeanın o tayından (intəhası, bir az aşağı tərəfindən) gələn informasiyalardan belə anlaşılır ki, dünənə qədər futbolla nəfəs aldığını güman elədiyimiz braziliyalılar heç də düşündüyümüz kimi deyillər, minlərlə adam ayağa qalxıb, hökumətə deyir ki, futbolunuz başınıza dəysin, bizə çörək verin. Çıxıb aksiya keçirir, polislə dalaşırlar, başqa (rəsmi) sözlə, Braziliya dövlətinin beynəlxalq reputasiyasını korlayırlar.
Yadınızdadırsa, o vaxt “Eurovision - 2012"-də bizdə də bənzər situasiya yaranmışdı, yüzlərlə gənc meydanlara çıxıb etiraz edir, bizə musiqi yarışmasının gərək olmadığını, siyasi məhbusların azad olunmalı olduğunu bildirirdilər. Hökumət isə acığa düşüb siyasi məhbusların sayını bir az da artırdı.
İndi braziliyalılar da oturub mundialın dadını çıxarmaqdansa, şadlıqlarına şitlik edirlər. Dünyanın hər tərəfindən Braziliyaya on minlərlə turist axışmışkən, kef eləmək, pul qazanmaq əvəzinə hökumətlə dalaşırlar...
Kasıblığa, kriminallığa qalsa, mundialın keçən dəfəki ev sahibi CAR daha betər gündəydi, amma camaat mundial görməmişi idi deyə, hərəyə bir vuvuzela (CAR zurnası) alıb dolmuşdu stadionlara, düz 40 gün zarıldatdılar. Dünya əhlinin başı-qulağı getmişdi, milyonlarla azarkeş o səsə görə futboldan iyrənirdi, ya baxa bilmirdilər, ya da televizorun səsini alırdılar ki, CAR-dan dünyaya car olan o cır-cır, zır-zır səsi eşitməsinlər.
Amma braziliyalılar pentakampeondurlar (beş dəfə dünya çempionu olanlara belə deyirlər), həmişə də finalda oynayırlar deyə, onlar artıq futbol qələbələrindən ləzzət almırlar, çörək davası edirlər. Özümüzdən götürürəm, əgər biz futbol üzrə bircə dəfə çempion olsaq, hökumət hamımızı bir il ac saxlasa, birimizdən səs çıxmaz. Düzdür, bəzi qarınqulular tapılar ki, demaqoqluq edərlər, amma yerli və xarici patriotlarımız onları dərhal susdurarlar deyərlər, qarın davası eləməyin, millətimizin, dövlətimizin adı dünyayla birdir, bayrağımız qaldırılır, himnimiz çalınır, bu az şey deyil, aclığa dözmüşük, dözərik, təki vətən sağ olsun. Hələ yeddi dəfə də urrra. Di get.
Əslinə qalsa, yəni ucuz və düşük patriotluğu qırağa qoysaq, kasıb braziliyalının düşüncəsinə qoşulmaq olar. Tutaq ki, Jozenin oğlu Edson acından canavar balası kimi evdə ora-bura vurnuxursa, Jozenin nə qulağınadır ki, Neymar zədələnib, Ronaldo Almaniya matçına qədər sağalacaq, yaxud Messi meydançanın qırağına qusur. Adamın öz dərdi özünə bəsdir. Hətta Braziliya doğma meydan amilindən yararlanıb 6-cı dəfə dünya çempionu olsa, guya bu Pedronun qarnını doyuracaq, Jozenin iztirablarına son qoyacaq? Qoymayacaq. Belə zövqlü tamaşalar tox adamlar üçündür, aclara dəxli yoxdur. Tərs kimi, Braziliyada milyonlarla ac insan var.
Hərçənd balaca və ac Edson üçün belə bir çıxış yolu var ki, o, on minlərlə həmvətəni kimi küçədə yaxşı futbol oynamağı öyrənə, zamanında Avropaya transfer oluna, beş-altı ildən sonra milyonçuya çevrilə bilər, onda Joze qürur duya-duya futbola da baxa bilər, oğluna da, hələ adaşı Mourinyoya da.

Bizə qoşulun