Bu ilin dəb mövzusunda yeni xəbərlər oxuya-oxuya, sosial şəbəkədə dostlarla, həmkarlarla yazışırdım. Saytlar müğənni Rəqsanənin Çermet qəsəbəsində xəlayiqin üstünə tapança çəkən qohumlarından, onların artıq həbs olunmasından yazmışdılar və mən düşüncələrə dalmışdım.
Birincisi, düşünürdüm ki, ey dadi-bidad, bu hələ ölkənin şöhrəti olsa da, vəzifəsi, varidatı olmayan adi bir sənətçisidir, amma onun gənc qohumları camaatı basıb-əzmək təşəbbüsü göstərirlər, gəl, gör, Rəqsanə Nərimanov rayonununa hakim, Binəqədi rayonunun İH başçısının müavini, yaxud Gömrük Komitəsində şöbə müdirinin sürücüsü olsaydı, qohumları nələr edərdi.
İkincisi, fikirləşirdim ki, Rəqsanənin həbs olunmuş qohumlarının yerində hansısa deputatın oğlu, nazirlərdən birinin qardaşı oğlu, komitə sədrlərindən birinin baldızı oğlu olsaydı və onlar Çermetdə bir neçə şəxsi yerə yıxıb ölümcül döysəydilər, asfaltda dəriləri qalınca sürüsəydilər, hətta vurub öldürsəydilər, yəqin ki, tutulmazdılar.
Xəyal edirdim ki, hüquq-mühafizə orqanları Çermetdə insanların üstünə tapança çəkərək döyən, söyən, əzən və bütün bunları edərkən android telefonlarla videosu, fotosu çəkilən harın gəncləri çağırıb ifadələrini alar, “dəlil çatışmazlığı” səbəbi ilə buraxardılar. Döyülənlər, əzilənlər isə redaksiyamıza gəlib Fərahim İlqaroğluna müsahibə verərdilər: onlar Fərahimə tökülmüş dişlərini göstərərdilər, Fərahim də onlara; onlar hüquq-mühafizə orqanlarının caniləri sərbəst buraxdığından gileylənərdi, Fərahim də öz dastanından bəhs etməyə başlayardı.
Bax, bu cür düşüncələr içindəykən ölkənin sonuncu kommunist əqidəli jurnalistlərindən biriylə (tutaq ki, Elçin Bayramlıyla) yazışmamızda söhbət qəfildən, həm də oxumuş adamların sözü olmasın, spontan və telepatik bir şəkildə harın, qudurğan övladlardan düşdü. Həmkarım belə bir epizodun şahidi olduğunu yazdı.
Heç demə, bir neçə gün öncə jurnalistin yolu Bakıxanov qəsəbəsindəki milyonçular məhəlləsindən düşübmüş. Küçə ilə gedərkən həmkarımız eşidib ki, irəlidən bir qovğa-mərəkə, söyüş-bağırtı səsi gəlir. Hadisə yerinə yavuqlaşanda o, görüb ki, bir 26-27 yaşlı, iri gövdəli gənc yaşı 60-dan artıq olan yaşlı bir kişini salıb şillə-qapazın, təpiyin altına, üstəlik, anqıra-anqıra onun arvadına, qızına da söyür. Həmkarımız əvvəlcə qovğaya müdaxilə etməyi düşünüb, amma görüb ki, dalaşanlar, daha dəqiqi, döyən və döyülən şəxslər özgəsi deyillər, yaxın tanışdırlar, hətta bir evin adamıdırlar. Artıq ayaqlarını sürüməyə, ləng-ləng irəliləməyə başlamış jurnalist yoğun gədənin söyüb-söylənməsindən anlayıb ki, döyülən kişi evin qaravulçusu, bağbanıdır, döyən isə 6 metrlik hündür hasarı olan evin sahibinin oğludur.
Yaxşı, bəs gənc adam yaşlı kişini nə üstdə döyür? Həmkarımız iki daşın arasında bunu da özü üçün aydınlaşdırıb. Heç demə, gədə yalnız bağbanının yaşadığı evə qız gətiribmiş. Gəlib, çatıb, siqnal verib, ağsaqqal da böyük həyətin o biri başında olub, bir az da yaşlılıqdan, siqnal səsini eşitməyib, darvazanı açmağa gec gəlib. Bağban sələn-sələn darvazanı açmağa, sevgili cütlüyü villaya buraxmağa gələrkən, qonşulardan kimsə ev sahibinə telefonla xəbər verib ki, xəbərin varmı, ciyərparən evə yenə qız gətirib. Məsuliyyətli ata isə dərhal qapıda gözləyən oğluna zəng edib ki, köpəyoğlu, yenə nə qələt edirsən orda, qonşuların yanında biabır elədin bizi, qızı yola sal, özün də rədd ol get işinə. Bax, bu xüsusat canı eşq atəşilə yanan gədəni hiddətləndirib və o, acığını yaşlı bağbandan çıxıb.
Həmkarım yazırdı ki, yazıq kişi heç bir müqavimət göstərmirdi, qapazları və söyüşləri yeyə-yeyə həvəsi qursağında qalmış harın gədənin hiddətinin nə vaxt səngiyəcəyini gözləyirdi.
Sonra kommunist əqidəli jurnalist mənə təxminən belə bir ritorik sual verdi ki, səncə, sovet dönəmində hansısa vəzifəli şəxsin oğlu atasının fəhləsini bu cür döyə, əzə, aşağılaya bilərdimi.
Deyirəm, sovet hökuməti də düz-əməlli bir hökumət, quruluş deyildi, amma məmurlar nə 6 metr hündürlükdə hasar arxasında villa tikdirə, nə 200 minlik maşın ala, nə də evin bağbanını küçədə çırpa bilərdilər.
