Dünənki yazım qocaların yol keçərkən qətlə yetirilməsi haqda idi, tam təsadüfən bu gün yapokratiyanın gənclər siyasəti haqda yazmaq istədim. Ola bilsin bu, heç təsadüf deyil. Mövzuya uyğun olmasa da bir haşiyə çıxım.
Hardasa 23-24 il qabaq İqtisadiyyat Universitetində oxuyarkən bizə bir tapşırıq vermişdilər. 106 saylı marşrutun içərisində əyləşib hər dayanacaqda neçə nəfərin mindiyini, düşdüyünü hesablamalı, rəqəmləri uyğun dövlət qurumuna verməliydik. Yadımda deyil məqsəd nə idi, ola bilsin planlı iqtisadiyyat üçün bu hesablamanın hansısa önəmi vardı (O zaman hələ SSRİ dağılmamışdı). Bu yaxınlarda poçtuma 6 nömrəli marşrut haqda məktub gələndə duruxdum. Axı indi həmin 106 elə 6 nömrə olub. Fərman Abdullayevin yazdığı həmin məktubda deyilirdi: “Mən iş günləri Elmlər Akademiyası metrosunun qarşısında 6 saylı avtobusun xidmətindən yararlanıram.
Bu avtobusun sürücüləri ən azı 7-8 dəqiqə buradakı dayanacaqda dururlar. Maraqlı burasıdır ki, onlar duran zaman başqa avtobuslar gəlir və tez bir zamanda yola düşürlər. Sürücüdən niyə bu qədər çox müddət dayandığını soruşduqda isə qrafikə istinad edirlər, bir cırıq kağız parçası göstərirlər. Bu kağızda isə axırıncı dayanacaqdan çıxma vaxtı və son dayanacağa çatma vaxtı göstərilir. Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm”.
Yəni 24 il qabaq hesabladığım, dekanlığa təhvil verdiyim bir sənəd haqda indi məndən soruşurdular! Bu 6 saylı avtobus mənim üçün Çexovun “6 nömrəli palata”sı kimi bir şeyə çevrildi sanki...
Qayıdaq mövzumuza. Sözümün canı odur ki, heç nə təsadüf deyil.
O cümlədən, Azərbaycanın ən işıqlı gənclərini zindana dolduran yapokratiyanın gənclər siyasətində uğursuzluğu göz qabağındadır. Mən havadan yazmıram, siyasi və vicdan məhbuslarının orta yaşını hesablasaq, bu rəqəm 30-dan çox olmayacaq. İlk baxışdan paradoksal görünsə də - axı gənc, təcrübəsiz beyinləri yumaq, yanlışa yönəltmək asandır - gənclər yapokratiyanı bir sistem olaraq heç qəbul etmirlər. Özünüz baxın: YAP Gənclər Komitəsində bir nəfər belə parlaq, cəmiyyət cəhənnəmə, adicə öz məhəlləsində hörmət yiyəsi olan gənc yoxdur. İqtidarın aftafa daşıyanı rolunda fikirləşdikləri “İrəli” adlı qurum da iflasa uğradı, milyonlarla manat yatırım qoydular, axırda məlum oldu o gənclər oraya elə milçək şirəyə yığışan kimi pul dalıyca gəlibmişlər. Əgər Ceyhun Osmanlıya o qədər xərc qoyandan sonra da Bəxtiyar Quliyevdən gülünc əfv ərizəsi almağa məcbursansa, daha bu nə yaşamaqdır?
Bu mənada, 3-4 gün qabaq Gənclər və İdman Nazirliyinin bayrağı altında keçirilən “Respublika gənclərinin 7-ci forumu” adlı tədbir də növbəti gülünc tədbir idi.
Yeri gəlmişkən, bu foruma hazırlıq və nümayəndə seçimini ötən ay davamlı izlədim. Olduqca mənasız, SSRİ formatında seçimlər idi: hər rayonda beş-on yaltaq gənci icra hakimiyyətinə yığırdılar, çərənləyəndən sonra guya kimlərsə foruma nümayəndə seçilirdi. Bunun ən tipik örnəyi Qaradağ rayon icra hakimiyyətindəki tədbirdən rəsmi məlumat idi. Sitat: “Gənclər adından çıxış edən gənclər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə və rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər”.
Əgər yenə aydın olmadısa izah edirəm. Fikir verin, burada hər hansı insan adı, şəxsiyyət bildirən ad yoxdur, “gənclər adından danışan gənclər” kimi mənasız, sarsaq bir ifadə yazıblar. Çünki fərqlənən adamları, adları yoxdur! Hətta yaltaqları da fərqləndirib başlarına çıxartmaqdan qorxurlar! Bəs necə, adamın adını çəkərsən, sabah onda iştah açılar, icra başçısı Mikayılovun yerinə göz dikər. Hələ daha yuxarıları demirəm, lənət şeytana...
Sürüdə ad olmur, qoyunları fərqləndirmək üçün bəzən onların belinə rəng vururlar. Hərçənd, sürü bir çobanın olanda heç rəng də lazım deyil.
