“Yeni Müsavat”ın əməkdaşının Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” (“Sınıq körpü”) sərhəd-buraxılış məntəqəsindən hazırladığı və “Qırmızı körpüdə hamar rüşvət” başlığı qoyaraq, qəzetdə və musavat.com saytında dərc etdirdiyi reportaja maraqlı bir şərh yazılıb.
Şərhdə elə bir yeni məlumat olmasa da, ortasında iki ifadə var. İndi şərhi bütöv, həmin ifadələri isə seçdirmək üçün böyük hərflərələ yazaraq burada iqtibas edəcəyik. Elşən M. adlı oxucumuzun şərhi belədir: “Qırmızı körpü dəhşətdir. ÖLKƏ RƏHBƏRLİYİ BUNLARI BİLMİRMİ? Almaniyadan maşınla qayıtdıq. İnanın ki, Türkiyə və Gürcüstandan sərhədi 5 dəqiqəyə keçdik. Ümumi baxış keçirib plomb vurub yola saldılar. QIRMIZI KÖRPÜDƏ ATAM MAŞINI YANDIRIRDI, son anda qurtardıq. Maşında nə varsa, pərakəndə halda tökdürdülər yerə və daha nələr, nələr. Gözlə görməsiniz, inanmazsınız”.
Birincisi, biz də, oxucular da daş-qaya deyilik, gözlə görməsək də, bu mövzuda yanğılı-yanğılı danışanların sözlərinə inanırıq. İkincisi, bu ölkənin vətəndaşı olaraq, bizim də (eyni zamanda yaxın dost-tanış və qohum-əqrəbamızın) yaxın-uzaq xaricə güzarımız düşür və hərdən Sınıq körpüdən də keçirik, olub-bitənləri, baş verənləri gözümüzlə görür, şahidi oluruq. Bilirik ki, adı çəkilən sərhəd-buraxılış məntəqəsində illərlə davam edən özbaşınalıq, rüşvətxorluq, soyğunçuluq, dövlət adından həyata keçirilən qarət yüksələn xətt inkişaf edir. Bu mövzuda nə qədər yazırıq, yazırlar, xeyri olmur. Sanki “Qırmızı körpü” məntəqəsi iki dövlətin arasında ayrıca bir dövlətdir və nə Gürcüstana, nə də Azərbaycana tabe deyil, ona görə də öz qayda-qanunlarını tətbiq edir.
Oxucu ritorik şəkildə soruşur: “Ölkə rəhbərliyi bunları bilmirmi?” Sual bununla bitsəydi, nə vardı ki...
Əgər hansısa YAP dəstəkçisi ortaya çıxıb, iqtidar komandasını müdafiə məqsədilə “bilmir” desə, bu, problemi həll etməyəcək, “bu qədər yazırlar, danışırlar, niyə bilmir” sualı yaranacaq. Yox, “bilir” təsdiqi səslənsə, yenə sual çıxacaq: “Bəs nədən bu işə bir əncam çəkilmir?”
Gerçəkdən də qəribə işdir, hamı bilir ki, bu tərəfdə insanları, vətəndaşları, eləcə də əcnəbi müsafirləri Azərbaycan dövlətindən narazı salan, hakimiyyətin üstünə kükrədən, dövlətçiliyin əsaslarını sarsıdan anormal, iyrənc durum var, hər gün minlərlə adamın gözü qarşısında cinayət törədilir, ancaq buna bir çarə qılan yoxdur.
Yəni həmin gömrük məntəqəsində qazanılan (daha dəqiqi, qarət olunan) pullar bu qədər şirindir ki, məmurlar ondan ötrü dövlətin reputasiyasına qara ləkələr düşməsinə razıdırlar? Görünür ki, elədir. Bu işlə ilgilənməli olan müvafiq strukturlar və onların rəhbərləri hesab edirlər ki, narazı olanlar özləri üçün narazılıq edirlər, belə olmalıdır, o məntəqədə insanlar soyulmalıdır, incidilməlidir, cana-boğaza yığılmalıdır.
Belə amansız, qəddar davranışların nəticəsidir ki, oxucu yazır: “Qırmızı körpüdə atam maşını yandırırdı, son anda qurtardıq”.
İndi siz təsəvvür edin, adam Almaniyadan ta öz vətəninə qədər maşın sürüb, yeddi dövlətin torpağını ayaqlayıb, nə qədər sərhədçi, gömrükçü görüb, hamısından salam-səfa ilə keçib, gəlib məhz öz doğma torpağında öz həmvətəninin yaratdığı süni problemlə üzləşib və o həddə qədər hiddətlənib ki, qiyməti 10-20 min avro arasında olan avtomobilini yandırmaq istəyib.
Əgər həmin şəxsə mane olmasaydılar və o, gömrükçülərin acığına öz maşınını “uğurla” yandıra bilsəydi, o zaman mediada “Vətəndaş Qırmızı körpüdə maşınını yandırdı” kimi başlıqlar görəcək, bir-iki gün bu hadisənin təfərrüatını yazacaqdıq. Sonra hər şey unudulacaqdı. Yenə köhnə dəyirman işə düşəcək, yeni-yeni adamlar, sahibkarlar çılğın hərəkətlər etməyə vadar olunacaqdı.
Yaxşı indi necə olsun? Sınıq körpüdə insanların özlərinin, mallarının, ümidlərinin sınıq-sınıq, çilik-çilik edilməsi nə vaxta qədər davam edəcək?
Dövlət adamlarından bu yazını oxuyan olsa, bircə bu suala cavab versin, işimizi bilək.
