Prokurorluq orqanları iki təşəbbüskar vətəndaşımızı yarı yolda qoyublar, tutub zindana basıblar. Onların günahı isə çox komikdir: Yasamal sakini bir qadın şikayət edib ki, bu şəxslər mənim ərimi həbsdən azadlığa buraxmaq üçün 30 min manat alıblar. Həmin şəxslərdən biri qadına özünü... baş prokuror Zakir Qaralovun kirvəsi kimi təqdim edibmiş. Digəri isə kirvənin dostu imiş.
Dünyanın hansı ölkəsində belə cinayət əməli, bu cür fırıldaq ola bilərdi? Azərbaycandan başqa yəqin ki, heç yerdə. Ona görə də mən vətənimi sevirəm, onun adı çəkiləndə şairin tapşırığına əməl edərək ayağa dururam. Hüquq-mühafizə orqanlarına, o cümlədən məhkəmə, Baş Prokurorluq və Penitensiar Xidmətə vətəndaş etibarsızlığı görün hansı həddə gəlib çatıb, daha doğrusu, hansı səviyyəyə düşüb... Vətəndaş qanuna ümid eləmir, baş prokurora “xod” axtarır, bu zaman hətta kirvədən yapışır.
Eyni zamanda şeytan beynimizi qurdalayır, cavab tapmaq istəyirik ki, görəsən həmin gözəl insanların kirvəliyi hansı şəkildə imiş. Çünki prosedur olaraq kirvəlik çox mürəkkəb anlayışdır. Sənin özünün sünnətindən söhbət gedə bilər, ya da uşağı necə deyərlər, kiminsə qucağına qoyarsan. Yaxud, ola bilər baş prokuror haçansa göstəriş verər, tutub uşaqları sünnət eləyərlər, qanuni tədbirlər görülər və dövlətçilik möhkəmlənər və sairə və ilaxır. İndi burda bütün detalları yaza bilmərəm, sünnətə hazırlaşan o qədər uşaq var, qəzeti oxuyarlar, qorxub respublikamızdan qaçarlar, sonra xaricdə bəyanat verərlər.
Başqa sual da var: kirvə saxtakarlığı özündə nəyi ehtiva edir? Əgər kirvə saxtadırsa, ət yerindədir deməli?
Ümid eləyək gələcək araşdırmalar sonucunda baş prokurorluq bunlara aydınlıq gətirəcəkdir. Həmin şəxslərin adını da burda yazıram, siz də prosesi izləyin, imkan olsa məhkəməyə gedin, yeyin-için-gülün: özünü baş prokurorun kirvəsi kimi təqdim edən gözəl insanın adı Elşad Atakişiyev, onun dostu isə Rövşən Axundovdur. “Aldadılan” qadın Səadət Məmişovadır.
Qəzetlər də gərək belə prosesləri işıqlandırsın, yoxsa görürsən yazırlar siyasi məhbus elə getdi, jurnalistin cibinə atılan nəşə belə gəldi... Uca millətimizin gələcəyi üçün siyasi proseslər vacib deyil. Odur, həmin siyasi məhbus gənclərdən biri türmədən prezidentə məktub yazıb, deyir həbsdə olduğum müddətdə özümü tapmışam, daha məni siyasi məhbus adlandırmayın, adi məhbusam.
Şəxsən mən alqışlayıram, düşmənə əsir düşən heç bir əsgərin bəyanatlarına da indiyə qədər pis baxmamışam. Partizan savaşında istənilən bəyanat qəbulediləndir, nəinki prezident, elə xalqımız da bu cür hərəkətləri yüksək qiymətləndirir. Palaza bürün, elnən sürün - atalarımız demişlər. Ancaq burda müəyyən terminoloji yanlış var, çünki siyasi məhbus adını adam özü-özünə götürə bilməz ki, indi də ondan imtina eləsin. Adamın mühakimə olunmasında qanunsuzluqlar baş verirsə, beynəlxalq insan haqları qurumları ona bu adı verirlər. Özünün icazəsi lazım deyil.
Hər halda, sevindirici haldır ki, bizim zindanlar daha bir gəncin özünü tapmasına yardım etdi. Oralar böyük məktəbdir, bəlkə heç BDU və ADPU-da elənçik müəllimlər, ustadlar yoxdur.
Sonda daha bir orijinal xəbəri diqqətinizə çatdırım. Bir-iki ay qabaq bir nəfər Xırdalanda “Karat” adlı obyektdən 1 milyon manata yaxın pul oğurlayıbmış. Sonra 3 nəfər başqa şəxs bunu Bakıda tutub maşına basıblar, özlərini isə polis kimi təqdim ediblər. Aparıblar şəhərdən qırağa, oğurladığı pulun 450 min manatını bundan zorla alıblar. İndi isə polis həm oğrunu, həm də həmin saxta polisləri tutub.
Beyniniz qarışdımı? Hamısı sabitliyə görədir. Bir az da keçəcək kimsə özünü yenidən baş prokurorun kirvəsi kimi təqdim eləyib o saxta polisləri türmədən çıxartmağa çalışacaq... Xarabada saxta ilə düzün yeri bilinirmi ki?
