Medianews.az
İşğalçının meyiti
578 baxış

İşğalçının meyiti

Mətbuata bir gülünc xəbər dürtüşdürüblər, guya müdafiə nazirinin məxfi əmrindən çıxarışdır. Həmin əmrdə Zakir müəllim əsgərlərə deyirmiş ki, harda düşmən erməni əsgəri görsələr vurub öldürsünlər. Sitat: “Erməni əsgərləri anlamalıdır ki, onu da yanında məhv edilən silahdaşının aqibəti gözləyir. O, ya öldürülməli, ya da yaralanaraq birdəfəlik sıradan çıxarılmalıdır. Azərbaycan torpağından öz evinə işğalçının yalnız meyiti geri qayıtmalıdır”. Sitatın və lətifənin sonu.
Mən bunu ona görə lətifə adlandırıram ki, kasıb camaatın uşaqlarının taleyi üzərində belə oyunlar qurmaq gülməlidir. Belə çıxır indiyə qədər düşmən görəndə vurmaq olmazmış?
Eyni zamanda ağlamalıdır. Çünki biz düşmənin necə “məhv edildiyini” indiyə qədər görmüşük. Ən azından o “məhv” 20 ildə 20 qarış torpaq azad edilməsinə səbəb olardı. Olmayıbsa, fırıldaqdan, lotuluqdan başqa bir söhbət deyil. Həm də daxildəki biabırçılıqları ört-basdır eləmək üçün belə düşük təbliğat, piar şoularına əl atırlar. Nədir o biabırçılıqlar?
İbrahim Tatlısəsə oxşayan bu yeni karikatur nazirimizin dəhşət saçan fısqırıq əmri ilə eyni gündə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin monitorinqinin nəticələri dərc edilmişdi.
Həmin monitorinq zamanı aydın olub ki, Azərbaycan silahlı qüvvələri 2014-cü ilin yanvar-may ayları ərzində 38 nəfər itirib, 63 nəfər isə yaralanıb. Ölən 38 əsgərimizin sizcə neçəsi cəbhə xəttində erməni gülləsinin qurbanı olub? Cəmi 8 nəfər! 3 nəfər mina partlayışından ölüb, qalan 27 nəfər isə qeyri-döyüş itkiləridir. Yaralılara gələndə, burda da durum eyni cür faciəvidir: 10 nəfər düşmən gülləsindən, 8 nəfər mina partlayışından yaralanıb, qalan 45 nəfər qeyri-döyüş şəraitində yara və xəsarətlər alıb.
Yenə təkrar yazıram: ilin 5 ayı ərzində döyüşdən qıraqda 27 əsgər itirmişik, 45 yaralımız var. Cəbhə xəttində guya düşmən əsgəri məhv etmək haqda məxfi tapşırıq verən general bunu nəzərdə tutubmu? Bu necə tapşırıqdır ki, hədəf erməni əsgərləridir, ancaq ölənlər faktiki Azərbaycan əsgərləridir?
Əlbəttə, gopa basanda axıra qədər getmək lazımdır, bizim sistemdə isə göz dəyməsin, heç bir axır, ölçü hissi-filan olmur. Bunlar sənə deyərlər ki, nə olsun bizim əsgərlər ölüb, əvəzində ermənilərin də əsgərləri ölür. Guya biz vurub öldürürük. Bizim əsgərlər qeyri-döyüşdə, erməni əsgərləri isə döyüşdə məhv edilir - onların lotu məntiqinə görə belədir. Nəsə etirazınız varmı? Varsa sizi də NİDA Vətəndaş Hərəkatının nahaq əsgər ölümlərinə etiraz edən üzvlərinin yanına - zindana basarıq.
Bu qara-qışqırıqda o da yaddan çıxacaq ki, axı Azərbaycan hakimiyyəti rəsmi şəkildə atəşkəs müqaviləsi imzalayıb, onun müdafiə nazirinin adından belə bəyanatlar, xəbərlər yaymaq “ayı xidmətidir”, sən buna daxili publikaya hesablanan ucuz şou kimi baxsan da düşmən bu cür baxmayacaq. Deyəcəklər ki, atəşkəsi kimin pozduğunu görün, azərbaycanlılar sazişə belə əməl edirlər. Ya bəlkə Zakir müəllim prezidentdən və deputatxana spikerindən xəbərsiz (spikeri ona görə yazıram ki, atəşkəs haqda Bişkək protokolunu o vaxtkı deputatxana şefi Rəsul Quliyev imzalamışdı) atəşkəs müqaviləsini ləğv eləyib?
Nə biləsən... Kooperativ bir dövlətçilik şəraitində yaşayırıq. Kimin ağlına nə yerləşsə eləyir, bizdə idarəçilik zamanı təşəbbüskarlıq yüksək qiymətləndirilir. Necə deyərlər, “Harda gördün erməni, Vur başından gülləni”. Ta güllə niyə cəbhə xəttindən “U” dönüşü eləyib Bəyalı dayının oğlunun başına dəyir - bunu fikirləşmək lazım deyildir.
Bu mövzuda başqa bir xalq yaradıcılığı da vardır: “Hava yaman bürküdür, Ermənilər tülküdür”. 25 ildir oxuyuruq, başımız qarışıb, antimilli və milli tülkülərimiz isə bala-bala cücələri daşıyırlar...

Bizə qoşulun