Medianews.az
İnsanlıq ölməmiş! (Dalandar və səfilin hesabına yaşayır)
553 baxış

İnsanlıq ölməmiş! (Dalandar və səfilin hesabına yaşayır)

samir sari kose 1
Ötən həftənin çoxlu qanqaraldıcı, ürəkparçalayan, cansıxan, beyinqazan, əttökən hadisələri ilə yanaşı, iki dənə də ürəkaçan, ibrətamiz hadisə oldu - biri Türkiyədə, biri Rusiyada.
Bu hadisələr olmasaydı, bəşər əhlinin gələcəyə, öz istiqbalına inamı sarsılacaqdı. Ancaq sırf bu hadisələrə görə hər iki ölkədə, o cümlədən bütün regionda minlərlə qəzetdə, saytda belə-belə başlıqlar verildi: “İnsanlıq ölməmiş!”
Bəs baxaq, görək insanlığı ölməyə qoymayan o insanlar kimdir və nə iş görüblər.
Onlardan biri Türkiyə yaşayan-işləyən dalandardır. 55-60 yaşlı bu adam məhəllədə, dalanda küçə süpürür, zibil yığışdırır. Rusiyadakı isə 45-50 yaşlı bir şəxsdir, amma işsiz-gücsüzdür. Yəni heç dalan da süpürmür, sir-sifətindən səfilə oxşayır.
Dalandar kişi iş günlərinin birində küçədən 1,5 kilo qızıl-zinət əşyaları tapıb və soraqlayaraq sahibinə qaytarıb. Media bundan xəbər tutan kimi olayı ictimailəşdirib. Ağsaqqal bu vicdanlı hərəkətinə görə qızılını itirib-tapanlardan iki qızıl üzük, bələdiyyə sədrindən pul mükafatı, 70 milyon insanın rəğbətini, müvəqqəti ümumölkə populyarlığı qazanıb.
Səfilə oxşayan rus isə tapdığı pul və sənədlərlə dolu çantanı soraqlaşa-soraqlaşa, marşrut dəyişə-dəyişə aparıb sahibinə qaytarıb və xanımın əri nə billah eləyib, ehtiyac içində olduğu üzündən, geyimindən bəlli olan kişi pul götürməyib. Onun şəkli Rusiya mətbuatında çap edilincə adam postsovet məkanında məşhurlaşıb.
Beləliklə, məlum olur ki, “İnsanlıq ölməyib!” kimi pafoslu bir qənaət bir dalandarın və bir işsiz-gücsüz səfilin hesabına yaranıb. Böyük nailiyyətdir. İki insan bəşəriyyətin gələcəyinə inamı bərpa edib, göstəriblər ki, dünyada dürüst insanlar da var. Planetimizdə isə 7 milyarddan artıq insan yaşayır.
Əlbəttə, belə hadisələr vaxtaşırı dünyanın bütün ölkələrində baş verir, hətta axtarsan, bizim ölkəmizdə də bənzər hadisələrə dair faktlar tapmaq olar. Uşaqlar danışır ki, bir dəfə “20 Yanvar” metrostansiyasının yaxınlığında bahalı maşınının yanında duran oğlan qəflətən hündürdən səslənib ki, pulla dolu pulqabı tapıb, kimindir, desin. Ətrafdakı yeddi-səkkiz nəfər sövq-təbii olaraq “mənimkidir” deyib, amma oğlan anons edib ki, kim pulqabının içindəki məbləğin nə qədər olduğunu düzgün desə, pulqabını ona verəcək. Axırda pulqabının gerçək yiyəsi tapılıb.
İndi imtahan üçün yüz insana belə bir sual verək: “Siz küçədən yarım kilo qızıl tapsaydınız, onu sahibinə qaytarardınızmı?”
Əmin ola bilərsiniz, yüzdə doxsanı “qaytarardıq” deyər, yerdə qalanı “niyə qaytarıram, aparıb xərcləyərdim” deyə səmimi cavab verər.
Bəs əslində küçədən tapdığı qızılı nə qədər adam sahibinə qaytarardı?
Bunu dəqiqliyi ilə bilmək üçün məşhur “kamera zarafatı” fəndindən istifadə etmək olar. Bir yerdə gizli kamera quraşdırasan, yarım kilo “qızıl itirəsən”, sonra izləyəsən ki, onu tapanlar nə edəcək: ciblərinə basıb əkiləcəklərmi, yoxsa o tərəf-bu tərəfə boylanaraq qızılın sahibini axtaracaqlar?
Əminliklə demək olar ki, ailə dəyərlərinin puç, gənclərinin pozğun olduğunu iddia etdiyimiz Avropa ölkələrində “itmiş qızıl”ı sahibinə qaytaranlar bizim son illərdə halal-haram məsələsinə böyük önəm verən ölkəmizdən daha çox olacaq. Niyə? Ona görə ki, əslində bizim ölkədə başqasına məxsus malı-pulu, mülkü məngirləmək, zorla əlindən almaq, qanuna salıb qarət etmək, etibardan sui-istifadə edib ələ keçirmək haram sayılmır. Millət buna “qazanmaq” deyir. Qarət və və rüşvət yoluyla toplanılan pul “qazanmaq”dırsa, yerdən tapılan pul, qızıl dünəndən “Allahın qisməti”dir.
Bax, ona görə bir dalandarla bir səfilin vicdanlı, dürüst hərəkəti televiziyalara, qəzetlərə xəbər olur. Çünki bu, hər adamın edəcəyi hərəkət deyil, milyonda bir adamın qol qoya biləcəyi işdir.
Hələ üzə demədiklərinə baxmayın, milyonlarla insan var ki, həmin dalandarla səfilin vicdanlı hərəkətini axmaqlıq sayır.
İş belə olandan sonra necə optimist olaraq “İnsanlıq ölməyib!” demək olar? İnsanlıq onda ölməzdi ki, vəzifəsi, borcu vicdanlı, halal, dürüst olmalı olan milyonlarla məmur da o dalandar və səfil qədər vicdanlı olardılar.

Bizə qoşulun