Medianews.az
Ədalətin qalxması
491 baxış

Ədalətin qalxması

zamin yeni raz
Seçkilərin monitorinqi üzrə respublikamızda damazlıq qalmış axırıncı qurum olan SMDT rəhbərliyi üzərində qisas aksiyası bugünlərdə sona çatmaq üzrədir. Prokuror “Zakir Qaralov” qurumun başçısı Anar Məmmədliyə 9 il, Bəşir Süleymanlı və Elnur Məmmədova isə hər birinə 8 il yarım həbs cəzası istəyibdir.
Tanımasan, elə bilərsən “Girəli” təşkilatı adından yapokratiya qrantlarını milyon-milyon basıb yeyən bu gənclər imiş, Anarın da əsl adı Ceyhundur, iraq olsun. Seçkiləri saxtalaşdıran da bunlar imiş, Anar Məmmədli hansısa Dəymədağıldı kənd orta məktəbinin direktoru və orada yaradılan seçki məntəqəsinin sədri olub qutulara topa bülleten soxubmuş. Bəşir Süleymanlı səsvermə protokolunu məktəbin tualetində dolduran quldur dəstəsinin rəhbəri imiş. Elnur Məmmədov isə Qulbeçə rayon polis şöbəsinin rəisi işləyirmiş, seçki günü məntəqədəki müşahidəçiləri döyüb, tutub aparıbmış.
Yoxsa nə məntiq var? Prokurorun istədiyi cəza hər baxımdan uyğunsuzdur. Misal üçün, SMDT ötənilki prezident seçkilərində 58 faiz saxtakarlıq olduğunu öz hesabatlarında göstərmişdi, sonradan ATƏT və başqa nüfuzlu qurumlar da seçki fırıldağına qiymət verərkən bu rəqəmi əsas götürmüşdülər. Prokurorun SMDT rəhbərliyinə oxuduğu qərarda isə bu rəqəmin əks olunmasına rast gəlmirik.
Gəlin bir daha hesablayaq: Anar bəyə istənilən 9 ilin üstünə Bəşir bəy və Elnur bəyə istənilən 8 il yarımı da gələndə eləyir cəmi 26 il. Bəs 58 necə olsun? Müttəhimlər necə başa düşsünlər ki, bu cəza nəyə görədir, hansı məqsədlə islah edilməli, cəmiyyətimizin isti qoynuna qoyun kimi atılmalı, palaza bürünüb elnən sürünməli, yaltaq, bambılı, yalançı, qorxaq olmalıdırlar?
Düzdür, hələ hakim son qərarı oxumayıb, hazırda bu qərar Prezident Administrasiyasının Məhkəmə Qərarları Sexinin zirzəmisində qayırılır, üzərində son tamamlama işləri gedir. Ona görə də yaxşı olar son qərarda həmin 58 nəzərə alınsın, Anar Məmmədliyə 30 il, Bəşir Süleymanlı və Elnur Məmmədovun hər birinə isə 14 il həbs verilsin ki, cəmdə 58 yaransın.
Yoxsa 26 nə deməkdir? 26 Bakı Komissarı? Boş söhbətdir. Heç Zakir Qaralov özü də bilmir nə oxuyubdur. Qınamıram, hər birimizdə belə hallar olur. Məsələn, bir dəfə qəzetlərdən birində dahi şairimiz Fikrət Qocanın sosial məzmunlu şeiri verilmişdi, xalq çaşıb qalmışdı. Çünki şeirdə belə misra var idi:
Yenə işıqlar sönüb,
Hamilə qadın müftədir.
Sonra məlum olmuşdu şeirin əsli “Yenə işıqlar sönüb, Hamilə qadın liftdədir” şəklindədir.
Ümumiyyətlə, ədliyyə sistemimizdə hər bir addım analoqu olmayan iqtisadi inkişafımızla uyğunlaşmalı, onunla daban-dabana getməlidir, dala qalmaq yaramaz. Əgər fikir versəniz, son vaxtlar məhkəmə sexində qayırılan qərarların hər birində bu artım gözlənilir, sosialist planı artıqlamasıyla yerinə yetirilir. Faktlara baxaq.
Öncə məhkəmə Tofiq Yaqubluya 5 il, ardıyca İlqar Məmmədova 7 il cəza kəsdi. Bundan bir-iki ay keçdi, NİDA-çı gənclərə cəza verməyin vaxtı yetişdi. (Yeri gəlmişkən, indi gilas da yetişib, kim istəsə səbət götürüb bazara getsin). NİDA-çılara İlqar Məmmədovdan az iş verilsə camaat deyərdi hökumət qorxdu. Sonra gəl camaatı küçədən yığışdır... Bu baxımdan, NİDA üzvlərinə 8 il cəza verdilər, ədalət zəfər çaldı, xalq oynadı. Daha sonra Pərviz Həşimliyə də 8 il verdilər, bu isə bir az yerində saymaq oldu.
İndi Anar bəyin seçki bandasına 9 ildən aşağı cəza verilsə hakimiyyət çökəcək. Məncə, ən yaxşısı təklif elədiyim “srok”dur: müvafiq olaraq 30 il və 14 il.
İndi söz bəlaqədar təşkilatlarındır, Allah bəlanızı versin...

Bizə qoşulun