Medianews.az
Köstəbəklər şəhəri
482 baxış

Köstəbəklər şəhəri

zamin yeni raz
Yapokratiyanın vaxtaşırı uca millətimizə satdığı şirniquşlar var, vəziyyət bir az qarışanda dərhal ortaya çıxardırlar. Məsələn, Qarabağ cəbhəsində aranı qarışdırmaqla diqqəti Bakıdakı problemlərdən yayındırırlar.
Ən önəmli şirniquşlar isə elə paytaxt ərazisində uçuşur.
Burda bir haşiyə çıxım. Əslində camaatımız da az aşın duzu, elə-belə yuvanın quşu deyil və müdriklikdə hakimiyyətindən geri qalmır. Milli dəyərlərimizə görə ata öz uşaqlarından üzr istəyib danışmalıdır, o üzdən mən də sizdən üzr istəyirəm, demək, bizim uşaq bir bağçaya gedir, hər axşam tərəfi onu ordan mən götürürəm. Bir qardaş da var, hər gün məhz uşaqların bağçanı tərk elədiyi dəqiqələrdə gəlir kəsdirir qapının ağzını, əlində də naməlum mənşəli şirniquş və şəkərli pambıq kimi şeylər. İndi gəl orda çığırışan uşaqlara və valideynlərə tamaşa elə... Məcbursan alasan, övlad adamı şirniquş qapısına aparar. Yəni bu qardaş da insanları idarə eləməyin şirniquş modelini tam mənimsəyibdir. Ta onu deyə bilmərəm hakimiyyətdən öyrənib, ya hakimiyyət ondan öyrənib.
Paytaxt şirniquşlarından biri tikinti-quruculuq işləri ilə bağlıdır. Məsələn, mən indiyə qədər Nargin adasının turistik zonaya çevriləcəyi haqda azı yetmiş yeddi məqalə oxumuşam, hamısının da içində bərbəzəkli şəkillər-zad olur. Bakının nəcisli buxtasında “Ay bina”sı, Pirallahında Günəş sarayı, nə bilim, Zığı Bayılla birləşdirən körpü  və sairə - həmin əndrəbadi layihələrdən yadıma düşənlər bunlardır. Özü də hamısında şəkilləri elə qəşəng çəkirlər, deyirsən bəs bina hazırdır. Camaat da ağzını ayırıb tamaşa edir, deyir ömrümdən kəsilib hökumətə getsin, gör nə düzəldiblər, bəh-bəh... Heç soruşan da olmur ki, içməli suyu da olmayan, hər daşına 37 il repressiyası qurbanlarının qanı hopmuş Nargin adasında hansı başıxarab gəlib istirahət edəcək. Yaxud Bayıldan Zığa sürətlə getmək kimə lazımdır.
Bugünlərdə yenə həmin şax-şax konfetlərini düzüblər media süfrəsinə, bir neçə yerdə Bakının yeni baş planı haqda cəfəngiyyat oxudum. İki detal xüsusi gülməli idi, sizinlə bölüşmək istərdim.
Birincisi o idi ki, guya yapokratlar “Sovetski” məhəlləsini tamam söküb yerində park salacaqlar, bu park isə tam meşə kimi bir yer olacaq.
Bakıda elə bir meşə-park var idi, çox gözəl də yer idi. Keçmiş Dzerjinski parkı - “Gənclik” metrosunun ətrafı. Hanı o park? Məhv elədilər. Normal məntiq deyir ki, hazır meşəni saxlamaq lazım idi.
İkincisi isə yenə o Zığ-Bayıl söhbətidir. Bu dəfə körpü yaddan çıxıb, indi deyirlər dənizin altından tunel qayıracağıq. Təbii ki, yüz milyonlarla neft pulunun havaya sovurulmasından başqa bir şey deyil və seysmik Bakı buxtasında tunel fantaziyadır. Amma əsas odur camaat gopa qulaq assın, ayrı nə lazımdır?
Söz tuneldən düşmüşkən, burdan üzümü tuturam metronun təzə rəisi “2-ci Tağı” həzrətlərinə, xahiş edirəm “28 May” stansiyasının əsas girişini açsınlar. Orda çıxış açılıb, yanında tam hazır giriş eskalatorunu isə naməlum səbəbdən aylardır işlətmirlər. Nəticədə adam metroya girmək üçün gərək yerin altında siçovul kimi fırlansın. “28 May”ın perronuna çatmaq üçün yalan olmasın, bəlkə Bayıl və Zığın altından dönüb gəlirsən.
Siçovul demişkən, yapokratiyanın bu ehtiyac olmadan yeraltı tunel qayırmaq sevgisinin elmi izahı var. Köstəbəklər Günəşi sevmirlər, o üzdən torpağın altında yaşayırlar. Siçovul və soxulcanlar da həmçinin. Bakını tamam tunellər, yeraltı keçidlər şəhəri etsinlər, uca millətimiz də girib orda yaşasın.
Ancaq siyasətçilər üçün müraciət forması bir az dəyişəcək: “Ey aşağıdakı millətim!” Elə də pis səslənmir, çətini öyrəşənə qədərdir.

Bizə qoşulun