Dünənki yazımda ASAN-xidmətin vacibliyini vurğulamışdım, bundan sonra Gəncədə ASAN-xidmətin cəsur işçiləri bir cinayətkar qadını yaxaladılar. Sən demə, bu qadın Rusiyada vəzifə səhlənkarlığı maddəsi ilə axtarışda imiş, lakin respublikamızda utanmadan asudə dolaşırmış, hətta ola bilsin mədəniyyət və istirahət parklarından, son illər qırmızı lenti kəsilmiş yeraltı keçidlərdən istifadə edirmiş.
Ancaq pis günün ömrü az olar, qadın hansısa sənədini qayırtdırmaq üçün ASAN-xidmətə gəlib, orda əməkdaş baxıb ki, bunun adı axtarışdadır. Dərhal tökülüşüb qadını yerə yıxıblar, əlini-qolunu qandallayıb hüquq-mühafizə orqanlarına təhvil veriblər (Son cümləni nəzəri olaraq yazdım, düzü xəbərdə təhvilvermə prosesi haqda detallar yazılmamışdı. Bəlkə də ifşa edildiyini görən qadın hadisə yerindən qaçmağa cəhd göstərərkən ASAN-xidmətin Gəncə bürosunun rəhbəri arxadan tullanıb, bunun topuğundan tutub, deyib hara gedirsən, ay qız, bu gözəllik sənə də qalmaz və sairə...).
İndi mən burdan üzümü tuturam elə həmin hüquq-mühafizə orqanlarına və qəti etirazla deyirəm: bəs siz indiyə qədər hara baxırdınız? Nə üçün bu cinayətkarı, qatili, qulduru, ABŞ MKİ-nin, Britaniya məxfi xidmətlərinin, İsrail “Mossad”ının dünya terrorçuları siyahısında birinci yerdə adı gedən şəxsi ASAN-xidmət tutmalıdır? Polis işini çox yarıtmaz yerinə yetirir, bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə camaatın cibinə nəşə atıb tutmaq kimi istintaq tədbirləri də ASAN-xidmətə tapşırılmalıdır. Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!
Qarabağ demişkən, uca millətimizə bir gözaydınlığı da verək: Şuşa və Laçın işğal ediləndə həmin ərazidə döyüşçülərimizin komandiri olmuş general Elbrus Orucov (deyəsən general rütbəsini elə bu şücaətinə görə sonralar aldı, həmin vaxt polkovnik idi) bu günlərdə Müdafiə Nazirliyi əməliyyat idarəsinə rəis qoyulmuşdur. Yaxşı olar ki, Şuşanı o tərəfdən almış erməni generalı Arkadi Ter-Tadevosyanı da respublikamıza dəvət edək, Müdafiə Nazirliyində məsul vəzifələrdən birini tapşıraq. Yoxsa balans pozulur, vətənpərvərlik tərəzisinin gözü əyilir.
Həyat ağ və qara rənglərdən ibarət deyil, uğurlarımızı görməliyik. Məsələn, bu yaxınlarda Masazır qəsəbəsi tərəfdə Standartlaşdırma Komitəsi maraqlı bir fakt aşkarlamışdı. Anar Rəsulov və Füzuli Hacıyev adlı iki şəxs evdə toyuqkəsmə sexi qayırıb uca millətimizi aldatmaqla məşğul imişlər. Ağlagəlməz bir üsulla: broyler toyuqlarını sarımtıl rənglə boyayıb “kənd toyuğu” adıyla sırıyırmışlar!
Şəxsən mən yumurtanı palçığa bulayıb kənd yumurtası, əhəngi ayran, 80 yaşlı Hindistan camışını quzu əti, saxta seçkiləri demokratiyada irəliyə bir addım adıyla satanlar görmüşdüm, ancaq bu toyuq rəssamlığına ilk dəfə rast gəlirdim. Çox bəyəndim, xalqımızın istedadına şükür elədim. Heç erməni köpəyoğlunun ağlına belə şey gələrdimi?
Yeri gəlmişkən, bu yaradıcı şəxslərin adlarına da diqqət eləməliyik. Fikir verin, Anar Rəsulov. Yüz faiz bunun valideynləri AYB sədri Anar Rəsul oğlunun əsərlərini sevən insanlar olmuşdur. İkinci toyuq rəssamı Füzuli müəllim isə dahi şairimiz Məhəmməd Füzulinin adını yaşadır, öz əməlləri ilə qəlbimizi sevindirir.
Yazını da elə böyük şairin bu toyuq rəssamlığımız haqda uzaqgörən qəzəli ilə bitirirəm:
“Rəngi-ruyindən dəm urmuş sağəri-səhbayə bax!
Afitab ilə qılır dəva, tutulmuş ayə bax!
Şəm başından çıxarmış dud şövqi-kakilin,
Böylə kutah ömr ilə başındakı sövdayə bax!
Ey səlamət əhli, ol rüxsarə baxma zinhar!
Etiraz eylə məlamətdən, məni - rüsvayə bax!
Bildi eşqində nəmədpuş olduğum ayinə vəş,
Rəhm edib bir gəz mənə baxmaz, bu istiğnayə bax!
Sinəmi çak eylə, gör dil iztirabın eşqdən,
Rovzən aç, hərdəm həvadən movc uran dəryayə bax.
Ey deyən kim, şəmi-iqbalın nə üzdən tirədir?
Sayə salmış ayə ol geysuyi-ənbərsayə bax.
Ey Füzuli, hər necə mən eyləsə naseh səni,
Baxma onun qövlinə, bir surəti-zibayə bax".
