Medianews.az
Axırıncı problem
555 baxış

Axırıncı problem

zamin yeni raz
Rusiyada PEN-klub Putinin Ukrayna siyasətini kəskin tənqid edən bəyanat yayıb, hakimiyyəti faşizm təbliğindən əl çəkməyə, senzuranı dayandırmağa çağırıb. PEN-klub yazıçıları birləşdirən qurumdur, həmişə olduğu kimi indi də adamın ağlına gələn ilk sual bu cürdür: “O əjdahadan bizdə niyə yoxdur?”
Ancaq yanlış sualdır. Birincisi, bizdə o əjdahadan var, sədri də qabaqlar Maqsud İbrahimqulov adında yazıçı idi. Yapokratiya yaltaqlarından biri, bu fəaliyyətinə görə Salman bəy demişkən, “diputat” mandatı almış bu tip nəinki söz azadlığını müdafiə edərdi, əksinə, mənim yadımda jurnalist Elmar Hüseynovun qətlindən sonra mərhum haqda yazdığı iyrənc kitabçaya görə qalıb. Təsəvvür edin, bu tip o qədər həyasız idi ki, həmin kitabçanı abır eləmədən aparıb deputatxanada yoldaşlarına da paylamışdı.
Hazırda PEN-klubun sədri Çingiz Abdullayev olmalıdır və biz ən azı Maqsud səviyyəsinə enmədiyi üçün bəlkə də Çingiz bəyə minnətdar olmalıyıq. Endi-endi da bə, əlimizdən nə gələcəkdi? Sonra ip də sallasan çıxartmaq olmur.
O cümlədən Çingiz bəy cəmiyyətdəki, dövlətdəki problemləri ezop dilində olsa da, hərdən tənqid eləməyi bacarır. Elə bu yaxında demişdi ki, son 5 ildə Azərbaycanda ləyaqətsizlik, vicdansızlıq, əxlaqsızlıq baş alıb gedir, hətta camaat küçələrə çıxa bilmir, təhsil üzümüzün qarasıdır, səhiyyə sistemi batıb, orduda əsgər mayoru güllə ilə vurub, NİDA Vətəndaş Hərəkatının üzvlərini və jurnalist Pərviz Həşimlini isə nahaq yerə zindana salıblar.
Bundan sonra Çingiz bəydən bir soraq yoxdur, AYB sədri Anar öz müavinini tapmaq üçün xaricdən detektivlər çağırmışdır, görək axırı nə olur. Bircə yazıçını bulvarda dənizə atmasınlar. Ya da Sumqayıt Peçenye Zavodunda xəmirə qatmasınlar. Sovet dövründə Gəncə Konfet Fabrikində (o vaxt Kirovabad idi) bir nəfər konfet qazanına yıxılıb konfetə qarışmışdı, belə şeylər olur. O cümlədən, İtaliya mafiyasının sevimli üsullarından biri belədir: orda mafiya xoşuna gəlməyən yazıçını betona qarışdırıb divara hörür. Ancaq bizdə “Alov qüllələri” və “Kristal-Holl” şadlıq sarayı tikilib qurtarmışdır, bu baxımdan ümid edək hörmətli yazıçımız tikinti-quruculuq işlərinə sərf edilməmişdir. Ya rəb, hər kəsin gedəni qayıtsın, gözü yolda qalan olmasın, ilahi, amin!
Ümumiyyətlə respublikamızdakı vəziyyəti götürsək, bizim yazıçıların narahat olmasına heç bir əsas yoxdur. Hətta keçən il Cəmil Həsənli prezident olsaydı yenə Anar AYB sədri qoyulacaqdı, çünki Cəmil müəllim onun köhnə dostudur, kitablarına ön söz yazmışdır. Ola bilsin Çingiz Abdullayevi daha tez tapardıq.
Bizdə Rusiya-Ukrayna münasibətləri kimi narahatlıq doğuran heç zad yoxdur, şairə və yazıçılarımız isə asudə şəkildə peyinli parklarda dolaşırlar, güldən, bülbüldən, eşşək qanqalı ilə bağayarpağının ilahi məhəbbətindən poemalar qayırırlar. Düzdür, arada gülün qaynı bülbülü tutub bıçaqlayır, nəticədə kriminal presedentlər yaranır, ancaq bu xırda məişət pozğunluqları yazıçılarımızın diqqətini cəlb edəcək səviyyədə deyildir. Maşallah, hamının otu, yemi var. Özü də ağzı yekə olana yonca bağlaması, ağzı balaca olana da təzə subalp çəmənliyi otu şələ ilə verilir, heç bir məxluq ac qalmır.
Əlbəttə, yüngülvari problemlər də hərdən ortaya çıxır, ancaq onları dərhal ASAN xidmət əməkdaşları tutub həll eləyirlər. Tordan yayınan lap kiçik problemləri isə baş nazirin müavini Əli Həsənov tutur. Məsələn, Əli müəllim təzəlikcə Laçın icra hakimiyyətində rayonun verilməsinin 30 illiyi münasibəti ilə keçirilən təntənəli şadlıq mərasimində iştirak edirmiş. Bir də baxıb keçmiş icra başçısı yoxdur, çörək boğazında qalıb, “hııı” deyə çeçəyibdir. Bundan sonra Əli bəy (qəsdən bəy yazıram işdən çıxartsınlar) deyib ki, belə olmaz, tədbirlərə keçmiş işçiləri də çağırmalıyıq.
Ola bilsin 28 may Respublika Günü tədbirinə Əbdürrəhman Vəzirovla Ayaz Niyazoviçi də dəvət eləsinlər. Əli bəy, çox sağ olun.

Bizə qoşulun