Medianews.az
Kapitulyasiyaya döndərilən atəşkəs
474 baxış

Kapitulyasiyaya döndərilən atəşkəs

xalid kazimli kose 1
20 il, 240 ay, 7300 gün (366 günlük “uzun illər”i də nəzərə alsaq, 7305). Bu, 1994-cü ilin mayında Ermənistanla Azərbaycanın arasında gedən hərbi əməliyyatların sazişlə dayandırılmasından keçən zamanın göstəriciləridir.
Bu rəqəmləri daha da xırdalamaq, atəşkəs sazişinin ömrünü saat, dəqiqə, saniyələrlə də hesablamaq olar.
Çünki son 20 ildə balaları ön cəbhədə xidmət keçən valideynlər o dövrün hər saniyəsini səksəkə işində yaşayıblar - “birdən atəşkəs sazişi pozular” deyə...
Atəşkəs sazişi isə bu 7300 gündə ən azı 70 min dəfə pozulub. Çox nadir günlər olub ki, təmas xəttində gerçəkdən də atəş səsi kəsilmiş, atəş açılmamış olsun.
Əvəzində iri və yüngül çaplı silahların səhərdən axşama qədər susmadığı günlər saya-hesaba gəlməz.
Atəşkəs rejiminə riayət edilsəydi, bu illərdə təkcə biz tərəfdən 6 yüzdən artıq əsgər və dinc əhali (təmas xəttinin yaxınlığında yaşayanlar) həlak olardımı? Olmazdı.
Bu atəşkəs sazişinin Ermənistan və Azərbaycan arasında gedən müharibəyə yalnız o faydası olub ki, tanklar “sərhədi” aşmayıb, yaşayış məntəqələri əldən-ələ keçməyib, hücum və müdafiə əməliyyatları lokal xarakterli olub.
Yoxsa ki, atəşkəs rejiminə tam-tamına riayət edilsin, sülhə yaxınlaşma olsun, düşmənçilik səngisin, konfliktin danışıqlar yolu ilə tənzimlənməsinə ümid və zəmin yaransın - belə şey olmayıb. Əsla olmayıb. Heç gözlənilmir də.
20 il öncə Qırğızıstanın paytaxtı Bişkekdə hər iki ölkənin parlament sədrləri (və formal olaraq Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının rəhbərləri) arasında imzalanan atəşkəs sazişi əslində müharibənin dayandırılması aktı deyildi, yaraların sarılması, tərəflərin özünə gəlməsi üçün götürülən taym-aut idi.
Ancaq dünyanı idarə edən super dövlətlər (əsasən də ABŞ, Rusiya, Fransa) sonradan bu sazişi Azərbaycanın kapitulyasiya aktına çevirməyə sonsuz cəhdlər etdilər və edirlər.
Son 20 ildə ATƏT həmsədrlərinin (onların sayı ümumilikdə 20-yə çatmış olar) verdikləri bəyanatların məzmununa baxsaq bir ümumi fikrin leytmotiv təşkil etdiyini görərik. Onların hamısı bir şey deyir: “Hərbi əməliyyatların yenidən başlanması yolverilməzdir”.
Bəli, hərbi əməliyyatların başlanması da yolverilməzdir, vaxtaşırı atəşkəsin pozulması da yolverilməzdir, dövlətlərin ərazi bütövlüyünün tapdanması da yolverilməzdir.
Ancaq bütün bu “yolverilməzlik”lər, həmsədrlərin gəliş-gedişləri, sammitlər problemi həll etmir.
Bu 20 illik atəşkəs dönəmində çeynənilməkdən çürüyən laflar, saysız-hesabsız bəyanat və açıqlamalar Qarabağ münaqişəsini yalnız çıxılmaza soxub.
İndi deyirlər, əslində tarixə “Bişkek protokolu” adıyla düşən atəşkəs sazişinin ömrü 20 il imiş. Belə çıxır ki, artıq atəşkəsin ömrü bitir, yeni saziş bağlanmayınca, hərbi əməliyyatları bərpa etmək olar.
Bu, bir illüziyadır. Gerçək budur ki, bu 20 ildə Azərbaycan ordusunun qarşısını kəsən başlıca maneə heç də hansısa saziş və ya öhdəlik deyildi. Heç digər super dövlətlərin iradəsi də Azərbaycan üçün çəkindirici rol oynamayıb.
Yalnız Rusiya... Bu 20 il ərzində min dəfələrlə pozulmuş, artıq pozuq-pozuq olmuş atəşkəs rejimini qüvvədə saxlayan, tərəflərə vaxtaşırı “farağat” komandası verən yeganə dövlət Rusiyadır.
Rusiyanın təsirli iradəsi olmasa, nə Ermənistan indiyəcən Qarabağ torpaqlarında tank oynada, hərbi təlim keçə bilərdi, nə də Azərbaycan öz torpaqlarının 22 ildən bəri düşmən tapdağında qalmasına təhəmmül edərdi.
Atəşkəs illərində böyük dövlətlərin Qarabağ məsələsinə yanaşması bir faktı bütün çılpaqlığı ilə üzə çıxarıb. Bunun adı tərəfkeşlik və ayrı-seçkilikdir.
Əgər eyni oyunu Azərbaycan Ermənistanın başına gətirmiş, onun ərazisinin 20 faizini, həm də lap daşdan keçən bir səbəb-bəhanəylə işğal etmiş olsaydı, böyük dövlətlər bu işi belə qoymazdılar. Məsələni nəinki 20 il, heç 20 ay da uzatmazdılar. Yığışıb qətnamə qəbul edərdilər ki, Azərbaycan Ermənistanın ərazisini boşaltmalıdır. Və Azərbaycan bunu etməyə məcbur olardı. Müqavimət göstərsə, məcbur edərdilər.
Ancaq göründüyü kimi, böyük dövlətlər Ermənistana bunu etmir, uzun-uzadı və mənasız cümləpərdazlıqlar edərək vaxtı uzadırlar.
Daha keçib, 20 ildən sonra, 2034-də bu məsələyə yenidən qayıdarıq. Əgər o vaxt Yer planeti vəd olunan asteroidlə toqquşmadan yayına bilsə...

Bizə qoşulun