Medianews.az
Peyin bir qədər çoxdur
626 baxış

Peyin bir qədər çoxdur

zamin yeni raz   Əlbəttə, Gül bayramı keçirtmək çox yaxşı haldır, arzu edək bu bayramdan ildə 12 dəfə olsun, xalqımız bulvarda dombalaq aşsın, yeyib-içib əylənsin.
Əylənmək demişkən, “Gənclik” metrosunun üstündə qabaqlar sərin bir park var idi, indi yapokratlar oranı hasarlayıb restoran eləyiblər. İdbar bir yerdir, içəri girirsən, dərhal ratsiyalı-filanlı mühafizəçilər adamın üstünə tökülüşür, deyirlər bura ailəvi istirahət mərkəzidir. Bir dostumuz  demişkən, Azərbaycanda ailəvi-istirahət mərkəzinin heç bir praktik mənası yoxdur, bu ad sadəcə onu nəzərdə tutur ki, içəridə söyüş söyülmür. Gerçəkdən, həmin restoranda da uşaqların əylənməsi, istirahəti üçün heç bir yer görünmürdü. Uca millətimizin onillər boyu istirahət elədiyi həmin məkanı - “Gənclik” metrosunun Atatürk prospektinə çıxış hissəsini qapazlayıb restorana çevirdikləri üçün yapokratlara “heç sağ olmayasınız” deyə xoş arzularımı yetirirəm, arzu edirəm ki, metronun içini də çəpərləyib restoran edəsiniz və azərbaycanlılar “28 may” stansiyasından “Nərimanov” stansiyasına hoppanıb keçsinlər. Onlara bu da azdır.
Gör hardan-hara gəldik çıxdıq... Halbuki, mən Gül bayramı haqda qısa bir iradımı bildirmək istəyirdim. O irad da elə metro ilə bağlıdır. Hakimiyyətdən xahiş edərdim Gül bayramı ilə yanaşı camaatın evinə vaxtlı-vaxtında su da versinlər, sevgili millətimiz çimişə bilsin, yoxsa Ekvadordan, Hollandiyadan, Qrenlandiyadan və Finlandiyadan (qafiyə üçün yazdım) gətirilən gülləri iyləyəndən sonra bu isti havalarda bir-birlərini iyləyərkən heç də xoşhal olmur, dövlətçiliyimiz haqda mənfi təəssüratlar yaranır. Bu hal xüsusən metroda hiss olunur, “Evrovizion” təmsilçiliyimizə yaraşmır.
İylərdən söz düşmüşkən, hökumətin park siyasətində ciddi bir qüsur aradan qalxmalıdır. Bildiyiniz kimi, xalqımız istirahət parklarında yaşayır, gecə-gündüz orada dincəlir, parkda evlənir, məktəbə gedir, uşaq doğurlar, AXC-Müsavat vaxtında isə park yox idi. Ancaq şəxsən mən bəzi parklara (məsələn, Biləcəridəki Dəmiryolçuların istirahət parkına) əleyhqazla girməyə məcburam, çünki rəhbərlik tərəfindən ordakı qazona həddindən artıq gübrə verilir. Sözün əsl mənasında parkı ...-batırırlar. Özü də inək peyini yox, at-eşşək peyini verirlər, nəticədə il boyu parkdan çox pis qoxu gəlir, iydən baş çatlayır. Doğrudur, adam belə parkda özünü padşah Avninin tövləsindəki Herakl kimi hiss edir, ancaq peyin çoxdur, su isə yoxdur. Xaləddin müəllimdən (Binəqədi icra raykom katibi) xahiş edərdim bu peyin işinə bir əncam çəksin, Binəqədinin küçələrinə də peyin döşənsin ki, tamam boğulub ölək.
Yazını isə aktual “Evrovizion” mövzusunda gözəl bir poeziya örnəyi ilə bitirmək istərdim. Azərbaycan bu yarışmada axırdan birinci yeri tutandan sonra Amerikada yaşayan Aşıq Emin İbadov bunu Tanzaniyada el sənətimizi yaşadan Aşıq Elnur İsmayılova həsr etmişdir. Aşıq məğlubiyyətdən çox sarsılmışdır, şeirdən aydın hiss olunur:
Yadıma Düşdü
Bir şənbə axşamı, ekran başında,
Manısın zil səsi yadıma düşdü.
Bir vaxt Bakımın da Yevravijını
Keçirə bilməsi yadıma düşdü.
Avropa mələyir hər gün ajınnan,
Onlar nə anlayar Yevravijınnan?
Yeznənin sallanıf kəndir ujunnan
Səhnəyə gəlməsi yadıma düşdü.
Əgər bir gün düşsə Bakıya yolun,
Gör necə dəyişib həm sağın-solun,
Yevravijına görə məzlumun, qulun
Ac-susuz ölməsi yadıma düşdü.
Kristal-Hol uçün, bax, sənin canın
Evləri söküldü sahil-yanının
Evi sökülənin o fəqanının
Qəlbimi dəlməsi yadıma düşdü".
Həmişə toyda-bayramda, yemək-içməkdə olasınız.

Bizə qoşulun