Medianews.az
Əlli dollarlıq müstəntiqlər
624 baxış

Əlli dollarlıq müstəntiqlər

zamin yeni raz
NİDA Vətəndaş Hərəkatının üzvlərinə qanunsuz hökmün kəsilməsini qəzetimizdəki başqa yazılardan oxuyacaqsınız. Mən dünən o prosesdə iştirak üçün getmişdim, amma məhkəmə salonuna keçə bilmədim - çoxlu adam gəlmişdi, otaq isə darısqal idi. Bu zaman məlum oldu başqa salonda dostumuz, seçki və vicdan məhbusu Anar Məmmədlinin məhkəməsi gedir. Birtəhər ora keçə bildim, bu zaman vəkil Yalçın İmanovu gördüm. Yalçın bəy başqa siyasi məhbusların vəkilidir, yanlış olaraq Anar Məmmədlinin məhkəməsinə girmişdi. Ona yarızarafat dedim ki, elə burda oturub Anar bəyi müdafiə eləsin, nə fərqi var, onsuz bütün sifarişli məhkəmələr bir-birinə bənzəyir.
Məhkəmə başlayanda isə söhbətimizin necə uzaqgörən olduğu ortaya çıxdı. Vəkil Elçin Sadıqov prosesdə 2 nəfərin vəkilidir, hakimə ümumi 1 vəkillik orderi təqdim eləmişdi. Hakim isə bunu qəbul eləmək istəmirdi, deyirdi hər ittiham edilən şəxsə aid ayrı order gətirsin. Bu zaman Elçin bəy dedi ki, nə fərqi var, ikisi də eyni işə görə suçlanır.
Prosesi aparan hakimin yerli-yersiz hər kəsin üstünə qışqırması, özünü prokuror kimi aparması açıq diqqət çəkirdi. Bəlkə elə bu səbəbdən biz 3 saata yaxın vaxt ərzində yazıq prokurorun səsini 2-3 dəfə eşitdik, ya eşitmədik... Onun səlahiyyətlərini hakim tam mənimsəmişdi. Buna görə hakimə təzə, bahalı maşın, yaxud villa hədiyyə eləmək olar. Jurnalist olaraq mən gördüyüm bu əzmkarlıq faktını hökumətə çatdırmağı vəzifə borcu sayıram. Necə deyərlər, “Ramiz, eşidirsən məni?”
Məhkəmə salonu Bakı Ağır Cinayətlər Məhkəməsinin bütün başqa otaqları kimi olduqca darısqal, basırıq idi. Təsəvvür edin ki, bu basırıq üzündən penisentiar xidmətin əsgəri vəkil İradə Cavadova ilə Anar Məmmədlinin arasında oturmuşdu, çox gülməli durum idi, nə yaxşı hakim heç olmazsa bu əcaib durumu aradan qaldırdı.
Prosesdə 10-dan çox “zərərçəkmiş” dindirildi. Bunu niyə dırnaq arasında yazıram, mənası var. Dünənə qədər Anar Məmmədlinin işi üzrə bir neçə iclas olmuşdu, həmkarlarımın reportajlarından belə anlaşılırdı ki, repressiya prokurorları istintaqda yalandan düzüb-qoşublar, insanları saxta şəkildə “zərərçəkmiş” elan ediblər. Düzü, bu qədərinə hətta mən də inanmırdım, ürəyimdə fikirləşirdim bəlkə həmkarlarım bir az şişirdir, hansısa zərərçəkənlər var. Dünənki məhkəmə prokurorluq sisteminə qalan sonuncu inamımı da məhv elədi. 10-dan çox insan ifadə verdi, hamısı da qəti şəkildə etirazını bildirdi ki, müstəntiqlər onları yalandan zərərçəkmiş kimi işə daxil ediblər. Sən demə, ifadəni şahid adıyla alırmışlar. Bu səbəbdən proses bir növ konveyer üsuluna keçməyə məcbur olmuşdu. Hakim adamın adını elan edirdi, adam tribunaya çıxıb heç bir zərər görmədiyini, şikayətçi olmadığını deyirdi, bundan sonra vəkillər “xala xətrin qalmasın” tipli sual verirdilər, hakim adamdan “bir daha bura gəlmək istəmirəm” kağızı alıb buraxırdı.
Məsələn, Elmar Cabbarov adlı “zərərçəkmişin” dindirilməsi absurdun zirvəsi idi. Bu dialoqa Bekket həsəd apara bilərdi:
“Hakim: Buyurun, ifadə verin.
Cabbarov: Özümü zərərçəkmiş saymıram. Nə ifadə verim? 
Hakim: Olanları danışın. 
Cabbarov: Hansı olanları? Məni yalandan zərərçəkmiş adıyla işə daxil ediblər, mən isə heç bir zərər çəkməmişəm.
Hakim: Davam edin.
Cabbarov: Nəyə davam edim?"
İstintaqın 2 “zərərçəkmişi” isə prokurorluğun tam deqradasiyasından xəbər verirdi. Onlar taksi sürücüləri idilər, rayonlarda SMDT-nin nümayəndələrini daşıyıblar və buna görə... 50 manat xidmət haqqı alıblar. İndi prokurorluq bu sadə, fağır insanları yollara salıb ki, nə üçün o 50 manatı alanda qol çəkməmisiniz. Nəvələrinə bir gündə 5 milyard bağışlayanlar 50 dollara görə azərbaycanlılara işgəncə verirlər.
 

Bizə qoşulun