Medianews.az
Akademiyanın təzə kitabxanası
597 baxış

Akademiyanın təzə kitabxanası

zamin yeni raz
Kitab oxuyanların hamısını tutub zindana salırlar, o yanda da guya kitabxana açırlar. Dövlət başçısının dünən Azərbaycan Milli Elmlər Akademiyasının yeni kitabxanasının lentini kəsməsi bu baxımdan ironik hadisə idi. Dövlət rəhbərinə kitabxananın ilk oxucu biletinin verilməsi isə müəyyən qədər təhlükəli hadisə idi, “bununla nə demək istəyirsiniz” sualını verib akademiyanın prezidenti Akif Əlizadəni tutmaq da mümkündür. Repressiya bir az da artsın, onsuz tutacaqlar. Qara plaşlı NKVD zəhmətkeşləri hər kəsin qapısını döyəcək, narahat olmayın. Əjdaha hər gün yemək istəyir.
Orada çoxlu gülməli məlumatlar da verildi, məsələn, dedilər ki, burada 14 zal quraşdırılmışdır, eyni vaxtda 1000 nəfər oturub kitab oxuya biləcəkdir. Ancaq hansı kitabları? Mələyin uçuş sürətini hesablayan alimimizin əsərinimi? Yoxsa dolmanın Azərbaycan mətbəxinə aid olduğunu isbat edən professorun kitabını? Elə dünən, isti-isti mən bir cəfəngiyyat oxudum, hansısa pipiyi təzə çıxmış tarixçi alimimiz kitab yazıb, orada Babəki... müsəlman elan etmişdir. Niyə də olmasın? Babəkin bizim şeyxdən nəyi kəmdir? Şeyx Çexiyada pivə zavodu açırsa, Babək niyə oruc tutub, namaz qılmasın?
Adlarını “alim” qoyublar, ancaq bir sürü qorxaqdan başqa heç nə deyillər. Hakimiyyətin verdiyi beş-on manat süfrə artığına görə hamısı susub oturublar. AMEA-nın siyasi repressiyalar cəhənnəmə, ölkədə adi ağac qırılmasına və ya hansısa dananın nahaq kəsilməsinə etiraz etməyə belə cürəti qalmayıb. Alim həqiqətin tərəfində deyilsə, apar tulla. Ona görə də heç nə kəşf edə bilmirlər, ixtira edə bilmirlər. Qorxaq adam nə kəşf edə bilər? Alim tarix boyunca “cəsur” sözünün sinonimi olub, çünki köhnəliyi, stereotipləri, şablonları qırmadan elm irəli getməz. Bizdə isə robotlar şadlıq sarayına bənzər elmi institutlarda əyləşib hakimiyyətin pultundan gələn siqnalı gözləyirlər. O siqnal olmasa, hətta kolbaya natrium-xlor məhlulu da tökməyə cəsarətləri çatmaz.
Ən son yadımızda Eldar Salayevin etirazları qalıb. Onu da zindana saldılar. Son illər Rafiq Əliyev fəal idi, o da qəribə şəkildə ötənilki prezident seçkiləri vaxtı kənara çəkildi, Cəmil Həsənlini faktiki tək qoydular. Balıqhafizlər Cəmil Həsənlinin üstünə qısqırdılanda yüzlərlə saxta tarixçi alim heç qımıldanmadı da. Əksinə, alim həmkarlarını söydülər. Gözünün qabağında insanlar repressiya edilir, məhv edilirsə və susursansa, sənin qədim dövrlərdə padşahların bəd əməlləri haqda araşdırmaların kimə lazımdır?
Dəb düşüb, cürbəcür nano zərrəciklərdən, kvant fizikasından-filandan dəm vuran alimciklərimiz də var. Dünyadan geri qalmayaq gərək, təzə nə paltar çıxsa geyinməliyik, ənlik-kirşan bazarı diqqətimizdə olmalıdır, alimlərimiz eybəcər sifətlərinə yaxmalar vurmalıdır. Ancaq sən burnunun ucunda əzilən tələbəni, saxta dərsliyi, yaltaqlığın xirtdəyə çıxdığını görmürsənsə, mikroskopik nano zərrəciklərdən nə çıxardacaqsan? Bəlkə “Ümummilli lideri sevən kvazizərrəciklər və neytrinolar” mövzusunda monoqrafiya...
Tutaq ki, Kibernetika İnstitutunun adını dəyişib İdarəetmə Sistemləri İnstitutu qoymusunuz - nə dəyişib? Bəlkə dövləti idarə etmək üçün yeni sistemlər hazırlayıb polis idarəsinə verəcəksiniz? Amma son dəyişikliklər zamanı Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından sosiologiyanın çıxardılması çox yaxşı oldu. Bəlkə AMEA tarixində yeganə düzgün qərar idi.
Cəmiyyət məhv edilən ərazidə nə sosiologiya?..

Bizə qoşulun